Agentlikdən İlhamə və Brilliant qalmaqalına cavab

Agentlikdən İlhamə və Brilliant qalmaqalına cavab
4052 dəfə oxunub
  • A-
  • A
  • A+
“İndiki halda mahnının şərik müəllifləri və yaxud onların vərəsələri tərəfindən “Neyləmişəm” mahnısına olan əmlak hüquqlarının digər şəxsə verilməsi barədə müqavilə yoxdursa, qanunun göstərilən müddəasına əsasən bildiririk ki, mahnının hüquq sahibləri Teymur Elçin və Fikrət Əmirovun vərəsələridir. Mahnıdan istifadə üçün onlardan icazə almaq lazımdır”.
 
Axşam.az-ın məlumatına görə, bunu APA-ya Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli Fikrət Əmirovun “Neyləmişəm” mahnısına görə xalq artistləri İlhamə Quliyeva və Brilliant Dadaşova arasında yaranmış qalmaqala münasibət bildirərkən deyib.
 
Şöbə müdiri bildirib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 9-cu maddəsinə əsasən mahnı iki və ya daha çox şəxsin birgə əməyi ilə yaradıldığı üçün şərikli əsər hesab olunur və həmin əsərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur:

“Qanunun 28-ci maddəsinə əsasən müəllifin əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir. Müəllif müqaviləsində əsərdən istifadə üsulları, hüquqların verildiyi müddət və ərazi, qonorarın məbləğləri, ödəniş qaydaları və müddəti, tərəflərin mühüm hesab etdikləri digər şərtlər müəyyən olunmalıdır”.
 
N.Bədəlbəyli qeyd edib ki, sözləri şair Teymur Elçinə, musiqisi isə bəstəkar Fikrət Əmirova məxsus olan “Neyləmişəm” mahnısı 1974-cü il 27 yanvar tarixində Müəllif Hüquqları Agentliyində uçota alınıb.
 
Qeyd edək ki, xalq artisti Brilliant Dadaşovanın “Neyləmişəm” mahnısını oxumasından sonra onunla xalq artisti İlhamə Quliyeva arasında qalmaqal yaranıb. İ. Quliyeva Fikrət Əmirovun bəstələdiyi “Neyləmişəm” mahnısının onun mülkiyyətində olduğunu iddia edib. Eyni zamanda, mahnını başqa müğənnilərin oxumasına qadağa qoyduğunu elan edib və mahnını başqa müğənnilərin ifadə edəcəyi təqdirdə onları məhkəməyə verəcəyini bildirib.