"Ən böyük arzum Rihannanı makiyaj etməkdir" - müsahibə

"Ən böyük arzum Rihannanı makiyaj etməkdir" -  müsahibə
6500 dəfə oxunub
  • A-
  • A
  • A+

"HAZIRDA ƏN ZÖVQLÜ MÜĞƏNNİLƏR RÖYA VƏ GÜNAY İBRAHİMLİDİR"

Stilist Anar Ağakişiyevin Axşam.az saytına müsahibəsi

- İlk əvvəl yeni mövsümün dəbindən danışaq. Yay aylarında xanımlar necə dəbli görünə bilər?

- Bu mövsümün ən aktual rəngi qırmızıdır. Hətta layner belə al qırmızı olmalıdır. Göz rəngi yaşıl və mavi olanlara bu stil çox yaraşacaq. Bənövşəyi tonda dodaq boyaları da aktualdır. Kiçik, çemodan və süd qabı formasında çantalar dəbdədir. Geyimdə kanbinzonlar ön plana çıxacaq. Bu yay qara rəng heç dəbdə olmayacaq. Gündəlik geyimlərdə idman stilinə üstünlük verilsə, yaxşı olar. Ətəklər yayda ikinci plana keçəcək. Midi, qələm ətəklər dəbdən düşəcək. Uzun və boş ətək modelləri xanımlarımızı daha dəbli göstərəcək. Saç dəbinə gəldikdə isə… Xanımlarımız uzun saçlarını qısa kəsdirsinlər.

- Azərbaycanın tanınmış stilistlərindən birisiniz. Nə üçün bu günə kimi şəxsi salonunuz yoxdur?

- Hazırda həyatımdakı ən vacib məsələ budur. Mənim təsəvvürümdəki salonu qurmaq üçün böyük sərmayə lazımdır. Pulum yoxdur deyib, ağlamaq düzgün deyil. Mən sadə bir salon açmaq istəmirəm. Başqaları kimi biabır olmaq fikrim yoxdur. Hazırda yeni salonumun necə hazırlanması haqda planlar qururam. Burada 300 manat ödəyən müştəri ilə 1000 manat verən arasında fərq olmayacaq. Hamıya eyni xidmət, diqqət göstəriləcək. Hansısa bir məkanı icarəyə götürmək istəmirəm. Özümə aid bir yerin olması yaxşı olardı. Kirayə olanda məcburən xidmətlərin qiyməti baha edilir. Bölgələrimizdə də kiçik şöbələr yaratmağı düşünürəm. Hər ay oraya yollanacağam. Nə vaxta kimi müştəriləri aldadacaqlar, saçlarını yandıracaqlar? Rayonlarda dərslər keçib onlara bu işi öyrədəcəyəm.

- Bu iş üçün sizə nə qədər sərmayə lazımdır?

- Çox. Çünki mənim düşündüyüm dizaynda salon heç Avropada da yoxdur. Bütün işçilərdə qulaqcıq olacaq. Heç kim danışanda səsini ucaltmaq məcburiyyətində qalmayacaq. İnternetdən avadanlıqları araşdırıram. Çox maraqlı yeniliklər var ki, onları Azərbaycana gətirmək istəyirəm.

- Niyə bu günə kimi tələbəniz olmayıb?

- Çünki kimi öyrədirsən, gedib məşhurluq xəstəliyinə tutulur. Tələbə götürməmişəm, amma köməkçim olub. Nəsə öyrətmişəm və sonra işdən azad etmişəm. Hər zaman məndən öyrəndiyini boynundan atıb. Bu istedad mənə Allahdan verilib. Məni İnstaqramdan izləyirlər: bahalı maşın, qlamur həyat. Elə bilirlər ki, həyatımda hər şey yüksəkdir. Paxıllığımı çəkirlər. Amma mənim çəkdiyim əziyyəti, stresi yaşayan olmayıb. Mən Anar Ağakişiyev adını təsdiqləmək üçün illərimi sərf etmişəm. İndi adım mənə işləyir. Əhvalım pis olanda, onu insanlarla paylaşmağı sevmirəm. Bir xanım usta var. Bir ara yanıma gəldi, saç düzümü etdirdi. Həmin saç formasını oğurlayıb, müştərilərə etdi. İndi adına salon açıb. Amma heç vaxt deməyib ki, mən Anardan öyrənmişəm. Yeni salonum açılandan sonra bu işlə də məşğul olacam. Hətta xaricdən peşəkarlar dəvət edib kurslar təşkil edəcəm. Kursu bitirənlərə sertifikat verəcəm.

- Bəs Anar kimdən öyrənib?

