Avropa Oyunlarının məşəli Oğuzda - fotolar

Avropa Oyunlarının məşəli Oğuzda - fotolar
878 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarının məşəli bu gün qədim Oğuz diyarına gətirilib.

Axşam.az-ın məlumatına görə, məşəl estafetinin keçəcəyi Oğuz şəhərinin Heydər Əliyev prospektinə toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəlin rayona gəlişini gözləyirdilər.

Günorta saatlarında prospektdə birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəli qəbul edib. Avropa Oyunlarının məşəlini növbə ilə bir-birinə ötürən 10 məşəlçi prospekt boyunca 2,3 kilometr məsafə qət edərək Olimpiya İdman Kompleksinin stadionuna gəliblər. Stadiona toplaşan minlərlə rayon sakini məşəl estafetinin iştirakçılarını sürəkli alqışlarla qarşılayıblar. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirilən videoçarx nümayiş etdirilib.

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Olimpiya İdman Kompleksinə təhvil verilib.

Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonundan Şəkiyə yola salınıb.