"Kim deyərdi ki, Rövşən kimi kişi müğənni qızla evlənəcək?"

"Kim deyərdi ki, Rövşən kimi kişi müğənni qızla evlənəcək?"
26990 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnarə Xəlilova Aile.lent.az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir. 

- Məlumdur ki, siz həyat yoldaşınızla sevib ailə qurmusunuz və 10 illik ailə təcrübəniz var. Sizcə, əbədi sevgi var? Söhbət məhz qarşı cinsə olan sevgidən gedir…
 
- Bu, bir aksiomadır ki, oğlan və qız bir-birini sevməyə başlayanda əvvəlcə ülvi məhəbbət olur. Yəni onlar bir-birinə toxunmur, çox yaxın münasibətdə olmurlar, amma bir-birilərini sevirlər. Azərbaycanda bunun məntiqi sonluğu evlilikdir. Nikahdan – bir-birinə halal olduqdan sonra ər-arvad münasibətində olurlar. Sonra övladlar dünyaya gəlir. Övlad dünyaya gələndən sonra məhəbbət bölünür. İlk övladımız dünyaya gələndə mən onu Rövşənə qısqanmağa başladım. Axırı dözə bilməyib dilə gəldim, dedim, qərar ver, onu çox sevirsən, yoxsa məni? Bilmirəm o, mənə nə cavab verməli idi ki, sakitləşim. Çox fikirləşmədi. Dedi o, elə sənsən, səndən bir parçadır. Adətən, kişilər qadını qısqanır ki, bütün günlərini uşağa həsr edirlər. Bizim də nişanlı olduğumuz vaxtlardakı hisslər əlbəttə ki, qalmayıb və qala da bilməz. Çünki biz qovuşduq və üç övladımız dünyaya gəldi. Biz bir-birimizdən muradımızı, kamımızı almışıq. Bir-birimizə olan hissin adı yenə də məhəbbətdir. Amma başqa formada. Əvvəlki hissin içərisindəki ehtiras yerini doğmalığa və daha möhkəm, dərinləşmiş hisslərə verib. Bu hiss elə bir kök salıb ki, bu gündən sonra heç bir səbəb bizi ayıra bilməz. 10 il əvvəlki kimi bir-birimizi görəndə ürəyimiz getmir. Lakin artıq o da övladlarım kimi, mənim canımdan bir parçadır. Düşünürəm ki, Rövşənin başına bir iş gəlsə, mən havalanaram...
 
- Belə çıxır ki, qovuşmayan sevgilər əbədi olur?
 
- Biz qovuşmasaydıq, hisslərimiz elə həmin zirvədə qalacaqdı. Əgər qovuşmasaydıq, illər keçsə də, Rövşəni yadıma salıb o hissləri yenə yaşayacaqdım. Bir sevgi digərini başqa cür əvəz edir. Hamı ilə eyni ola da bilməz.
 
- Ailə qurmağınız elə də asan olmayıb…
 
- Rövşən mənim arxamda dayandı və sahib çıxdı. Kim deyərdi ki, Rövşən kimi kişi müğənni qızla evlənəcək?! Düzdür, məni yaxından tanıyanlar necə insan olduğumu bilir. Amma adım müğənnidir. Biz evlənəndə hamı şokdaydı. Heç kim inanmırdı ki, vətənpərvər verilişlərin müəllifi və aparıcısı gedib müğənni alıb. Hamı bu sözü bizim üzümüzə qarşı dedi.  Nişanlanmamışdan əvvəl iki il görüşmüşük. Bizim münasibətlərimizin uzanmağına da səbəb Rövşənin ailəsi idi. Onlar məni gəlin kimi istəmirdilər. Onların narazılığını çox gözəl anlayırdım. Çünki məni tanımırdılar, necə ürəyə malik olduğumu bilmirdilər. Yeganə günahım o idi ki, əlimə mikrofon alıb oxuyuram. Onları qınamırdım. Neyniyim ki, bizim adımız çıxıb?! Bütün dünyada sənət adamlarını birmənalı qarşılamırlar. Biz də təbii ki, baryerlər və maneələrlə rastlaşdıq. Hamı istəyir ki, balası xoşbəxt olsun. Mənim də iki oğlum var. Mən heç vaxt demərəm ki, müğənni qız almayacam. Birmənalı şəkildə bütün müğənnilər pisdir demək olmaz.
 
