"Deyirdim, adımın qarşısına "azəri" niyə yazılır?" - Nəzrin Cavadzadə

"Deyirdim, adımın qarşısına "azəri" niyə yazılır?" - Nəzrin Cavadzadə
8841 dəfə oxunub
  • A-
  • A
  • A+
51-ci Beynəlxalq “Qızıl Portağal” kinofestivalında 5 nominasiya üzrə ilin ən yaxşı ekran əsəri seçilmiş “Quzu” filmindəki roluna görə “Ən yaxşı aktrisa” mükafatına layiq görülən, Türkiyədə yaşayan azərbaycanəsilli aktrisa Nəzrin Cavadzadə “qafqazinfo”ya müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

“Antalyanı silkələyən bir film idi”

- Köhnə mövsümü uğurla başa vurdun. Yeni mövsümdə tamaşaçıları nələr gözləyir?


- Yeni mövsüm başlayır. Bu il bildiyiniz kimi, 3 filmə imza atdıq. Elə Bakıya gəlmə səbəbim “Son məktub” filmimin qala gecəsinə qatılmağım idi. İnsanlar qalaya bir gün gəlib-getdilər. Mən isə 5 gün Bakıda qaldım (gülür). Və sonda mənim karyeramda böyük önəm daşıyan bir film nümayişə girir. Bu, “Quzu” filmidir. Bu film Antalyada “Ən yaxşı film” mükafatına layiq görüldü. Antalyanı silkələyən bir film idi. Ancaq televiziya işlərinə bir müddətlik ara verdim. Təxminən bir il televiziya ilə bağlı hər hansısa bir iş görmədim. Bütün işlər mövsümə görə olur. Yeni mövsümdə görək nə edirik.

“Səhnədə göz yaşlarımı tuta bilmədim, ağladım”

- Azərbaycandan hansı təəssüratlarla ayrıldın?


- İnsanlar qəribədir. Sosial şəbəkədə, klaviatura qarşısında ağızlarına gələni yazırlar. Üz-üzə gələndə isə çox isti münasibət göstərirlər. Mən Bakıdakı qala gecəsində belə isti münasibət görəcəyimi təxmin etmirdim. Filmi hər kəs ayaqüstə alqışladı. Çox duyğulandım. İlk dəfə idi ki, bir filmim Bakıda təqdim edilirdi. Səhnədə göz yaşlarımı tuta bilmədim, ağladım.

- Elə bil seriallardan qaçırsınız...

- Mən daha çox filmlərdə rol almaq istəmişəm. Ürəyimə kino çəkilişləri daha yaxındır. Serillara çəkilməməyimin səbəbi isə filmlərin yaddaşlarda qalacağını düşünməyimdir. Bir serial nə qədər partlayış yaradırsa-yaratsın, göstərildikdən sonra yaddaşlardan silinir.

“Həmişə az büdcəli, ancaq ürəyimə yatan filmlərdə rol aldım”

- Amma nədənsə aktyorlar, aktrisalar seriallarla daha çox partlayış edirlər. Məsələn, Beren Saat.


- Doğrudur. Onu da deyim ki, artıq ürəyimdə filmə meyillilik bir az dəyişməyə başlayıb. Filmdə asılı olmadan işlər gördüm. Həmişə az büdcəli, ancaq ürəyimə yatan filmlərdə rol aldım. Mənim özümü təkrarlamaq ehtimalım çox yüksəkdir. 8 il ərzində seriala çəkilsəydim, həmişə eyni şeyləri təkrarlayacaqdım. Bir-birinə bənzər rolları ifa edəcəkdim. Elə “Son məktub” filmi özümü tapa biləcəyim bir film deyildi. Türkiyənin ən böyük büdcəli filmlərindən biri hesab olunur ki, onun da 20 milyon türk lirəsi təşkil edildiyi deyilir. Məncə, büdcə bundan da artıqdır. Öz-özümə deyirdim ki, Nəzrin, belə bir şeylər də etməlisən. Serial barədə düşünürəm, maraqlı bir şey olsa, çəkilərəm. Filmdən fərqli olaraq serial bir gecədə böyük reytinqlər qazanır. Televiziyanın gücü böyükdür.

“Buradakı film sektoru insan haqlarının yerdə süründüyü, müəyyən hüquqların pozulduğu bir yerdir”

- Türkiyə film sektorunda qonorar necədir?


- Filmin büdcəsinə görə dəyişir. Büdcə ilə veriləcək qonorar paralellik təşkil edir. Büdcə böyükdürsə, aktrisa bu büdcədən yararlanır. Az büdcəli filmlərdə çalışan insanlar cüzi miqdarda qazanırlar. Bunun əsas səbəbi Türkiyədə film sektoru formalaşmayıb. Sözün əsl mənasında, bazara uyğun çalışırlar. Çox sistemli işləmirlər. Hollivud və Bollivud tamam başqadır. Buradakı film sektoru insan haqlarının yerdə süründüyü, müəyyən hüquqların pozulduğu bir yerdir. Dünyada bir qayda var ki, aktyoru, aktrisanı 8 saatdan artıq işlədə bilməzsən. Əgər işlədirsənsə, əlavə maliyyə ödəməlisən. Bu, film çəkilişlərində iştirak edən hər kəsə şamil olunmalıdır. Bir gündə 3 çəkiliş edilməsi təkcə Türkiyədədir.

