İlham Əliyev və xanımı açılışda - fotolar

İlham Əliyev və xanımı açılışda -  fotolar
2961 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Su İdmanı Sarayının açılışı olub.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar.

Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.

Sonra İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib.

Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Sarayda inşaat işlərinin gedişi ilə bir neçə dəfə tanış olan, tikintinin keyfiyyətlə aparılmasını diqqət mərkəzində saxlayan Prezident tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bu nəhəng idman qurğusunun arxitekturası müasir üslubu və gözəlliyi ilə seçilir, şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Birinci Avropa Oyunlarına az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir.

Mənbə: AzərTac