- Onları necə razı saldınız?
 
- Rövşən dedi öldü var, döndü yoxdur. Dedi, mən Elnarəni alacam, o, mənim övladlarımın anası olacaq. Hamıya başa saldı ki, bu, mənim seçimimdir. Əks halda pasportlarımızı da götürüb ölkədən gedirdik. Amma mən bəlkə də buna razı olmazdım. Çünki valideyn xeyir-dua verməyəndə ailə xoşbəxt olmur. Yəqin ki, anamız-atamız bizə xeyir-dua verməsəydi, biz belə xoşbəxt olmazdıq. Lap ölkədən köçsəydik, ürəyimdə nisgil qalacaqdı ki, Rövşəni anasından ayırdım. Öz xoşbəxtliyimə görə bu qədər adamı qurban verməzdim.
 
- Özünü onlara necə sevdirdin?
 
- Üç günə özümü onlara təsdiq etdim. Adətə uyğun olaraq mənim anam və qohumlarım bizə gəldilər. Bir gün əvvəldən qayınanam və baldızımla evləri yır-yığış etdik, yeməkləri hazırladıq. Qonaqlıq günü də 50-yə yaxın qonağı özüm qarşıladım, yola saldım, yudum, yığışdırdım, sildim, süpürdüm. Onlara anlatdım ki, bura mənim də evimdir. Gəlinlər var ki, özlərinə çay süzməyə ərinirlər. Mən iki mərtəbəli evdə qoymamışam ki, qayınanam əlini ağdan-qaraya vursun. Uzaq başı xörək işinə baxıb. Qayınanamın qayınanasını – nənəni çimizdirirdim, saçlarını kəsirdim, qurulayırdım, hörürdüm, dırnaqlarını tuturdum. Yeri cənnət olsun, halal xoşu olsun. İşim olanda, evdə olmayanda bilmişəm ki, uşaqlarım da rahatdır, evlər də tər-təmizdir. Qayınanam çox təmizkar qadındır. İndi də onlara gedəndə uşaqlar evi dağıdır, yeyirik-içirik, yuyub-yığışdırmamış gəlmirəm. O mənə “et” demir, ancaq bəs mənim qanacağım, mərifətim…
 
6 il qayınanamgillə yaşadım. Hələ də o günlərin xiffətini çəkirəm. Deyirəm kaş, nənə sağ olaydı, kaş o təmirsiz həyət evimizdə yaşayardıq. Bir nəfər mənə dedi ki, qayınanan yeməyini bişirirdi, uşaqlara baxırdı, yəqin ona görə onunla yaşamağı arzulayırsan. Xeyr. Bəlkə də bu, çoxlarına qeyri-səmimi gəlir. Sadəcə evdə böyüyün olması vacibdir. Mən ünsiyyəti sevirəm, hətta tək oturub yemək yemirəm. Xoşlayıram ki, evimiz qonaqlı olsun. İstərdim ki, qayınanam bizimlə yaşasın. Bilim ki, uşaqlarımın nənəsi evdədir. 6 il o, mənim köməyim olub, ömür boyu da mən ona qulluq edərəm. Ayağını isti suya qoyaram, təzyiqini ölçərəm, boynunu ovaram. Mən bunu etməliyəm ki, Allah anamın və mənim qarşıma çıxarsın.
Qayınanam mənim başıma and içir. Heç vaxt “mən müğənniyəm”, - deyib əlim xınada gəzməmişəm. Allah üzümə baxdı ki, qayınanam, qayınatam, baldızım, qaynım da yaxşı oldu. Qarabağlılar çox mehriban insanlardır. Mən yad münasibət görmədim. Onlar da az bir vaxtda anladılar ki, mən təmiz ailədən gəlmişəm, mənim də abırlı-həyalı anam, atam, qardaşım, bacım var.
 
