"Gözlərim hələ də yoldadır" - Xədicə Sənanqızı

"Gözlərim hələ də yoldadır" -  Xədicə Sənanqızı
6254 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Xədicə Sənanqızı milli.az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Xədicə xanım, uzun illərdir ki, sizi eyni imicdə görürük. Teleməkanın ilk qısa, sarı saçlı teleaparıcısı kimi yadda qalmısınız. Heç imicinizdə dəyişiklik etmək istəmirsiz?

- Bəli, düz qeyd edirsiz, televiziyada ilk qısa və sarı saçlı qadın aparıcı mən olmuşam. Bu artıq mənim imicim idi. Amma ara-sıra saçımı rənglədiyim, xırda-xırda hörüklərim olan vaxtlar da olmuşdu. Sadəcə olaraq tamaşaçılar məni bu cür görüblər deyə yaddaşlarında da bu cür qalmışam. Dəyişikliyi sevirəm, amma baxır necə dəyişiklik. Xarici görünüşümdə ola bilər ki, nə vaxtsa dəyişiklik edim, amma həyat prinsiplərimdə dəyişiklik etməyi xoşlamıram.

- Televiziya sirli bir məkandır. Necə sehrinə aldı sizi?

- Televiziya məkanından mən çox şey danışa bilərəm. İlk öncə onu deyim ki, çox şanslı teleaparıcılardanam ki, mənim bir yox, bir neçə televiziya məktəbim olub. ANS televiziyasını başlıca vurğulamaq istəyirəm, çünki bu kanal mənim bünövrəmdir. Müəllimlərim də Vahid və Seyfulla Mustafayev qardaşları və Mir Şahin Ağayev olub. Müsabiqədən keçən mən və mənim kimi digər aparıcılara o vaxt dərslər keçirilirdi. Bu dərslərdən sonra bizə müxbirliyi, daha sonra isə aparıcılığı öyrədirdilər. Aparıcılıq fəaliyyətinə 1996-cı ilin sonunda başlamışam. ANS həqiqətən böyük bir məktəbdir. Bu gün biz bütün telekanallarda ANS-in yetirmələrini görürük. Bu telekanal mənim məktəbim, evim, həm də iş yerim olub. Günü bu gün də mən bu kanala bu cür münasibət bəsləyirəm.

- Amma hər bir teleaparıcının məşhur vaxtları olur. Həmçinin sizin də... Bir ara televiziya fəaliyyətinizdə fasilələr oldu, bu sizə tamaşaçıların sizi yenidən qəbul etməyində çətinlik yaratmadı ki?

- Hər bir teleaparıcının məşhur olduğu vaxtlar olur. Düşünürəm ki, mənim də çox məşhur vaxtlarım olub. "Vaxtlarım olub" - keçmiş zamanda dedim, amma hər an gözəl layihələr ola bilər. Bu gün artıq tamaşaçını hansısa layihə ilə təəcübləndirmək çox çətindir. Mən artıq o pillələri keçmişəm. Yəni, zamanın ən baxımlı verilişlərinin, layihələrinin aparıcısı olmuşam. Bir teleaparıcının arzu edəcəyi layihələrin əksəriyyətini mən reallaşdırmışam. Bu gün isə sağlamlıqla bağlı veriliş aparıcısıyam, bu da məni qane edir. Ola bilsin ki, reytinqli veriliş deyil, amma mən bilirəm ki, bu veriliş vasitəsilə yaxşı həkimləri öz ölkəmdə tanıdıram və ehtiyacı olan insanlarla onları tanışdırıram.

- Zaman keçir. Zamanı durdursanız, nəyi geriyə qaytarardınız?

- Hə... (ah çəkir). Yaxşı sualdır. Əslinə qalsa, illər məni bir çox şeyləri öyrənməyə vadar etdi. Bu illər ərzində itirdiklərim də oldu, qazandıqlarım da. Vaxtı durdura bilsəydim, təbii ki, anamı geri qaytarardım. Günümü onunla daha çox keçirməyi, heç qocalmamasını istəyərdim (kövrəlir). Elə bir imkanım olsaydı, boş-boş şeylərə üzülməzdim. Vaxtımı daha çox yaxşı işlərə sərf edərdim, daha çox gəzərdim. Zamanımı sevdiyim insanlarla birlikdə keçirərdim, az kədərlənərdim, az əsəbləşərdim.

