"Azərbaycanca yaxşı danışa bilmədiyim üçün utanıram" - video

"Azərbaycanca yaxşı danışa bilmədiyim üçün utanıram" - video
2253 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur kulinar Stalik Xankişiyev Region TV-yə eksklüziv müsahibə verib.

Axşam.az-ın məlumatına görə, Özbəkistanda anadan olan əslən azərbaycanlı Stalik ölkəmiz haqda danışıb:

"2008-ci ildə kulinariya haqqında bir neçə kitab yazmalı idim. Fikirləşdim ki, Azərbaycana gedim və Azərbaycan mətbəxi ilə bağlı bildiklərimi yeniləyim. Axı biz Özbəkistanda yaşayır və mən daha çox özbək yeməkləri hazırlayırdım. Düzdü qohumlarımız vardı, onlardan öyrənirdim, arada Azərbaycana qonaq gedirdik. Lazım olan hər şeyi götürüb, TV çəkiliş qrupu ilə birgə Azərbaycana yollandıq. Azərbaycanı qarış-qarış gəzdik. Hər şəhərdə 2-3 gün qaldıq, o bölgəyə xas yeməklərin hazırlanmasını çəkirdik. Azərbaycanın unikallığı ondadır ki, hər bölgədə fərqli nəsə hazırlanır, amma bu, yenə də Azərbaycana aiddir. Əhalisi də maraqlıdır, aksentləri də. Mən utanıram ki, Azərbaycan dilində elə də yaxşı danışa bilmirəm. Özbək dilində yaxşı danışıram, ingilis dilində ondan da yaxşı. Rus dili doğma dilimdir. Amma bu o demək deyil ki, mən Azərbaycanlı deyiləm?! Axı qan su deyil, onu dəyişə bilməzsən.

Azərbaycana həmin səfərimin nəticəsində 2 qalın kitab yazdım. Kitablardan biri Fransada mükafata layiq görüldü. Bu qələbə təkcə mənim deyil, Azərbaycanın, Özbəkistanın, bu kitaba milli reseptləri daxil olan bütün xalqların qələbəsidir. Məni bu diplomun üzərindəki "Stalik Xankişiyev - Özbəkistan, Rusiya, Azərbaycan sözləri çox sevindirir. Daha sonra kitabın təqdimatı keçirildi. Heydər Əliyev fondu Moskvada kitabın təqdimatını keçirməyi təklif etdi. Bir çox ölkənin səfirləri də həmin tədbirdə iştirak edirdilər. Həmin tədbirə Türkiyənin səfiri qatılmışdı. Məndən soruşdu ki, yeni kitabınız nə haqda olacaq, cavab verdim ki, siz də Azərbaycandakı kimi səfərimi təşkil etsəniz, Türkiyə mətbəxi ilə bağlı araşdırma aparmaq istəyərəm.

Başqa xalqların mətbəxini tanımaqla öz mətbəxini daha yaxşı tanıyırsan. Onun tarixini, başqa xalqların mətbəxlərlə bağlılğını, inteqrasiyasını başa düşürsən. Məsələn, bir çox xüsusiyyətlər var ki, şərqdə formalaşıb, amma Fransada öz təsdiqini tapıb. Qatlama şirniyyatının oxşarı Fransada kruassan adlanır. Azərbaycan həmişə digər ölkələr üçün açıq ölkə olub, qədimdən bəri. Bu mübadilənin nəticəsində, Azərbaycan mətbəxi daha da zənginləşib. Xalqımızın qonaqpərvərliyi, süfrələrimizin açıqlığı boş sözlər deyil. Bizim xalqımız bölüşməyi sevən xalqdır".