- Ailəli olduğunuz 10 ildə ayrılmaq həddinə çatmısınızmı?
 
- Psixoloqlar da deyir ki, ailələr hər 4 ildən bir ayrılmaq həddinə gəlib çıxırlar. Bu, artıq onların xarakteri, taleləri və dözümlülüklərinə bağlıdır. Ya dözməyib ayrılırlar, ya krizisi atlayıb növbəti 4 ilə baş vururlar. Ayrılmaq böyük səslənir. Heç vaxt ayrılmaq həddinə çatmamışıq. Çünki səbəb olmayıb. Lakin yorğunluq, hər şeyin eyni ssenari ilə və stabil getməsindən də adam yorulur. Bir-birimizi anlayan ağıllı insanlarıq. Böhranlı vaxtlarımızı qarşılıqlı anlaşma ilə yola vermişik. Hər ikimiz arqument gətirib bir-birimiz anlamışıq. Konfliktlərimizi fikir mübadiləsi apararaq çözmüşük. Hər zaman münasibətlərimizi sözlə, bir-birimizdən haqqımızı tələb edərək aydınlaşdırmağı bacarmışıq.
 
- Hisslərinizin nə dərəcədə rolu olub burda?
 
- Ayrılmaq həddinə çatmamağımızda hisslərimizin və övladlarımızın da payı var. Hərdən düşünürəm ki, yanımda Rövşən yox, başqa adam olsaydı, onunla yaşaya bilərdimmi? O dəqiqə bədənimə vicvicə düşür, ürpənirəm. Rövşəndən başqa bir insanı təsəvvür belə edə bilmirəm.
 
- Daha çox kim güzəştə gedir - sən, yoxsa Rövşən?
 
- Rövşən. Qadın olmağıma baxmayaraq, özümü çox güclü insan hesab edirəm. Rövşən isə məndən qat-qat güclüdür. O, məndən güclü olmasaydı, “yüyənimi” çəkə bilməzdi. Çünki ipə-sapa yatan adam deyiləm. Hər adamın qərarı ilə razılaşmıram. Hər şeyə özümə görə yanaşma tərzim var. Hər adam mənimlə bacarmazdı.
 
- Bəs hansınız daha çox qısqancsınız?
 
- Bir-birimizə qısqanmaq üçün səbəb verməmişik. Evliliyimizin ilk 4-5 ilində Rövşəni qısqanmaq ağlımın ucuna da gəlmirdi. Sonra öz-özümə dedim ki, ona ehtiyacım olduğunu anlamalıdır. Özümü məcbur edib yalandan qısqanmağa başladım. Həm də reaksiyasına baxırdım. Rövşən yol gedəndə gözün qaldırıb bir qadına baxmaz. Onda anladı ki, rol oynayıram. Sonra onu axtarmağa başladım, çox qurdaladım, amma heç nə tapa bilmədim. Kişilər normalda bir qadınla kifayətlənmirlər. Əksər qadınlar məhz bundan əziyyət çəkir. Qadınların çoxu bilir ki, həyat yoldaşı onu kənarda başqası ilə aldadır. Lakin susur, bununla barışır. Mən susan və barışanlardan deyiləm.
 
