Qızılgül adası - Rodos

Qızılgül adası -  Rodos
2654 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayın isti günlərində hamının ürəyindən yalnız bir arzu keçir: dəniz, narın qum, sərin meh… Hər kəs səyahətinin macəraya çevrilməsini arzulayır. Bürkülü yay günündə əlinə düşən istirahət fürsətindən yaxşıca yararlanmaq üçün dünyanın ən gözəl yerlərindən birinə getmək vazkeçilməz zövqdür. Bunun üçün Rodos adasını seç. Həmişə parlayan günəş, gözəl təbiət, qədim ab-hava bu adaya getmək üçün əsl səbəbdir. Açıq havada muzeyə bənzəyən bu adada dünyanın yeddi möcüzəsindən biri yerləşir. Yunanıstanın ən çox turist cəlb edən adası Rodos Aralıq və Egey dənizinin suları ilə əhatələnib. Adanın paytaxtı Rodos şəhəridir. 

Axşam.az xarici mətbuata istinadən ada ilə bağlı maraqlı məlumatları təqdim edir:



Paytaxtdan bir neçə metr aralıda yerləşən Diaqoras hava limanı… Əbəs yerə bura «Qızılgül və Günəş» adası demirlər. Adanın hər tərəfindən rəngbərəng çiçəklərin qoxusu gəlir. İlin 300 günü burada hava günəşli olur. İstirahət üçün ən yaxşı ərəfə may ayından oktyabra qədərdir. Bura həm təbiəti, həm də tarixi abidələri ilə diqqət çəkir. Hər kəs özünə uyğun əyləncə tapa bilər.



Adanın gecə həyatı rəngarəng və əyləncəlidir. Turistlər dəniz kənarında, şəhərin mərkəzində Rodosda, dağ yamacında otel tapa bilərlər. Sakit istirahət arzulayanlar isə kiçik bağ evləri kirayə götürsünlər. Adanın simvolu maraldır. Rodos əhalisi çox qonaqpərvər və gülərüzlüdür. Onlar adaya gələn hər bir əcnəbiyə xüsusi münasibət göstərir, onu evlərinə qonaq çağırır, milli yeməkləri ilə tanış edirlər. 

Gəzinti xəritən:

Rodosa gələn ilk növbədə limanın girişindəki Kolosa heykəlinin olduğu yerə gedir. Bu heykəl dünyanın yeddi möcüzəsindən biri hesab edilir. Günəş Allahı Heliosa həsr edilən bu heykəl zəlzələ zamanı zədələndiyi üçün hazırda təmirdədir. Onun yerinə isə iki ədəd maral heykəli qoyulub. Deyilənə görə, maral bir vaxtlar adanı zəhərli ilanların hücumundan qoruyub. Buna görə də ada əhalisi maralı müqəddəs heyvan hesab edirlər.



Ada iki hissəyə bölünür: Kollakio və Hora. Hər iki tərəfi bir-birindən daxili qala divarları ayırır. Orta əsrlərə aid olan bu qala divarları Rodosun gözəlliyindən biridir. Adanın bir tərəfində qədim evlər, digər tərəfində isə müasir, hündürmərtəbəli binalar yerləşir. Ən maraqlı gəzinti əlbəttə ki, qədim şəhərə olacaq.



Gəzintiyə Dahi Sənətkarların Sarayını görməklə başla. İçərisi mozaika ilə bəzədilmiz bu sarayın tavanı mərmərdəndir. Saraydan çıxıb, cənub tərəfə getsəniz müsəlman məscidi «Süleyman»ı görəcəksiniz. Şəhərin qərb hissəsində isə «Arionos» türk hamamı yerləşir.



Əgər yolun şərq hissəyə düşsə, mütləq «vulkan burnu» deyilən Tsambikası gəz.



Rodos gəzintisində rastlaşacağın ən maraqlı yerlərdən biri də Bizans üslublu məbəd Lindos olacaq. Hər tərəfi freskalarla bəzədilən bu məbəd XVIII əsrə aiddir. Giriş pulsuzdur. Amma turistlər mütləq içəridə satılan suvenirlərdən almalıdırlar.



Nağılvari, əfsanəvi Rodos səyahətinin unudulmaz hissəsindən biri də Simi adasına dəniz gəzintisi olacaq.



«Görünməz» kənd

Yolun Rodosa düşsə, mütləq Afandu kəndinə get. Sakit ab-havası olan bu kənd yaşıl təpələr, zeytun və ərik meşələri ilə əhatələnib. Bura «meşə içində gizlənən kənd» deyirlər. Afandu yunanca tərcümədən «görünməz» deməkdir. Ada əhalisi dəniz quldurlarından gizlənmək üçün kəndi bu şəkildə «görünməz» ediblər.



