Şəhid qəhrəmanın qızının toyu oldu - fotolar

Şəhid qəhrəmanın qızının toyu oldu - fotolar
8826 dəfə oxunub
  • A-
  • A
  • A+

Qarabağ savaşında qəhrəmanlıq və şücaəti ilə seçilən, yeni yaranan Hərbi Hava Qüvvələrimizin ilk döyüş təyyarəsinin pilotu, şəhid Vaqif Qurbanovun yeganə yadigarı Sevincin toy mərasimi keçirilib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, baş leytenant V.Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk pilotumuz olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. İyunun 13-də Qarabağ səmasında Şelli kəndi yaxınlığında təyyarə ermənilər tərəfindən vurulub. Cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olması barədə ailəsinə xəbər verilib.

Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. Anası Nəzakət Qurbanova onu atasına layiq övlad kimi böyüdüb boya-başa çatdırıb, ömrünü yeganə övladına həsr edib. Bakı Dövlət Universitetini bitirərən Sevinc xanım atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub. Bu günlərdə kursu müvəffəqiyyətlə başa çatdıraran Sevinc ordu sıralarında xidmətə başlayacaq.

İyulun 25-də isə Sevinc xanımın həyatında ən əlamətdar günlərdən biri baş tutub. Toy mərasiminə onun doğmaları, yaxınları ilə yanaşı, atasının silahdaşları Fuad Məmmədov, Gülbudaq Binyətov, Bəşir Əliyev, Akif Quliyev və başqaları qatılıblar.

Toy mərasimdə iştirak edən Hərbi Hava Qüvvələrinin zabiti Elşad Pənahov ailə quran gəncləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək, onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb.

Sonra atasının silahdaşlarının övladları Səbail rayonunu ərazisində yerləşən 3 otaqlı mənzilin açarlarını və gül dəstəsini Sevinc xanıma təqdim ediblər.

Onun anası Nəzakət xanım Vətən qarşısında xidmətləri olan hər kəsin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildiyini, bütün şəhid ailələrinə, o cümlədən də onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə, ölkə başçısına, ordu rəhbərliyinə dərin minnətdarlığını bildirib.