- Demək ki, qarşılıqlı inam var…
 
- Bizim ikimizdə də belə bir adət var: nə o, məndən icazəsiz telefonumu əlinə alır, nə də mən onun. Mən onun, o da mənim telefonlarımın kodunu bilir. Kodu da uşaqlara görə qoymuşuq. Həyatımızda  çox anlaşılmazlıq olub. Tədbirə getmişəm, geyimim xoşuna gəlməyib. Bir kəlməsi ilə geyimimi və ya dodaq boyamın rəngini dəyişmişəm. Bilirəm ki, bunu mənə ən azı bir dost kimi deyir. Rövşən həm də mənim dostumdur. “Həyat yoldaşım” təkcə söz birləşməsi deyil. Sözün hər mənasında həyatımın yoldaşıdır. Həyatımda nə baş verirsə, mənə gələn zənglərdən tutmuş hisslərimə qədər hamısını onunla bölüşürəm. Əvvəl anam mənim ən yaxın dostum idi, indi isə Rövşən. Hər zaman ən gözəl məsləhəti ondan almışam. Çünki mən emosionalam. Bəzən hisslərim düzgün qərar verməyə imkan vermir. O isə daha konkretdir.
 
- Belə çıxır ki, onun sözü ilə oturub-durursan…
 
- Əlbəttə. Mən yiyəsiz və özbaşına deyiləm. Həmçinin o da mənim. Bilirəm ki, zəng vurub ona desəm ki, filan yerə getmə, getməyəcək. Çünki məndən keçə bilməyəcək. Onun üçün  mən və mənim istəklərimdən vacib heç nə yoxdur. Ümumiyyətlə, Rövşəni ağıllı adam hesab edirəm. O, məni istənilən mövzuda qəbul edir və anlayır. O da mənim kimi yaradıcı insandır. Mənim başım uşağa da yaradıcı şəkildə qarışır. Uşaqları çimizdirməkdən tutmuş, yatızdırmaq, yemək verməyə qədər bütün işləri oyuna çevirirəm. Bir layla qoşuram, bir mahnı oxuyuram. Bunlara enerji və vaxt gedir. Normaldır ki, qadın kişinin köynəyini yumağa vaxt çatdıra bilməz. Olub ki, bir həftə Rövşənin köynəyini yumamışam. Demişəm ki, sən Allah bağışla, yadımdan çıxıb. O saat da yuyub yerinə qoymuşam. Rövşən heç vaxt bunu müharibəyə çevirməz. Onun üçün ailəmizin sevinci, nəşəsi, səhhətimiz, sevincimizdən vacib heç bir köynək ola bilməz.
 
- Bəs bir gün onun xəyanət etməsindən şübhələnsən, hətta əmin olsan, nə edərsən?
 
- Şübhələnsəm, araşdıraram. Telefonlarını, “facebook”unu yoxlayaram. Əmin olsam, özü ilə aydınlaşdıraram. Boynuna alsa və desə ki, mənə yaxşı arvadlıq etmədin, səndə axtardığımı onda tapdım və mən anlasam ki, səhv məndə olub, birgəliyi heç vaxt davam etdirmərəm. Düzdür, anlayıram, üç uşağım var, onları atasız qoymamalıyam. Lakin bilsəm ki, ona başqası ilə xoşdur, izdivacımızı sürdürmərəm.
 
- Əgər səhvini anlasa və etiraf etsə, hansı addımı atarsan?
 
- Allah da səhvi bağışlayır. Mən də bağışlayaram. Ümumiyyətlə, mən boşanan qadınların hamısına haqq vermirəm. Boşanmaq yaxşı hal deyil. Lakin bəzən elə böyük səbəb ola bilər ki, mən də olsam ayrılardım.
 
- Rövşəndə sevmədiyin xüsusiyyət hansıdır?
 
- Kinlidir. Qız bürcüdür. Anam da o bürcdəndi və kinlidir. Rövşənin “yaddaş kitabçası” var. Bəzən adi rəfiqəmlə çay içməyimi sorğu-suala çəkir, acı bağırsaq kimi uzadır. Bu, inamsızlıq yox, narahatlıq və nigaranlıq hissidir. O bilir ki, mən rəfiqəmlə çay da içə bilərəm, istirahət də edə bilərəm. Lakin hiss etdirir ki, mənim sahibimdir. Əslində bu, çox yaxşıdır. Axı heç kim “ağzıgöyçək insanlar”dan sığortalanmayıb. Heç məşhur olmayanda belə, insanlardan sığortalı deyildim. Qadınlar var ki, kişinin ona sahiblənməsi üçün əlindən gələni etməyə hazırdır. Bir tanıdığım qadın deyirdi ki, “arzulayıram qarşıma elə bir oğlan çıxsın ki, desin sındır qılçalarını, otur evdə”. Həmin insana başa sala bilmirdim ki, mən özümə hörmət qoyuram. Ağlım da başımdadır. Heç nə edə bilməsəm, küçə süpürüb uşaqlarımı saxlayaram.
 
