Kondisionerli yeni avtobuslar gələn həftədən xəttə buraxılacaq

Kondisionerli yeni avtobuslar gələn həftədən xəttə buraxılacaq
3879 dəfə oxunub
  • A-
  • A
  • A+
Avropa Oyunları ərəfəsində hərəkətin intensivliyini nəzərə alaraq və nəqliyyat xidmətlərinin keyfiyyətliliyinin yüksəldilməsi məqsədilə şəhərdaxili ictimai nəqliyyatın hərəkətində dəyişikliklər edilib. Bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilib, bir neçə marşrutun fəaliyyəti isə dayandırılıb.
 
Axşam.az-ın APA TV-yə istinadən xəbərinə görə, Avropa Oyunları bitdikdən sonra bu məsələ hələ də gündəmdədir və hazırda Nəqliyyat Nazirliyi müvafiq strukturları ilə birgə bu istiqamətdə araşdırmalarını davam etdirir. İşlər marşrut xətlərinin istiqamətlərinin müəyyənləşdirilməsi mərhələsindədir.
 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gələn həftədən başlayaraq Oyunlar vaxtı idmançılara və tamaşaçılara xidmət göstərən, "Baku Bus" MMC tərəfindən paytaxta gətirilən komfortlu avtobuslar ictimai nəqliyyat xidməti məqsədilə paytaxt sakinlərinin ixtiyarına veriləcək.
 
“Bakı Sərnişinnəqliyyat” MMC tərəfindən fəaliyyəti dayandırılan 10 marşrutun 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 yenidən xəttə buraxılmasına gəlincə, qurumdan bildirilib ki, hansı marşrutların istiqamətində təkrarçılıq yoxdursa, onun tezliklə bərpa edilməsi planlaşdırılıb.
 
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsindən isə bildiriblər ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.