- Mənim ustam Zahid olub. 6 ay onun yanında saç düzümü etməyi öyrənmişəm. Eyni zamanda Ruxa da mənə nəsə öyrədib. Daha sonra xaricə gedib makiyaj və saç düzümü üzrə biliklərimi təkmilləşdirdim.

- Özünüzü bahalı stilist hesab edirsiniz?

- Özüm haqda bu fikri söyləyə bilmərəm. Digər salondakı qiymətlərdən xəbərim yoxdur. Amma başqaları mənim bahalı stilist olduğumu deyir.

- Bir gəlin Anarın müştərisi olmaq üçün nə qədər pulundan keçməlidir?

- Əslində qiyməti açıqlamaq olmaz. Bu, peşə sirridir. Yalnız onu deyim ki, təkcə makiyajı 400 manata edirəm. Müştəridən aldığım məbləğin cəmi 20 faizi mənə qalır. Bütün kosmetik vasitələri xaricdən alıram. Linzalar, kirpiklər, hamısı bahalı brendlərin məhsuludur. Bir kirpik üçün 70 dollar ödəyirəm. Əldə etdiyim gəlirin 80 faizini yenidən kosmetik vasitə almağa sərf edirəm.

- Digər stilist həmkarlarınızdan kimləri bəyənirsiniz?

- Nigar İbrahimova, Ruxa və Nərmin İbrahimovanın əl işlərini bəyənirəm. Hər birinin fərqli üslubu var. Nigarın çəkdiyi layner, qoyduğu kirpiklər fərqlidir.

- Bu yaxınlarda stilist Elnur Həsənovla qalmaqal yaşadınız... Bu nə ilə bağlı idi?

- Söz-söhbətlər oldu. Amma danışıb problemimizi həll etmişik. Kimləsə sözümüz çəp gələ bilər. Bu yaxınlarda onunla bir məclisdə görüşdük. Düşmən deyilik ki...

- Gələk şou-biznes nümayəndələrinə. Ən zövqlü və zövqsüz müğənnilərdən kimlərin adını çəkərdiniz?

- Məni ən çox qıcıqlandıran qız “İşte benim stilim” verilişindəki Sima Şərəfətdinova idi. Özünü gülünc yerinə qoymuşdu. 6 dil bilirəm deyib, özünü reklam edirdi. O, xarici dillərdə danışa bilər, amma stildən xəbəri yoxdur. Bu yaxınlarda bir təqdimatda müğənni Zamiq Hüseynovu gördüm. Kinoteatra zərli pencəkdə gəlmişdi. Başa düşürəm, bəlkə oradan çıxıb hansısa məclisə gedəcəkdi. Amma ehtiyat üçün avtomobilinə başqa pencək də qoya bilərdi. Zamiqin həmin stili zövqsüz idi. Hazırda geyim tərzinə görə, birinci olan müğənnilər Röya və Günay İbrahimlidir. Çox zövqlü xanımlardır. Son vaxtlar Aygün Kazımova stilində dəyişiklik edib. Ona hər şey yaraşır.

- Hansı müğənninin imicini dəyişmək istərdiniz?

- Sadəliyi, təbiiliyi sevirəm. Bəzən beynimə qeyri-adi bir imic gəlir. Bunu isə Elza Seyidcahana etmək istəyərdim. İstərdim arıqlasın, saçlarının bir yanını tam keçəl etsin. Başının arxasından dəmirlər qoyulsun. Və ya başında hansısa heyvanın fiquru canlandırılsın. Onun dərisindən çiyninə salsın. Bir ara məşhurlarımız arasında qaynaq dəbdə idi. Saçı olan da, olmayan da qaynaq etdirirdi. Çox pis görünürdülər. Aparıcı Nərgiz Məmmədovanın da gözəl saçları var idi. Kəsdirib qaynaq etdirdi. Bizim aparıcılar BBC-nin aparıcılarına oxşayır: solğun, ciddi. İstəyərdim ki, Dubaydakı telekanallarının aparıcıları kimi makiyaj etsinlər: üzdə mat tonal krem, gözlər abartılmış halda. Afaq Gəncəli və Nərgiz Cəlilova möhtəşəmdir. Mətanət Əliverdiyevanın stili yaxşıdır, amma geyimləri sıxıcıdır. Bir az sadəliyə üstünlük versə, yaxşı olar.

- Anar, İrina Şeyk, Nikol Şerzinger kimi dünya ulduzlarını gözəlləşdirmisiniz. Bundan sonra hansı məşhura makiyaj etməyi arzulayırsınız?
 
- İrina Şeyk üçün ürəyim gedirdi. Bu istəyimə çatdım. Ən böyük arzum Rihannadır. Onu çox bəyənirəm. İnanıram ki, gün gələcək və mən Rihannanı da makiyaj edəcəm.

Zəhra ƏHMƏDOVA