Milli Kino Günüdür

Milli Kino Günüdür
955 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Axşam.az-ın məlumatına görə, milli kinomuzun 117 yaşı tamam olur.

1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.

1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Peterburqdan dəvət olunmuş Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.

1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino" "Azərkino", "Azərfilm" "Azdövlətkinosənaye", "Azərfilm" "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən C.Cabbarlının adını daşıyır.

"Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan" (1945), "Şərikli çörək", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan" (1965), "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə bir çox mühüm işlər görülüb.

2015-ci ilin ötən dövrü kino sənayemiz üçün uğurlu olub. Belə ki, kino istehsalı üzrə ölkənin əsas qurumu olan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsalı başa çatmış "Ağır illər... Xoş xatirələr" sənədli, "Dərs" və "Yarımçıq xatirələr" bədii filmləri, "4.1 şəhər motivləri" gənclər kinoalmanaxına daxil olan beş ekran əsəri təhvil verilib.

Həmçinin "Motivlər-2" kinoalmanaxından "Qara bağ" qısametrajlı filmi təqdim olunub. "Hədiyyə" ("Eşqin sonsuz nəğməsi") adlı ekran əsəri tamamlanmaq üzrədir. Almanaxa daxil olan "Postskriptum" qısametrajlı bədii filmi üzərində işlər davam etdirilir, "Onun atası" filmi isə hazırlıq dövründədir.

Hazırda "Qırmızı bağ", "Qatil", "Xeyir ilə Şərin rəqsi", "İçəri şəhər" bədii filmləri və Azərbaycanla Almaniyanın müştərək istehsalı olan "Sarılar - Qarabağ atının səyahəti" adlı sənədli film üzərində montaj-səsləndirmə işləri aparılır. Bu il kinostudiyada "Eviniz abad" ("Köşk") bədii filmi və "Bəstəkar" qısametrajlı sənədli filmi istehsala buraxılıb.

Bu il 117-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.