Kənd gəzintisində Panaqiya məbədinə get. Hər tərəfi freskalarla bəzədilən bu məbədin sehrli olduğu deyilir. Xəstə insanlar bu məbədə daha çox gəlirlər. Deyilənə görə, burada arzu tutub, dua edən hər bir insan min dərdindən xilas olur. 



Adanın qədim dövrdəki həyatını görmək istəsən, Arxangelesə get. Burada insanlar qədim adət-ənənə ilə yaşayırlar. Hər bir ailə çörəyi hələ də kiçik sobada bişirir, qədim geyimlər geyinir, köhnə evlərdə yaşayırlar. Adaya gələn hər bir turist mütləq Arxangelsin gözəlliyini görməyə gedir. Rəngarəng balaca evlər, yaşıl ağaclar və çiçəklər buranın ən böyük sərvətidir.  Buranın özəlliklərindən biri də odur ki, Arxangelsdə mələklər dolaşır. Deyilənə görə, buradakı əhali o qədər təmizqəlblidir ki, ora şeytan ayağı dəymir.



Əgər gəzinti yorğunluğunu atmaq üçün dəniz sularına qərq olmaq istəyirsənsə, Kalifeya, Faliraki, Kolimbiya və Lindosa get. Bir vaxtlar balıqçılığı ilə məşhur olan Faliraki indi adanın ən müasir və gözəl yerlərindən biri hesab olunur. Burada dünyanın ən gözəl attraksionunu da görəcəksən.



Lindos Rodosun ən canlı və gözəl yerlərindəndir. Qədim evlərlə əhatə olunmuş Lindos kəndi əsl labirintdir. Dağ mənzərəli, yaşıl meşəli və narın qumlu çimərliklərə heyran qalacaqsan. Buranın təmiz suyu gəzintini unudulmaz edəcək. Lindos turistləri təkcə çimərlikləri ilə yox, həm də tarixi tikililəri ilə heyran edir. Burada həmçinin müqəddəs Pavla buxtasını da görəcəksən. Vindsörfinq sevənlər isə İksya, Prasonis və Yalisosa getsinlər.



Prasonis Rodos yaxınlığında kiçik adadır. Yerli əhali bura «yaşıl ada» deyirlər. Hər tərəfi yaşıl ağaclar və çiçəklərlə dolu olan bu ada həqiqətən də əsl cənnətdir.



Əgər sualtı dünyanı gəzmək istəyirsənsə, Mandrakiyə get. Burada yer üzünün ən böyük akvariumlarından biri yerləşir.

Mətbəx:

Sən əsl dəniz məhsullarından hazırlanan yeməyin dadını məhz Rodosda görəcəksən. Adanın ən ləzzətli və məşhur yeməklərindən biri «pitarudya»dır. Qoyun əti və yaşıl noxuddan hazırlanan bu yeməyin dadından doymayacaqsan.



Adanın milli xörəklərindən biri də oğlaq ətindən hazırlanan «kapamas»dır. Yolun Rodosa düşsə, mütləq duzlu-istiotlu suda saxlanılan «salamoqya» pendirinin dadına bax. Yumurta, düyü və limondan hazırlanan «avqolemono» şorbasının dadına heyran qalacaqsan. Ən məşhur desertləri «melekuni»dir. Bal, badam, küncüt və meyvə şirəsindən hazırlanan bu desertin dadı uzun müddət damağından getməyəcək. Burada həmçinin adaya məxsus olan, badamdan hazırlanan paxlava da yeyə bilərsən. Yerli şərabdan dadmadan adanı qətiyyən tərk etməyin. Əgər yolun Filerimos kəndinə düşsə, burada 7 bitkidən hazırlanan likörun dadına mütləq bax.

Alış-veriş:

Adaya yolu düşən hər bir turist yerli bazar və mağazalardan məmnuniyyətlə alış-veriş edir. Buradan əl işi olan xalçalar, dəri pulqablar və ağacdan düzəldilən suvenirlər almaq məsləhətdir.Ən çox maraq doğuran əşya mərmərdən hazırlanan fiqurlardır. Özünlə müəyyən miqdarda likör, bal, zeytun yağı və şərab götürə bilərsən.  

Qaydalar:

· 18 yaşı tamam olmayan şəxslərin adadan siqaret çıxartması qəti qadağandır.
· Küçədə yerə zibil atsan, cərimə ödəməli olacaqsan.
· Qızıl, gümüş əşyaları alanda, mütləq icazə kağızı tələb etməlisən.
· Küçədə danışarkən səsini qətiyyən yüksəltmə.