- Xədicəni nə əsəbləşdirə, nə kədərləndirə bilir?

- Biz televiziya aparıcıları çox həssas oluruq, hər şeyə əsəbləşib, kədərlənə bilirik. Sükan arxasında olanda, qarşımdakı maşındakı şəxs pəncərədən zibili yerə atanda çox əsəbləşirəm. Yaxud da hamı bir sıra ilə gedərkən biri gəlib qoşa xətti aşıb o yana keçir. Qulluq etdiyim güllərim solarsa, buna çox kədərlənə bilərəm, hətta 3-4 gün onun təsirindən çıxmaram. Həm də millətçiyəm. Başqa bir ölkədə yaşayan biri millətimə qarşı xoşagəlməz nəsə söyləyərsə, saatlarla o insanla mübahisə edə bilərəm.

- Xədicə, sizi televiziyada çox açıq-saçıq geyimdə görməmişik. Bəs həyatda necə?

- Hər bir xanımın bir vaxtı olur ki, açıq-saçıq geyinərək kiminsə diqqətini özünə cəlb etmək istəyir. Bu pillələri hər birimiz keçmişik. Qısa da geyinmişik, müəyyən açıq libaslarımız da olub. Amma dərəcəsində. Getdikcə daha çox qapalı geyimlərə üstünlük verirəm. Həddindən artıq dəbin arxasınca getməyi sevmirəm. Əgər aldığım geyim xoşuma gəlirsə, kənardan gülünc görünmürsə, onu sevə-sevə geyinirəm.

- Amma gəlin razılaşaq ki, adi geyimləri, yaxud aksesuarları brend kimi təqdim edən məşhurlarımız da var.

- Bəlkə də çoxları bilmir ki, mənim yaxşı əl qabiliyyətim var. Bəzən darıxdığım anlarda özümə libas da tikə bilirəm. Təbii ki, buna da səbr və vaxt lazımdır. Bu da məndə yavaş-yavaş tükəndiyinə görə bu işlə çox az məşğul oluram. Geyimlərimin əksəriyyətini özüm tikmişəm. Bunu fəxrlə də söyləyirəm, niyə gizlətməliyəm ki? Hansısa brendi dünyaya tanıdan markanın sahibi də mənim, sizin kimi bir insandır da. Hər kəsin öz həyat baxışları var. Mən kiminsə fikrinə müdaxilə edə bilmərəm, əgər o məşhur ucuz bir şeyi brend adi ilə tanıdıb özünü xoşbəxt hesab edəcəksə, elə də desin. Mənə ki ziyanı yoxdur.

- Xədicə, istərdim ailəniz haqda ətraflı danışasınız. Ananızın ölümündən sonra tək təsəlliniz, yəqin ki, atanızdır.

- Allah mənə çox gözəl və böyük bir ailə qismət edib. Atam, qardaşım və 5 qardaşım uşağı var. Atam beyin qanaması keçirdiyi üçün qardaşımın ailəsi ilə qalır. Çünki mən ona təkbaşına baxa bilməzdim. Ailəmi çox sevirəm, həmişə bir-birimizə dəstək oluruq. Atam beyin qanaması keçirəndə həqiqətən mən çox sarsıldım. Mənə yaxın olan bu insanın ağır xəstəliklə üz-üzə gəlməsi mənə pis təsir edirdi. Ona görə də atamın adını təxəllüs götürdüm. Anamı bir neçə ay əvvəl itirdik. Elə bilirəm ki, müvəqqəti gedib, nə vaxtsa gələcək. Gözlərim hələ də yoldadır.

- Amma etiraf edin ki, ata ananın yerini vermir. Ələlxüsus, qız övladına ana həmişə lazımdır.

- Mən əslində valideynlər arasında ayrı-seçkilik etməyi sevmirəm, amma təbii ki, anama daha çox bağlı olmuşam. Atam da mənim qanım, canım, mənim varlığımdır. Necə onu sevməyə bilərəm ki? İnsanın yaşının üstünə yaş gəldikdən sonra daha çox valideynlərinin, ailəsinin qədrini bilməyə başlayır. Kaş ki zamanı durdura bilsəydim. Heç bir şey valideyn sevgisini əvəz etmir. Nə sevgili, nə həyat yoldaşı, nə də yəqin ki, övlad... Valideyn valideyndir.

