"Bakı 2015"in ilk qalibini heç belə görməmisiniz - fotosessiya

"Bakı 2015"in ilk qalibini heç belə görməmisiniz -  fotosessiya
15346 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər dəfə sadə geyimlərdə görünən, “Bakı-2015” İlk Avropa Oyunlarda ilk medalı qazanan xanım idmançı bu dəfə qlamur imici ilə hamını təəccübləndirəcək.

Axşam.az-a açıqlama verən İlahə Qasımova karate idman növü ilə məşğul olmasından, “Bakı-2015”dəki qalibiyyətindən danışıb:

“9 yaşımdan həvəskar kimi karateyə başlamışam. Daha sonra nailiyyətlər qazanırdım. 15 ildir, idmandayam. İdman zalı evimizin yaxınlığında idi, gedib məşqlərə baxırdım. Müəllimin təklifi ilə dərslərə qatıldım. İllər ötdü, “Bakı 2015”-in keçiriləcəyini eşitdik və çox sevindik. Nəhayət, mən də gücümü göstərə biləcəkdim. Mənimlə bərabər bir çox idmançımız sözünü dedi. 22 yaşım var, Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Bu yaşımda belə böyük uğur qazandığım üçün özümlə qürurlanıram. Küçədə gedərkən insanlar məni tanıyır, yaxınlaşıb şəkil çəkdirirlər”.

İ.Qasımova gözəllik və baxımdan da söz açıb:

“Bütün günü məşqdə oluram. Özümə o qədər də çox vaxt ayıra bilmirəm. İndi yaydır, istirahətdəyəm. Bir az özümə vaxt ayıra bilirəm. Ən çox saçlarıma qulluq edirəm. Qadına gözəllik verən elə saçlarıdır. Bir də dırnaqlarıma qulluq edirəm. Bizdə uzun dırnaqla yarışa çıxmağa icazə verilmir. Rəqibinin gözünü çıxara, özünə xələl yetirə bilərsən. Ona görə də, dırnaq uzatmırıq. Yarış olmayanda dırnaq qaynağı etdirirəm. Məni hər imicdə görmək olar. İnsanlar elə düşünməsinlər ki, biz yalnız idman geyimlərində gəzirik. Toya, ziyafətə gedəndə mən də zərif libasdan istifadə edirəm”.

Artıq çəkiləri olmayan karateçi “Pəhriz saxlamıram. Əksinə, çox yeyirəm. Məşqdə oğlanlar deyir ki, bizim qədər yeyirsən. Bütün günü məşqdə enerji itirirəm. Onu qaytarmaq üçün vitaminli qidalar qəbul etməliyəm. Xanımlara məsləhət görərdim ki, pəhrizdən çox, idmana üstünlük versinlər”, - deyə, əlavə edib.

İ.Qasımova şəxsi həyatından da söz açıb:

“Şəxsi həyat idmanla uyğun gəlmir. Mənim bütün günüm idman zalında keçir. Kiməsə vaxt ayıra, görüşə, danışa bilmərəm. Ailə qurmaq haqda hələ düşünmürəm. Qarşıda idmanla bağlı planlarım var. 2017-ci ildə Azərbaycanda İslam Olimpiadası keçiriləcək. Ora qatılıb, bu dəfə qızıl medal qazanmağa iddialıyam. “Bakı 2015”dəki uğurum məni daha da həvəsləndirəcək”.

Valideynlərinin ona qadağalar qoymadığını bildirən İlahə “22 yaşım var, öz qərarlarımı verə bilirəm. Nəsə etmək istəyəndə anamla məsləhətləşirəm. Mənə qadağa qoymurlar. Bircə onu deyirlər ki, gecə yarısına qədər küçədə gəzmək olmaz. Evə tez gəlmək lzımdır” deyib.

Zəhra ƏHMƏDOVA

Foto: Ramin ASLANOV

Geyim: Elnarə Bəkirova (055) 704 13 34

Saç və makiyaj: Stilist Elnur Həsənov