Qırmızı qızıl - Aruba adası

Qırmızı qızıl - Aruba adası
3213 dəfə oxunub
  • A-
  • A
  • A+

Dənizdə çimib, ağ qum üzərində qaralmağı, maraqlı məkanları gəzib, mərcan qayalıqlardan zövq almağı kim istəməz ki?! Qeyri-adi məkan axtarışındasansa, onda Aruba adasına get. Aruba - mavi aləm, cənnət gözəlliyinin əks olunduğu küçələr, ağ qumlu sahillər deməkdir. Əsl istirahət üçün sənə bundan başqa nə lazımdır? Aruba dünyanın ən gözəl, əyləncəli və romantik guşələrindən biridir.


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, adanın gözəlliyi burada turizmin inkişafı üçün böyük fürsətlər yaradır. Aruba Karib dənizində yerləşir.



Paytaxtı Oranestad şəhəridir. Aruba ilk baxışdan adamı heyran edir. Küçələrdəki rəngarənglik palitranı xatırladır. Bir yanda dənizin mavi suları, ətrafda yaşıl palma ağacları, qoxusu hər yanı bürüyən sarı, qırmızı, bənövşəyi güllər, nəhəng kaktuslar - bütün bunlar Arubanın gözəlliyindən xəbər verir. Burada əsl istirahət üçün axtardığın hər şeyi tapa bilərsən. Burada həm əyləncə vurğunları, həm də sakitlik və romantika axtarışında olanlar üçün imkanlar var. Aruba Karib dənizinin ən gözəl adası və dünyanın ən səviyyəli istirahət yerlərindən biridir.



Adada otellərin hamısı yüksək səviyyədə tikilib və bütün standartlara cavab verir. Bütün otellərin öz çimərliyi, idman mərkəzi, su idmanı, xəstəxanası var. Beşulduzlu «Occidental Grand Aruba» oteli dəniz mənzərəsini sevənlər üçün ən yaxşı seçimdir. Otelin bütün otaqları təbiət mənzərəlidir. Otaqlarda ev ab-havası hökm sürür. Hər otağın öz mətbəxi var. Oteldə müxtəlif restoranlar fəaliyyət göstərir.
Adanın əhalisi çox mehribandır. Burada bir-biri ilə yüksək səslə danışmaq qadağandır. Adada bütün evlər rənglidir: qırmızı, çəhrayı, sarı, mavi.



Hərarət 25-28 dərəcədən aşağı düşmür. Hava şəraiti ilin bütün fəslində istirahət etmək üçün imkan yaradır.  İspanlar Arubaya «qırmızı qızıl» deyirlər. Gecə olanda adanın hər yerində qırmızı işıqlar yanır. Gecə gün batanda isə adada hava qırmızı rəngə bürünür. Adanı gəzdikdən sonra əmin olacaqsan ki, nahaq yerə bura «aristokratlar adası» deyilmir. Burada turistləri müxtəlif boyalarla rənglənmiş, pəncərələri olmayan açıq avtobusda gəzdirirlər. Arubalılar bunu ona görə belə edirlər ki, turistlər yolboyu adanın bütün gözəlliklərinin şahidi olsunlar.

Gəzinti xəritən
Tarixə səyahət
Əgər Arubanın tarixini öyrənmək istəyirsənsə, səyahətə paytaxt Oranestad şəhərinə gəzinti ilə başla. Burada adanın bütün qədim tikililəri, məbədləri və muzeyləri toplanıb. Turistlər bura daha çox «Anna Nord» məbədinə baxmağa gəlir. İçərisi qəribə rəsmlərlə bəzədilən bu məbəd palıd ağacından tikilib. Deyilənə görə, bu məbəddə sehirli qüvvə gəzir. Bu sehirli qüvvə xoşniyyətli insanların bütün arzularının yerinə yetməsinə kömək edir. Məbədin həyətində ayda bir dəfə su çıxır. Bu su bütün xəstəliklərin dərmanıdır.