- Xədicə bəs nə vaxt ana olmaq istəyir?

- Təbii ki, ana olmaq istəyirəm. Yaşımın elə bir çağındayam ki, hər şeyi gözəl hiss edib, anlaya bilirəm. Ana olmağın nə dərəcədə məsuliyyətli olmasını da dərk edirəm.

- Heç sevmisiz?

- Təbii ki, sevmişəm, evlilik təklifləri də olub. Amma hər bir şeyi yüz dəfə ölçüb min dəfə biçməliyəm. Qismət Allahdan. İnsanların bir-birinə güvəninin olması çox önəmlidir. Bəlkə də 10 il əvvəl bu cür düşünməzdim, amma illər bunu sübut etdi ki, qarşındakı insan özün kimi olmaya bilər. Çünki onun daxilini, düşündüklərini, niyyətini bilmirsən. Bunu illər sənə sübut edir. Əvvəlki kimi indi də insanlara çox güvənmirəm.

- Bu illər ərzində qarşınıza çox güvənsiz insan çıxdı?

- Əlbəttə, qarşıma çıxanlar olub, amma onların heç birində güvən olmayıb. Zaman hər şeyi özü yoluna qoyur. Bir insanla yola çıxırsan, istəyirsən ki, ömrünün sonuna kimi onunla birlikdə olasan, amma bəlli bir zamanda anlayırsan ki, bizim yolculuğumuz müəyyən yola qədər imiş. O da artıq keçmişdə qaldı. İndiki Xədicə hər şeyə daha ehtiyatla yanaşır.

- Ola bilməz ki, sənətçilərdən, həmkarı olduğunuz kişi teleaparıcılarından evlilik təklifi almayasız...

- Əslinə qalsa, yox, düz sözümdür. Bəlkə də vaxtında olub, amma son illərdə olmayıb. Çünki onlar mənim dostlarımdır.

- Vaxtında bir çox sosial layihələr ilə uşaq və qocalar evlərini ziyarət edirdiniz. Heç uşaq evindən körpə götürüb saxlamaq istəmisinizmi?

- Bəli, vaxtilə teleaparıcı Hacı Nuranla bütün xeyriyyə aksiyalarını bərabər keçirirdik. Mən uşaq vaxtlarımda da düşünürdüm ki, zaman gələcək, mən ərə gedəcəm, öz uşağım olsa belə, uşaq evindən övladlığa körpə götürəcəyəm. Allah qismət etsə.

- Qadının xoşbəxtliyi kişidən asılıdır, yoxsa qadının özündən?

- Qadının xoşbəxtliyi həm özündən, həm də kişidən asılıdır. İlk növbədə qadın bilməlidir ki, o, həyatdan nə istəyir. Əgər bunu bilsə, o qadın xoşbəxt olacaq. Görün həyatda nə qədər qadın var, onların hamısının həyat yoldaşları var ki? Xeyr, yoxdur. Hər bir kəs fərd olaraq sevgilisi, həyat yoldaşı olmadan da xoşbəxt ola bilər. Məsələn, mən həyat yoldaşım olmadan da xoşbəxt ola bilirəm (gülür). Kişidən qadına diqqət, sevgi, güc tələb olur. Xanımını sevən kişini qadını niyə sevməsin ki?

- Şou-biznesdən dost bildikləriniz kimlərdir?

- Əslində hamı ilə münasibətim yaxşıdır, amma dost dedikdə çox azdır. Sevda və Emma Ələkbərzadələr, Ədalət Şükürov, Lalə Məmmədova, Tünzalə Ağayeva, Samira, İradə İbrahimova və s. sənətçilərlə münasibətim çox yaxşıdır. Heç bir müğənni ilə qalmaqalım, yaxud xoşagəlməz məqamlarım olmayıb.

- Nə vaxtsa başınıza gələcək hansı hadisədən qorxursuz?

- Xəstələnib yatağa düşüb, sevdiklərimə möhtac olmaqdan çox qorxuram. Mən heç bir zaman kiməsə əziyyət verməyi sevməmişəm. Allah mənim ağlımı, işgüzarlığımı, dostlarımı, əzizlərimi əlimdən almasın. Yoxsa ki, mən həyatın çətinliklərindən qorxan insan deyiləm.