- Ən çox sevdiyin xüsusiyyəti hansıdır?
 
- Qayğıkeşliyi. Göz açıb görmüşəm ki, dominant tərəf kişi olub. Kişi işləyib, gətirib, qadın da uşaqlarla, evlə məşğul olub. Kişi qadına “öl” deyəndə ölüb, “qal” deyəndə qalıb. Əvvəl kimsə uşaqlarının adını çəkəndə deyirdi ki, - “böyüklərdən üzr istəyirəm”. İnsan niyə övladından danışanda üzr istəməlidir? Yəni ki, bizdən əvvəlki nəsil hisslərini açıq şəkildə büruzə verməyib. Rövşənlə mən bu baxımdan pionerik. Biz bir çox cütlüklərə nümunəyik. Rövşən hər şeydə həddini bilən insandır. Bununla belə, məhəbbətini açıq şəkildə bəlli edir. İlk övladıma hamilə olanda qarnımı qucaqlayıb gəzirdi (gülür). Axırda qayınanam dözmədi, dedi, “ay bala, məndən utanmırsan, heç olmasa ağbirçək nənəndən utan”. Bizdən əvvəlki nəsil sanki diqqət və qayğıdan məhrum olub. Rövşən çox səmimidir, necə var elədir.
 
- Ailə qurduqdan sonra sənə məhəbbətini etiraf edən olubmu?
 
- Olub. Hətta evlilik təklif etmək istəyən də olub. Lakin onlar mənim subay olduğumu düşünüblər. “Türkvizion” Festivalında çıxış edəndə sonradan bildim ki, ordan mənə elçi düşmək istəyənlər varıymış. Mənsə ora Rövşənlə getmişdim və onda iki uşağımız vardı. Amma deyəsən, onlar Rövşənin həyat yoldaşım yox, cangüdənim olduğunu düşünmüşdülər (gülür). Mən heç kəsə imkan verməmişəm ki, evli olduğumu bilə-bilə cəsarət edib mənə eşq elan etsinlər, ya da evlilik təklifi irəli sürsünlər. Ailəm müqəddəsdir, ailəm mənim namusumdur. Gərək axırıncı adam olasan ki, ailəli olduğumu bilə-bilə mənə evlilik təklif edəsən.
 
- Niyə övladlarının baxıcısı yoxdur?
 
- Uşaqlarımı heç vaxt baxıcıya etibar etmərəm. Onlara veriləsi artıq pulum da yoxdur. Baxıcıya pul vermək israfçılıqdır. Uşaqlarımı etibar etdiyim adamlar anam, qayınanam, bacım, baldızım, xalalarım, bibilərimdir. Hazırda oğlanlar anamda, qızım baldızımgildədir. Gələn həftə də baldızımın qızı bizimlə qalacaq. Əgər uşaqlara baxmağa heç kimin vaxtı olmasa, bütün işlərimi təxirə salıb onlarla məşğul oluram. Lazım gələndə mən uşaqlarımı onlara, onlar da mənə etibar edir. Bizim nə qədər işimiz olsa da, şənbə və bazarı övladlarımıza həsr edirik.  
 
- Bir müddət əvvəl dördüncü uşağı gözlədiyinizi deyirdilər. Bu, nə dərəcədə həqiqətə uyğundur?
 
- Burla Xatuna bacı gətirməyi düşünürəm. Amma hələ tezdir. Belə getsə, deyəsən Burla onun baxıcısı olacaq (gülür).