- Heç ödənişsiz filmdə çəkilmisiniz?

- Bəli, bir şey olub. Filmin adını çəkmək istəmirəm, amma dostumun filmində rol almışam. Ona dəstək olmaq üçün bu təklifi qəbul etmişəm.

“Mən azəri türklərinə təkcə “türk” deyilməyinin tərəfdarıyam”

- Siz Türkiyədə yaşayan azəri türküsünüz?

- Mən azəri türklərinə təkcə “türk” deyilməyinin tərəfdarıyam.

- Ayrı-seçkiliyin qurbanı olmursunuz? Sıxışdırılırsınız?

- Mənim festivallarda mükafatlandırma zamanı heç vaxt Nəzrin Cavadzadə olaraq adım yazılmırdı. Həmişə azərbaycanəsilli Nəzrin Cavadzadə kimi təqdim edilirdim. Həmişə adımın qarşısına “azəri” yazardılar. Buralı deyilmişəm kimi... O zamanlar öz-özümə deyirdim ki, niyə? Tək ad-soyadım bəs deyil? Əlbəttə azəriyəm, bununla da qürur duyuram. Vətənimi, torpağımı, məni formalaşdıran mədəniyyətimizi çox sevirəm. 11 yaşımdan buradayam, bir türkdən heç bir fərqim yoxdur. Nə dilimdə, nə də ləhcəmdə ...

“Nəslinə kimi söyürlər”

- Türkiyə film sektorunda seçilmək, fərqli olmaq çox çətindir?


- Bütün peşələrdə daha yaxşı olmaq çox çətindir. Amma bizim peşə ayrıca bir tələbkardır. Həmişə göz önündə olmalısan. Sən daha çox gündəmdə olanda hər kəs sənin haqqında nəsə danışmaq istəyir. Sosial media artıq insanı incidən bir məkan oldu. Televiziyada bir bölüm yayımlanır. Bir də baxırsan sənin haqqında hər kəsin fikri var. İfa etdiyin rolla aktrisanı ayıra bilmirlər. Elə bilirlər aktrisa ifa etdiyi obrazdadır. Nəslinə kimi söyürlər. Çünki bu qanunlarla tənzimlənmir. İnsanları dayandıracaq bir mexanizm yoxdur. Bu tənqidlərə dayanmaq çox çətindir. Ona görə də, 17 yaşlı qızımız Sima məni özünə heyran qoydu. O, hücumlara qarşı yaxşı mübarizə apara bilir. Uğur qazanmaq üçün inadcıl olmalısan və yaxşı agentlik lazımdır.

- Siz hansısa bir agentliklə çalışırsınız?

- Mənim 9 ildir çalışdığım bir menecerim var idi, yollarımızı ayırdıq. İndi yeni menecerlə çalışıram. Tək işləmək çətindir, çox şeydən xəbərin olmur. Yaxşı menecer səni yüksəyə qaldıra bilməsə də, düşməyinin qarşısını alar.

“Özümü dünya vətəndaşı hiss edirəm”

- Səninlə bağlı hansı məsələ sosial şəbəkələrdə müzakirə edilib və səni bu müzakirə incidib?


- Mənim hər sözüm səhv başa düşülə bilər. Mən bir məsələyə görə çox pis olmuşdum. Mən yazarımız Əkrəm Əylisliyə dəstək kampaniyasına qoşulmuşdum. Biz Fransanı müğənniləri, rəssamları, aktrisaları, yazarları ilə tanıyırıq. Sənətçilər, incəsənət nümayəndələri o ölkələrin vitrinidir. Bizi dünya səviyyəsində tanıdan hər kəsin arxasında durmalıyıq. Şərq caz musiqisinin atası Vaqif Mustafazadə, qızı Əzizə Mustafazadə, Rəşid Behbudov ilə qürur duyuram. Bir türk dostumla oturanda bu adlar çəkilən zaman qəlbim qabarır. Bunların hamısı bir potensialdır. Əkrəm Əylisli də bir incəsənət nümayəndəsi, yazardır. Kitablarının yandırılması, evinin qarşısında aksiyaların keçirilməsi yaşlı və dəyərli insana qarşı edilməməli idi. Bu, mənim canımı çox yandırdı. Biz dünya səviyyəsində işlər görən hər kəsi qorumalıyıq. Mən həmişə sülh tərəfdarı olmuşam. Özümü dünya vətəndaşı hiss edirəm. İnsanların yaxşı dialoq quracağına inanıram.

- Sosial şəbəkələrdə çox passivsən...

- (Gülür). Hadi yaaa, Niyə? Bu gün səhər bir foto paylaşmışam.

- Çox kaprizli olduğunuz hiss edilir.

- Bir işin daha yaxşı olmasını istəyirəm.

- Yaxşı alınmasa, durub gedirsiniz?

- Yox, qalıb mübarizə aparıram. İnsanlar yaxşı işlər ortaya çıxarmalıdır. İşlər yaxşı olmayanda çox pis oluram.