Dalarna - real nağıl dünyası

Dalarna -  real nağıl dünyası
3756 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən isti Günəşdən, mavi dənizdən, çimərlikdən yorulub, soyuq bir məkanda istirahət etmək istəyirik. Buz üstündə sürüşmək, qarlı dağlarda xizək sürmək, maral qoşqularında gəzmək… Dünyanın ən təmiz havasını udub, gözəl faunası ilə tanış olmaq… Bütün bunlar səni Dalarna istirahətində gözləyir. Dalarna İsveçin mərkəzində yerləşən tarixi vilayətdir. Əgər İsveçin gözəlliyini görmək istəyirsənsə, Dalarnanı gəzmək kifayətdir. Dalarna «vadilər» deməkdir. İsveçin yeddinci ən böyük gölü Silyan da məhz burada yerləşir. Bura tarixin əsl incəsənətlə birləşdiyi, dağlar ətəyində möcüzəvi bir diyardır. Dalarnaya qədim və müasirliyin birləşdiyi məkan deyilir. Burada tarixin ən gözəl izlərinin canlı şahidi olacaqsan.
Vilayətin paytaxtı Falun şəhəridir. «Mis dağı» adlandırılan Falun YUNESKO-nun himayəsindədir.

Axşam.az xarici mətbuata istinadən Dalarna ilə bağlı maraqlı faktlar təqdim edir:



Turistlərə qalmaq üçün həm otel, həm də balaca taxta evlər və ya villalar təklif edilir.
Yayda sehirli ağ gecələri, qışda isə qar üstündə xizək sürməyi, isti kamin ətrafında uzanıb, «qlyuqqa»dan qurtumlayıb, həzin musiqi dinləmək kefini yalnız Dalarnada yaşayacaqsınız.



Gəzinti  xəritən

Nağıllar aləminə gəzinti Falundan başlayır. Turistlər ilk növbədə buranın qırmızı - qəhvəyi rəngli evlərinə heyran qalacaqlar. Şəhərin ən gəzməli yerlərindən biri mis mədənidir. Mədəndə hətta uşaqlar üçün oyun yerləri də var. Ətrafı at fiqurları ilə bəzədilmiş, qırmızı divarlı mədənlərə heyran qalacaqsınız. Gəzinti zamanı məşhur rəssam Karl Larssonun və həyat yoldaşı Karinin yaşadığı evi də görəcəksən. Evin hər tərəfi tarixi əsərlərlə bəzədilib. O, həm də dünyanın ilk interyer dizayneri olub. Hətta öz yaşadığı evin dizaynını da qeyri-adi düzəldib. Deyilənə görə, bu evin dizaynının bənzəri dünyanın heç bir yerində yoxdur. Dalarne səyahətinin ən maraqlı hissəsindən biri də Nusnes və Telberq kəndlərinə gəzinti olacaq. Nusnesdə ən qədim at fiqurlarını görəcəksən.



Telberq isə milli geyimlər, əl işləri olan paltarları ilə məşhurdur. Telberq kəndi həm də milli rəqsləri, dini bayramları ilə məşhurdur. Burada kəndə gələn turistlər üçün xüsusi şənliklər təşkil edir, onlara öz adətlərini nümayiş etdirirlər. Kəndin xüsusi qoxusu var: hər tərəfdən darçınlı bulka iyi gəlir.  



Dalarna at oyuncaqlarının vətəni hesab edilir. Elə buna görə də vilayət sanki bir nağıla bənzəyir. Turistlər üçün ən maraqlı gəzintidən biri də bu oyuncaqların hazırlandığı fabriki gəzmək olacaq. Fabrik Mura yaxınlığında yerləşir. Buradakı rəngli at fiqurlarına heyran qalacaqsan. Mura Silyan gölü ətrafında yerləşən əsl cənnət məkanıdır. Qışda bu göl donaraq, buz üstündə xizək sahəsinə çevrilir. Deyilənə görə, Silyan nəhəng meteroit nəticəsində yaranıb. Onun mistik bir tarixi var. Hətta suyu bir çox xəstəliklər üçün şəfavericidir.



