Emin Musəvi Latviyada aparıcılıq etdi

Emin Musəvi Latviyada aparıcılıq etdi
1733 dəfə oxunub
  • A-
  • A
  • A+

Latviyanın İctimai Radiosunda Azərbaycanla bağlı veriliş təqdim olunub.

Axşam.az-ın məlumatına görə, proqramın redaktoru və aparıcısı Emin Musəvi, ikinci aparıcı isə əslən azərbaycanlı olan, Bakıda muğam sənətini öyrənmiş Latviya vətəndaşı Leyla Əliyevadır.

Verilişdə Latviya və Azərbaycanda turist kimi səfərlər etmiş hər iki ölkənin vətəndaşlarının fikirləri səsləndirilib. Dinləyici azərbaycanlıların qonaqpərvərliyi haqqında müsahibələri eşitmək, həmçinin muğam sənətinin sirrlərini öyrənmək fürsətini əldə edib.

Proqramda Müslüm Maqomayev, Vaqif Mustafazadə kimi dahi sənətkarların ifasında musiqilər də səsləndirilib.

Emin Musəvi bu il Azərbaycanda Rəşid Behbudovun 100 illik yubileyinin qeyd ediləcəyini xatırladaraq, mərhum sənətkarın ifasında mahnı səsləndirib. Bundan başqa, Latviya dinləyicisinə muğam musiqisinin gözəlliyi nümayiş etdirmək üçün Devid Vendettanın sintezində Alim Qasımovun ifasında muğam səsləndirilib.

Verilişdə həmçinin dinləyiciyə Qarabağ muğam məktəbi haqqında danışılıb. Vurğulanıb ki, qədim Azərbaycan torpağı olan Qarabağ, bütün dünyada təbii konservatoriya kimi tanınan Şuşa Azərbaycanda muğamın və ümumiyyətlə, musiqinin inkişafında xüsusi rol oynayıb.

Xatırladaq ki, milli-mədəni icmaların tarixi və ənənələrinə aid ilk veriliş bu radioda 1989-cu ildə yayımlanıb. Yayımın təşəbbüskarı Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyəti olub.

Latviyanın İctimai Radiosu bu ölkədə ən çox dinlənilən radiolardandır.