"Dizüstə çöküb evlilik təklifi etdi" - Muradın sevgilisi

"Dizüstə çöküb evlilik təklifi etdi" - Muradın sevgilisi
7239 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Follow me” (“Məni izlə”) layihəsi ilə bütün dünyada tanınan Murad Osman sevgilisi Nataliya Zaharova ilə birlikdə toya hazırlaşır.

Axşam.az-ın məlumatına görə, Nataliya “Glamour” jurnalına Muradla münasibətləri, toy hazırlıqları ilə bağlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Nə vaxt tanış olmusunuz?

- Dörd il əvvəl. Bizim tanışlığımıza yaxın fotoqraf dostum Vitalik Seçenov səbəb olub. Bir gün mənə dedi ki, onun bir fotoqraf dostu var, sərgi üçün mənim şəkillərimi çəkmək istəyir. Beləliklə məni Muradla tanış etdi. Çəkilişlərə pələng dərisi dizaynlı şalvarda getmişdim. Sən demə, Murad bu cür bayağı geyimləri sevmirmiş. Sonra məni sosial şəbəkədə tapdı. Məlum oldu ki, biz Frunzensk sahilində qonşu evlərdə yaşayırıq. Beləliklə, hər səhər görüşməyə, muzeylərə getməyə, müxtəlif mövzularda söhbətlər etməyə başladıq və münasibətimiz alındı.

- Evlilik təklifi necə oldu?

- Sözsüz ki, mən belə bir təklifi gözləyirdim. Biz çox səyahət edirik. Nə vaxt ki, romantik yerlərdə olurduq, o zaman fikirləşirdim: “Əgər Murad mənə elə indicə evlənməyi təklif etsə, nə baş verər?”. Ancaq o, bu addımı cəmiyyət içində atacaq adamlardan deyil. Biz həmişə bir-birimizə deyirdik ki, toya tələsmək lazım deyil, hər addımımızı şüurlu şəkildə atmalıyıq. Murad deyir ki, məsuliyyət hissindən qorxmur və bu, ailə qurmaq üçün çox mühüm nüansdır. O bilir ki, mənim üçün əsas anlayış ailədir. Valideynlərim İjevskdə yaşayırlar, onlarla istirahət günləri görüşürəm. Murad bizə gəldi, ailəvi şam etdik. Əvvəlcə uzun-uzadı tost dedi, sonra dizüstə çöküb valideynlərimin gözü önündə evlənməyi təklif etdi, barmağıma üzük taxdı. Bu, məni çox təəccübləndirdi. Hər şey çox gözəl idi!

- Siz çox ölkələrə səyahət etmisiniz. Ancaq toyunuzu Moskvada etmək qərarına gəlmisiniz...

- Mən Rusiyanı çox sevirəm. Buna görə, orada keçirmək istədik.

- Toya necə hazırlaşırsınız?

- Bir agentliklə razılaşmışıq. Toyumuz üçün qeyri-adi ideyalar hazırlayır.

- Bəs hansı ənənəvi adətləri saxlayıb, hansılardan imtina edəcəksiniz?

- Məni məclisə atam gətirəcək. Bəy-gəlin rəqsimiz olacaq. Atamla da oynayacam. Toyun qalan hissəsi isə tamamilə qeyri-adi olacaq.

- Sizin üçün toyqabağı ən vacibi nədir?

- Birincisi, mən ilk əvvəl gəlinlik paltarı axtarışına başladım. Mən Parisdə Zuhiyar Muradla görüşdüm. Daha sonra çəkilişlər üçün Barselonaya uçduq. Moskvadakı toyumda 4 gəlinlik geyinəcəm. Gecənin əsas libası Nyu-Yorkda Vera Vonq tərəfindən tikiləcək. Səhv etmirəmsə, Sara Cessika Parkerlə Cennifer Lopezin də gəlinliyini o hazırlayıb. İkinci gəlinliyimi Parisdə rus dizayner Svetlana Kuşnyorova hazırlayacaq.Üçüncüsünü isə sevimli modelyerim MaYa tikəcək. Dağıstandakı toyum üçün isə gəlinliyim “Keytis”dən olacaq.

- Siz də toydan əvvəl bəyin gəlinlik paltarını görməsinin uğursuzluq gətirəcəyinə inananlardansınız?

- Əlbəttə. Murad əsas gəlinliyimi hələ görməyib. Toya qədər də görməyəcək. Biz hələ ki, toyqabağı “Love story” üçün belə çəkilişlər aparmamışıq.

- Bal ayınızı harada keçirəcəksiniz?

- Toydan dərhal sonra bal ayına çıxmayacağıq. Çünki Moskvadan sonra Dağıstanda toy edəcəyik. Sonra Amerikaya gedib, oradan toy səyahətinə çıxacağıq. Maldiv adalarında dincələcəyik.

- Daha sonra hara gedəcəksiniz?

- Mən bir neçə yerə səyahət planlaşdırmışam – Baykal gölü ətrafı, Rusiyanın şərq regionları bura daxildir.

- Sizin fikrinizcə, dünyanın ən yaxşı yeri haradır?

- Biz hələ çox yeri görməmişik. Biz İordaniyanı sevirik. Hindistan isə ilham və imkanların tükənməz mənbəyidir.