Mura yaxınlığındakı Qesundaberk şəhərini mütləq gəz. Ətrafı iynəyarpaqlılarla örtülmüş Tomteland adlı yeri gəzməkdən doymayacaqsınız. Bura uşaqlar kimi böyükləri də nağıllar aləminə aparacaq. Şaxta babanın evi adlandırılan Tomteland sehirli bir dünyanı xatırladır. Zəfəranlı bulka və kofeyə heyran qalacaqsan. Burada qoca Tomte yaşayır. Onun işi bütün günü meşə haqqında xəbərlər oxumaqdır.
Əsl incəsənət görmək istəyən Dalhallaya getsin. Burada sal qayalarla düzəldilən konsert zalına və teatra heyran qalacaqsan. Hər həftənin şənbə və bazar günü şəhər sakinləri canlı musiqi dinləmək üçün məhz bu məkana gəlirlər.



«İfritələr məktəbi»

Gəzintinin ən sirli yerlərindən biri də dağ yamacındakı mağaraları gəzmək olacaq. Hər mağaranın öz adı var: hörümçək toru, ifritələr yuvası, falçılar diyarı… Burada çoxlu şamanlar görəcəksən. Onlarla mülayim söhbət etməlisən, əks halda sənə qarqış edirlər. Onların verdiyi talismanları mütləq götürün. Yerli insanlar bu talismanların uğur gətirdiyinə inanırlar.



Gəzinin gözəl və yaddaqalan hissəsindən biri də Rettviki görmək olacaq. Burada ancaq qarşısına at fiqurları qoyulmuş qırmızı taxta evlər görəcəksən. Şəhərin hər yerində «Ehtiyatlı olun, sığınlar» yazısı var. Rettviki məbədləri və ləzzətli mətbəxi ilə də məşhurdur. Məhz buna görə də Dalarnaya gələn məşhurlar buradakı otellərdə qalırlar. Gecə keçirilən canlı konsertə mütləq get. Giriş üçün bilet cəmi 25 dollardır.

Ayılar parkı Qryunklittə heyran qalacaqsan. Burada Cənub heyvanlarının qeyri-adi cinslərinə rast gələcəksən.



Milli park Fulufelletdəki Nyupsker şəlaləsinin gözəlliyi insanı valeh edir.
Vəhşi təbiət qoynunda gəzmək əsl ekstrim olacaq. Sıx meşələrdə gəzib, it qoşqularına minməyi də unutma.



Mətbəx:

Burada ən çox İsveç mətbəxinə rast gələcəksən. Dalarnanın özəl şirniyyatı zəfəranlı bulkilərdir. Yeməklərin əksəriyyəti qışda saxlanılan ərzaqlardan hazırlanır. Yeməklərin əsas hissəsini konservləşdirilmiş tərəvəzlər və balıq təşkil edir. Masada mütləq qurudulmuş balıq olmalıdır. Ancaq balıq yedikdən sonra masaya digər yeməklər gəlir. Balığın yanında qarnir kimi kartofdan hazırlanan «pit i panna» salatı verilir.



Kartof və fərqli göbələklərdən hazırlanan «kantareller»in dadından doymayacaqsan. Burada məşhur «elebrad» şorbası bir ayrı aləmdir. İçərisinə pivə qatılan şorba bütün turistlərə təklif olunur, çünki bu yemək vilayətin vizit kartı hesab edilir. Ən dadlı yeməklərdən biri də ətdən hazırlanan rulet «flaskrulader»dir. Ən fərqli yeməkləri isə soyuq ətdən hazırlanan buterbroddur.
Dalarnada ən sevimli içki qazlı su və kofedir. Yediyin pudinqin dadı isə damağından getməyəcək.  



Alış-veriş:
Gəzinti yorğunluğunu atmaq üçün alış-verişə çıx. Silyan gölü ətrafındakı fabrikə get. Burada xüsusi hazırlanan parçalardan geyimlər ala bilərsən. Geyimlərin əksəriyyətinin üzərində məşhur rəssamların əsərlərinin əksi var. Buradan həm də üzəri daşlarla bəzədilmiş çantalar ala bilərsən. Dalarnada olarkən ölkənin simvolu hesab edilən at fiqurlarından almağı da unutma. Ən böyük alış-veriş mərkəzi Burlenq şəhərində yerləşir.