Əslində fahişə kimdir?

Əslində fahişə kimdir?
5701 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda televiziyalar öz tənəzzül dövrünü yaşayır. Ölkənin demək olar ki, informasiya ilə maraqlanan heç bir faiz kəsimi belə intizarla TV xəbərlərinin başlayacağı vaxtı gözləmir.
 
Bu dəqiqə telekanllarda xəbərə görə ən çox baxılan AzTV-nin xəbərlər proqramıdır. O da gözləntisi olan sərəncamlara görədir. Başqa, bu ölkədə televiziya etibarı qalmayıb. Görün, vəziyyət nə həddədir ki, hətta televiziya əməkdaşları öz süjetlərinə, xəbərlərinə saytlarda, portallarda baxırlar. Və ya verilişlərini saytlara göndərib rica edirlər ki, onları yerləşdirək. Belə bir durumun mövcudluğu bir çox səbəblərlə bağlıdır.

İddia oluna bilər ki, TV-lərdə yayım müstəqilliyi, sərbəstliyi yoxdur və ona görə də auditoriyasız qalıblar. Lakin bu gün Azərbaycanda demək olar ki, hər gün lağa qoyulan, ələ salınan axı TV-lərin müstəqilliyi yox, peşəkarlığı, özlərini tamam buraxmalarıdır... Bu gün heç kim hansısa TV-yə “Niyə bu xəbəri vermədin?” demir. Bu gün sadəcə niyə efiri bu günə qoyursuz, dünyanın ən baxımlı layihələrini gətirib niyə öz təqdimatınızda gözdən salırsız, niyə şedevr filmləri it günündə dublyaj edirsiz, Avropa Çempionatını niyə Azərbaycan kanalları yayanda televizorun xodunu alıb baxırıq kimi suallar verilir telekanallara. Azərbaycan televiziyalarının studiyalarındakı texniki kasıblığa, studiyadakı tamaşaçıların əyin-başlarına, vidlərinə baxanda adama elə gəlir ki, televiziya işi bu ölkədə ən axırıcı iş və peşədir.

Onlar niyə studiyalarına əl gəzdirmirlər? Studiyaları cəhənnəmə, axı bu TV-lərdə ancaq və ancaq müğənnilərə, meyxanaçılara, hacılara ehtiyac, evlərdə ansambl qurub mahnı oxumağa bu qədər həvəs, potensial necə ola bilər? Axı bu bir mərhələ olub bitməli idi. Necə ola bilər ki, bu ölkədə Mikayıl, Xoşqədəm ən böyük reytinq sahibi olur? Davam eləsəm, mövzudan çox yayına bilərəm... Xoşqədəmin məsələsi isə ayrıca bir yazının mövzusudur və bir halda ki, yazmağa başladıq, söz verirəm ki, növbəti yazımı məhz bu haqda yazacam.

Söhbət “Space”in efirində mənim bir neçə il əvvələ kimi xəbər aparıcısı kimi tanıdığım və hələ də yadımda o şəkildə qalan Vüsalə Kərimovanın verilişində şair kimi təqdim edilən birinin, müğənni Mətanətə “mən aliməm, sən qəhbə” deməsindən və son iki gündə bu olayın sosial şəbəkələrdə, mediada ciddi müzakirə olunmasından gedir. Hamı düşüb özünü müəllim, şair kimi təqdim edən bu adamın üstünə ki, bəs o nə söz idi deyib, niyə canlı efirə getməyən verilişdə bu sozun üstünü örtsələr də, əslində onların bir-birinə nə dedikləri ictimailəşdirilib.

 Bilirsiz, əslində efirə dəvət olunan qonaq söyüş də verə bilər, durub kimisə döyə də bilər. Burada heç də qeyri-adi bir hadisə yoxdur. Bütün dünyada belə şeylər baş verir. Söhbət süni yaradılan qalmaqalın, TV-lər arasında düşükcəsinə aparılan reytinq yarışının belə bir şəkil almasından gedir, yəni kim olur-olsun efirə çıxıb ağzına gələni danışsın və biz reytiq yığaq. Elə bu reytinqin zibilidir ki, 5-10 il əvvəl xəbər aparıcısı kimi efirə çıxıb bütün məmləkətə informasiya çatdıran Vüsalə Kərimova, indi düşüb Mətanətin dalınca özünə tamaşaçı yığır. Burda günahkar, səbəbkar axtarsaq və onları sadalamağa çalışsaq gərək yazımız böyük bir təhlilə çevrilə.

