700 bal toplayan tələbələr hansı ixtisası seçəcək? - fotolar

700 bal toplayan tələbələr hansı ixtisası seçəcək? - fotolar
10558 dəfə oxunub
  • A-
  • A
  • A+

Tələbə Qəbulu üzrə dövlət Komissiyası II və III ixtisas qrupları üzrə imtahan nəticələrini açıqlayıb. II və II ixtisas qrupları üzrə 6 nəfər 700 bal toplayıb.
 
Axşam.az modern.az-a istinadən III qrup üzrə ən yüksək nəticə göstərən 3 abituriyenti sizə təqdim edir.

Novruzova Lalə III qrup üzrə maksimum nəticə göstərib. Cəbrayıl rayonun məcburi köçkün ailəsində dünyaya gələn Lalə Biləsuvar rayonunda onlar üçün salınan 9 saylı qəsəbədə qalır və burada məktəbə gedib. Orta məktəbini yüksək qiymətlərlə başa vuran Lalə iki il repetitor yanına hazırlığa gedib. Özünə güvəndiyini deyən Lalə imtahandan yüksək nəticə göstərəcəyinə əmin olduğunu vurğulayıb.

“Çünki sınaqlardan hər zaman yüksək nəticə göstərmişəm. İmtahan sualları isə hər oxuyan üçün asan görünür. Mənim bəzi şübhələndiyim suallarım var idi, amma şükür ki onları da uğurla yazmışam. Qızıl və ya gümüş medala namizədliyimi verməmişəm, amma Respublika üzrə fənn olimpiyadasında iştirak etmişəm və Azərbaycan dili, ədəbiyyat üzrə ikinci yeri tutmuşam”.
 
Lalə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşunaslıq fakultəsinə daxil olmaq arsuzunda olduğunu bildirib.

“Bakalavr pilləsini ölkəmizdə, magistrı isə xaricdə oxumaq istəyirəm”.

Abdulrəhimov Kamran yüksək nəticə göstərəcəyinə əmin olsa da 700 bal toplamağın şans olduğunu vurğulayıb.

“Sınaq imtahanlarından maksimum 682 bal toplamışam. Kürdəmir rayonunda orta məktəbi 7-ci sinifə qədər oxumuşam, 7-10-cui sinifləri Ağdaş Türk Liseyində, son 1 –ci sinif isə Türkiyə Dəyanət Vakfı-Bakı Türk Liseyində oxumuşam. Keçən il Ağdaş Türk Liseyində,  bu il isə Türkiyə Dəyanət Vakfı-Bakı Türk Liseyində hazırlaşmışam. Qızıl medala namizədliyimi vermişəm. İnşallah isə sənədlərimi Bakı Dövlət Universiteti Hüquq fakültəsinə vermək istəyirəm”.

Əfəndiyeva Xəyalə Qəbələ rayon Vəndam kənd orta məktəbinin məzunudur. Iki il repetitor yanında hazırlaşan Xəyalə özünə güvənsə də 700 bal toplayacağına gözləmədiyini vurğulayıb.
 
“11-ci sinifdə 2 “4” qiymətim oldu, qalanları isə “5”-dir. Eyni zamanda buraxılış imtahanlarımı da “5”lə vermişəm. Azərbaycan dili, ədəbiyyat fənn olimpiadasında region üzrə 3-cü yerə çıxmışam. Sənədlərimi Prezident yanında İdarəçilik Akademiyası Dövlətçilik Akademiyasında Hüquqşunaslıq fakültəsinə verəcəyəm. Hələki xaricdə oxumaq barədə fikirləşirəm”.

Qasımov Elçin ailədə yüksək bal toplayan yeganə şəxs deyil. Belə ki, onun bacısı Gülçin də bu il qəbul imtahanında II qrup üzrə 685 bal toplayıb.
 
“Düzü belə nəticəni gözləmirdim, çünki kodlaşdırmadan sonra 1-2 səhv olacağını gözləyirdim. Amma nəticələr açıqlananda 700 bal olduğunu gördüm. Bacımla Gəncə şəhər 1 saylı orta məktəbin məzunlarıyıq. Bütün qiymətlərim əladır., buraxılış imtahanlarını “5”-lə vermişəm. Fikrimdə ADA Universitetində oxumağı tutmuşdum. Amma orada təhsil ödənişli olduğu üçün başqa ali təhsil müəssisələrini seçmək məcburiyyətində qalıram. Əgər ADA Universitetində bizim üçün ödənişsiz təhsil imkanı yaratsaydılar oranı böyük mənuniyyətlə seçərdim. Xaricdə təhsil üçün də Dövlət Proqramına sənədlərimi vermişəm. Alınsa yəqinki Türkiyədə oxumağa gedəcəm. İnşallah gələcəkdə yaxşı iqtisadçı olmaq istəyirəm”.

Əhmədov İbrahim Nizami rayonunda yerləşən 214 saylı məktəbini bitirib. Yalnız 11-ci sinifdə müəllim yanına gedən İbrahim 11-ci sinifdə Respublika Fənn Olimpiadasının bürünc medal qazanıb. Təhsil Nazirliyinin qızıl və ya gümüş medalına da öz namizədliyini verib.

“İmtahanda 700 bal toplamaq adi bir iş deyil. Yüksək nəticə göstərməyim təkcə mənim deyil, valideynlərimin və müəllimlərimin əziyyətidir. Necə illik əziyyətin də nəticəsi olmalı idi. Hamı məndən bu nəticəni gözləyirdi və inanırdılar. Çox şükür ki, inamlarını da boşa çıxartmadım. Həmişə sınaqlarda mexaniki səhvlərim olurdu. Müəllimlərim imtahanda da həmin mexanik səhvlərimin olacağını düşünürdülər. Şükür ki, sınaqda olan səhvlərim olmadı. Sınaqlarda əsasən 670 və 690 arası bal toplayırdım. İnşallah Beynəlxalq münasibətlər ixtisası üzrə ADA Universitetində təhsilimi davam etdirmək istəyirəm. Hələ ki, xaricdə oxumaq fikrim yoxdur. Gələcəkdə xaricdə oxumaq istərdim. Sinif yoldaşlarımdan biri 695 bal toplayıb. Digər dostlarımdan da yüksək bal toplayanlar var”.

İsgəndərov Əli Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 saylı məktəbinin məzunudur. Məktəbdən xeyli fəxri fərmanlar alan Əli Təhsil Nazirliyinin qızıl medalına da namizəddir.
 
“1-ci sinfidən 11-ci sinfə kimi əlaçı olmuşam. 10-cu və 11-ci sinifləri müəllim yanına getmişəm. Bu nəticəni gözləyirdim. İmtahandan çıxanda artıq bilirdim ki, 700 bal toplaşım. Yalnız 3 sual şübhəli idi mənim üçün, onların da cavablarını yoxladıqdan sonra 700 bal topladığımı dəqiqləşdirdim. Sınaqlarda ən çox sonuncuda 648 bal toplamışdım. Əvvəlki sınaqlarda isə 626 və 632 bal toplayırdım. ADA Universitetinin Menecerlik fakültəsini oxumaq istəyirəm”.