Heydər Əliyev Fondu jurnalistin müalicəsini üzərinə götürüb

Heydər Əliyev Fondu jurnalistin müalicəsini üzərinə götürüb
3064 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondu ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, xərçəngdən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın müalicəsini öz üzərinə götürüb.

Axşam.az-ıın Musavat.com-a istinadən məlumatına görə, bu barədə məlumatı Murad Hüseynov Facebook-da paylaşıb.

"Əziz dostlar, Sizə bizim ailəyə olan dəstəyinizə görə dərin təşəkkürümü bildirirəm. Gülər üçün etdiyiniz dualara, bizim göstərdiyiniz maddi dəstəyə görə minnətdaram. Bu çətin günlərdə bizi tək buraxmayan insanlar – Allah Sizdən razı olsun. Bu axşam Sizə bizim ailə üçün çox vacib və şad xəbəri çatdırmaq istəyirəm. Heydər Əliyev Fondu Gülərin müalicəsini tam olaraq öz üzərinə götürdü. Bir azərbaycanlıya, bir Azərbaycan vətəndaşına dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirmək istəyirəm. Mehriban xanım Sizə özümün, Gülərin, ailəmizin 2 kiçik üzvü – Osman və Ayanın, eləcə də bütün dostlarımızın adından minnətdarlığımı bildirmək istəyirəm. Siz bir daha humanistliyinizi, çətin gündə hər bir azərbaycanlının yanında olduğunuzu nümayiş etdirdiniz. Təşəkkür edirəm!", - Murad Hüseynov yazıb.

Xatırladaq ki, Gülər Məmmədova kəskin miyeloblast leykoz xəstəliyindən əziyyət çəkir. Ailə dostların yardımları, əmlak satışı hesabına Türkiyədə müalicə xərclərini ödəyə bilmişdi. Gülər Məmmədova hazırda İstanbuldadır, sümük iliyinin transplantasiyası kimi ağır müalicə qəbul edir. Onun müalicəsi üçün təxminən 110 min dollara ehtiyac var.