Elnur: “Ebru Gündeşdən xahiş edəcəm ki…”

Elnur: “Ebru Gündeşdən xahiş edəcəm ki…”
12439 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il 60-cı “Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Elnur Hüseynov “Hürriyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, “O səs Türkiyə” birincisi olan müğənni müsabiqədən və gələcək planlarından danışıb.

- “O səs Türkiyə”də birinci olduqdan dərhal sonra “Eurovision”da Azərbaycanı təmsil etmək üçün sənə təklif gəldi. Nə hiss etdin?

- Doğrudan, hər şey çox sürətlə baş verdi. Bir yarışmadan təzə çıxmışdım və başqa bir yeni müsabiqəyə qatılmağım istənilirdi. Hər iki layihə elə də kiçik iş deyil. Bu səbəbdən, çox həyəcanlandım.

- 2008-ci ildə də ölkəni təmsil etmişdin və 8-ci olmuşdun. Səncə, Türkiyədəki uğuruna görə “Elnur bir də bizi təmsil etsin” dedilər?

- Bəlkə də. “O səs Türkiyə”dəki performansım və aldığım dərəcədən təsirlənmiş ola bilərlər.

- Rusiyadakı “The Voice”un yerinə “O səs Türkiyə”ni niyə seçdin?

- Amsterdamda oxuyanda dostlarım mənim adımdan Rusiyadakı müsabiqəyə video göndəriblər. Amma orada yarışmaq istəmirdim.

- Problem rus dili idi? - Xeyr, dili bilirəm. Əlbəttə ki, rusca da mahnı oxumağı bacarıram. Türkiyəni daha çox istədim. Türkiyə bizim qanımızdır, iki dövlət bir millətik.

- Rusiyada qalib gəlməyin də karyeran baxımından yaxşı olmazdı?

- Bəlkə də. Amma ən əsası, insanlarla aranızdakı hissdir. Mənə də Türkiyə doğma gəldi.

- Bu hiss qarşılıqsız deyil. Türk xalqının da gözü, qulağı səndədir. Küçədəki vətəndaşa mikrofonu uzadanda elə bil bizi təmsil edirmişsən kimi “Elnur, qalib gəl” deyirlər. Bu qədər diqqət səni bezdirmir ki?

- Əksinə, qürur duyuram. Promo turda olarkən Stokholmda bir marketə girdim. Aldıqlarımın pulunu vermək istəyəndə “Elnur, necəsən? Səndən heç pul götürərik?” dedilər. Çox duyğulandım. Hər şeydən, əvvəl heç bir yerdə tək olmadığımı hiss edirəm.

- Səsvermə ilə bağlı nə düşünürsən? “Hour of the Wolf” mahnın xaricdə yaşayan türklərin xoşuna gələcək?

- Mahnımı bəyənən, mənim qalib gəlməyimi istəyənlər səs verəcəklər. Amma mən xüsusi olaraq kimdənsə səs istəyə bilmərəm. Mənim üçün daha önəmlisi tamaşaçıların işimi sevib bəyənmələridir. Səhnədə o hissi yaşatmaq, “nə qəşəng oxudu” dedirtmək bəsimdir. Ümid edirəm, bunu bacaracam.

- “Eurovision” hər hansı bir konsert deyil, böyük müsabiqədir. Gecələr yata bilirsən?

- Hərdən olur, yata bilmirəm. Gərgin qrafikdən başım şişib. Bir az da sakit vaxt keçirmək istəyirəm. Amma bir də gördün qalib oldum. Nəticələr elan ediləndə səhnədə özümdən gedə bilərəm.

- Səni bu qədər yoran nədir?

- Promo tura çıxdıq, ölkə-ölkə gəzdik, bir çox insanla tanış olub danışdıq. Bu müddət ərzində tək qalmaq mümkün deyildi. Bu, məni çox yordu. Amma bu yolu, hər necə olsa da, keçməliyəm.

- Qalib gəlsən nə olacaq?

- Bütün xəyallarımı, istəklərimi həyata keçirəcəm.

- Yarışmadan sonra İstanbula gəlib albom çıxaracağını eşitdim...

- Düzdür. Özü də bir yox, iki dənə. Biri Avropada yayımlanması üçün xarici mahnılardan, digəri türk bəstələrindən ibarət olacaq.

- Türkcə necə danışırsan?

- Getdikcə yaxşılaşır. Bir il əvvəl türk dilini bilmirdim. Türkcəni “Möhtəşəm yüz il” serialı ilə öyrəndim.

- Neçə dil bilirsən?

- Azərbaycan, türk, ingilis, rus, bir az da polyak. Türk xalq mahnılarını da oxumağı çox istəyirəm. Ebru Gündeşdən bu işin texniki tərəfini mənə öyrətməsini xahiş edəcəm.