Azərbaycanın qadın snayperləri - fotolar

Azərbaycanın qadın snayperləri - fotolar
2941 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan ordusunda xidmət edən qadın snayperlərimiz Müdafiə Nazirliyinin rəsmi saytına müsahibə veriblər.

Axşam.az xəbər verir ki, 2014-cü ildən hərbi xidmətdə olan Vüsalə Məmmədova 1990-cı il təvəllüdlüdür. Ailəli olan Vüsalənin 1 övladı da var.

Hansı səbəbdən hərbçi olmaq qərarına gəldiyi barədə sualı cavablandıran Vüsalə deyir ki, torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi onun da sızlayan yarasıdır:

“Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata bilmirdim.  Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Vüsalə deyir ki, həyatda forma geyinmək, əlində silah Vətənimə xidmət etmək başlıca məqsədlərindən biri olub:

“Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq, düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər yaxındadır”.

Vüsalə həmçinin snayperin əsas keyfiyyətlərindən də danışıb:

“Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla maskalanaraq gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır.
İntuisiya isə qadınlarda güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci tərpənən ölümə məhkumdur”.

Məmmədovanın sözlərinə görə, tutduğu yolda ən böyük dayağı elə onun ailəsidir.

“Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub. Deyirlər ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim kimi ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var. Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək”.

Orduda xidmət etmək istəyən qadınlara müraciət edən xanım snayper bunları deyib:

“Bu torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında olmalıdır”.

Digər snayper, 1982-ci il təvəllüdlü Könül Məmmədli Sumqayıtda anadan olub. Ali təhsilli Könül 2014-cü ildən xidmət edir.

Könül deyir ki, uşaqlıqdan hərbçi olmaq istəsə də, ailəsinin arzusunu yerinə yetirib, müəllimə olub, Sumqayıtda, Gədəbəydə, Qobustanda məktəblərdə ingilis dili dərsi deyib:

“Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm.  Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli insan yararlandı”.

SVD tipli snayper tüfəngi ilə silahlanmış Könül deyir ki, hədəfi nişan alarkən gözündə düşməni canlandırır.

Məmmədlinin sözlərinə görə, bu işdə ona ən böyük dəstəyi atası verir:

“Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu  dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi”.

Könül deyir ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir:

“Müqəddəs vəzifəmizi unutmamalıyıq...”.