Yaranmış bu durumda yalnız bir günahkar var. O da Azərbaycan televiziya məkanında işləyən adamların öz işlərinə başdansovdu yanaşmalarıdır. Bu gün Azərbaycanda televiziyalar dəvət olunduğu məclisə cır-cındır, ütüsüz, ləkəli  geyinib gedən adam kimidir. Yəni pis geyinmə burada kasıblıq yox, hörmətsizlik faktorudur. Bu gün gəlin gedib TV-lərin studiyalarına, kameralarına, yerləşdikləri binalara baxaq. Az qala studiyalarımız tövləni xatırladır. Yadıma gəlir ki, Mir Şahin uzun illər əvvəl “Zərdabinin jurnalistikasından tövlə iyi gəlir” deyəndə böyük qınağa tuş gəlmişdi. Bu gün məhz Azərbaycan televiziyalarından tövlə iyi gəlir. Onların guya dəbdəbəli, səliqəli studiyalar açmağa, povilyonlar tikməyə, yeni binalar icarələyib, keyfiyyətli yayım verməyə imkanları yoxdur? Göz qabağındadır ki, TV-lərin inkişafı cəmiyyətdəki digər sahələrdə baş verən inkişafa adekvat deyil. Nə maddi texniki, nə də təqdim olunan məhsulun intellektual qəbul edilməsi  baxımından. Necə olur ki, bu gün bütün ölkədə hər şey yenilənir, ancaq TV-lər köhnə bazalarda işləyir? Necə olur ki, televiziyanın rəhbəri işə 500 minlik  “Gallenvagendə, motosikletdə, mühafizəçilərlə gəlir, amma studiyasına 1000 manat xərcləyib əl gəzdirmir? Bunların adi bir canlı yayımı efirə vermək qabiliyyətləri yoxdur. Bir-iki dəfə qonaq olmuşam. Adamı bezdirirlər lap. Az qala sənə nə deyəcəyini də məsləhət görürlər. Özlərini apara bilmirlər. Kameranın  qabağında dəyişirlər və transa daxil olurlar az qala. Əgər bu gün Azərbaycanda telekanal işi, teleyayım işi Xoşqədəmə, Elgizə buraxılıbsa, onda məsələ haqqında artıq danışmaq mənasızdır.

Sadəcə bir daha onu vurğulamaq istəyirəm ki, “Space”in efirində məlum kruyozun yaşanmasına səbəb nə o müğənnidir, nə o şair, nə də ki, aparıcı. Sadəcə o efiri təşkil edənlər, televiziyanın tamaşaçını it yerinə qoymayan rəhbərliyidir günahkar. Əgər Vaqif Mustafayevin, Elçin Əlibəylinin öz işinə 10 faiz məsuliyyətli yanaşması olsaydı, küçə əxlaqsızını şair, müəllim adı ilə gətirib efirə çıxarmazdılar. (Hələ o adam özünü alim kimi də təqdim elədi) Bunların bir qorxusu-hürküsü, hörməti olsaydı cəmiyyətin qabağına kimi çıxardıqlarının fərqində olmalı idilər. Kimdir fahişə sözünü işlədən o adam? Sizdən soruşuram, kim belə bir şair tanıyır, ay camaat? Ən azı 50 yaşı olan bir adam gah özünü redaktor, gah şair, gah müəllim, gah alim kimi təqdim edir. Bu efirə nəzarət edən məsul şəxs gör özünü nə qədər buraxıb ki, adamı saxlayıb soruşmur ki, ay balam, bir dayan görək, əməlli başlı özünü təqdim elə bilək sən kimsən. Hələ az qala Vüsalənin hər verilişində efirə çıxan Mətanəti demirəm. Ona görə də, burada biz bir şeyi dəqiq bilməyik ki, o adamın işlətdiyi ifadə daha çox kimə yapışır? Yəni kimdir əslində fahişə?..

Elbrus ƏRUD

Qafqazinfo