Amaliya Pənahovanın yubileyində nələr baş verdi? - fotolar

Amaliya Pənahovanın yubileyində nələr baş verdi? - fotolar
3956 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan mərasim Heydər Əliyev Sarayında baş tutub. 

"Amaliya Pənahovanın sevgi etirafı" adlı yubiley gecəsinin iştirakçıları əvvəlcə foyedə nümayiş olunan aktrisanın həyat və yaradıcılığını əks etdirən fotosərgini izləyiblər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev A.Pənahovanın yaratdığı obrazlardan bəhs edib:

"Amaliya Pənahova 19 yaşından bu sənətdədir. Uzun illərdir ki, tamaşaçılar üçün ən gözəl obrazları canlandırır. 25 filmdə rol alıb. Ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. Amaliya xanımın yaratdığı obrazlar arasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi Azərbaycanın teatr tarixinə qızıl hərflərlə yazılıb. Tək aktrisa kimi yox, bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb".
 
Ə.Qarayev A.Pənahovanın teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görüldüyünü vurğulayıb. Aktrisa eyni zamanda bu günlərdə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Ə.Qarayev ölkə başçısı adından yubilyarı təbrik edərək "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu ona təqdim edib.

A.Pənahova onun sənətinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Gecədə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları baş idarəsinin incəsənət əlaqələri üzrə koordinatoru Tahsin Murad Dəmirbaş, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qatılaraq A.Pənahovaya xatirə hədiyyələri təqdim ediblər.

Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar təqdim etməsi olub.

Foto: Ramin ASLANOV