Təbiət körpüsü

Təbiət möcüzələrindən biri olan bu daş körpü görənləri heyrətə gətirir. Mərcan qayalarının birləşməsindən əmələ gələn bu körpünün hündürlüyü 7 metrdir. Maraqlısı odur ki, qürub çağında körpünün daşları qırmızı rəngə çalır. Bu körpüdən balaca bir daş qırığı götürüb, özündə saxlayan ömrü boyu xoşbəxt yaşayar. Amma bu daşı götürmək üçün turistlərə icazə verilmir.


 
«Sevgi tuneli»
Arubanın ən böyük və məşhur parkı Arikoku mütləq gəz. Qeyri-adi gözəlliyi olan bu parkda hər şey fərqlidir: ağaclar, quşlar, güllər. Təbiətin sirli qalan bütün gözəlliklərini özündə birləşdirən Arikokda qeyri-adi «divi-divi» ağacı bitir. Nəhəng bitkilər arasında gizlənən mağaraları gəzməyə isə hər adam ürək etmir. Deyilənə görə, qorxulu səslərin eşidildiyi bu mağaralar ruhlarla doludur. Parkın ən səssiz hissəsində, dağlar və ağaclar arasında gizlənən Qvadirikiri mağarasını və «Sevgi tuneli»ni mütləq gəz. Qvadirikiri mağarası bir vaxtlar dəniz quldurlarının gizli yeri olub. Hətta buradan dəfələrlə dəniz quldurlarının gizlətdiyi xəzinələr də tapılıb. Ürək formasında olan «Sevgi tuneli»nin içərisi yarasalarla doludur. Burada iki yarasa var ki, onların rəngi və böyüklüyü digərlərindən seçilir. Deyilənə görə, qoşa uçan bu yarasalar dəniz quldurları tərəfindən öldürülən iki sevgilinin ruhudur.



Velosiped vurğunları üçün bu park əsl tapıntı olacaq. Burada həm də dağ velosipedi sürmək üçün imkan var. İstəsən icarəyə velosiped də götürə bilərsən. Səni yerli bələdçilər müşayiət edəcək.
Arubanın ən sirli məkanını görmək istəyirsənsə, Ayo-Rok şəhərinə get. Knyonlarla və qalalarla dolu olan bu şəhərdə adamı vahimə bürüyür. Şəhərdəki nəhəng buzlaq daşları, sıldırım qayalar burada qəribə sirr olduğundan xəbər verir. Daşlar üzərində həkk olunan yazılardan məlum olur ki, burada qədim sirli irq yaşayıb. Elm adamları dəfələrlə bu daşları araşdırmışdılar. Amma hələ də onların sirri və burada necə yarandıqları məlum deyil. Şəhərdə evlərin əksəriyyəti qayaların içərisində tikilib.



Romantik, şirin bir gəzinti arzulayanlar Malmokaya getsin. Şəhər romantik şəkillərlə, buxtalarla doludur. Ətrafdakı mənzərə adamı heyran edir, əsəbləri sakitləşdirir. Şəhərdə xüsusi bir qayda var: bura gələn turist hansısa bir ailənin evində qonaq olub, onların milli yeməklərindən yeməlidir. Sənə elə qayğı göstərirlər ki, özünü sarayın şahı hesab edirsən.



Məşhur Çarli-Barı görmək istəsən Sint Nikolasa get. 40-cı illərdən qalan bu barın divarları dəniz tapıntıları ilə bəzədilib. Bura bəzən «dəniz muzeyi» də deyirlər.



Çimərliklər:

Dünyanın ən gözəl və təmiz çimərlikləri Arubada yerləşir. Çimərlikdə musiqiyə yüksək səslə qulaq asmaq qadağandır. Küçə satıcılarını bura buraxmırlar.
Dünyanın ən yaxşı dayvinqi də Arubadadır. Çünki burada su çox şəffafdır. 95 dollar ödəyirsən, sənə həm dərs keçirlər, həm də paltar verirlər. Dənizin altında gəzinti zamanı «batmış gəmi muzeyi»ni görmək imkanın da olacaq. İstəsən, dəniz gəzintisi üçün yaxta da kirayə götürə bilərsən.
Mütləq «Təbiət hovuzu»na get. Dəniz suyunun dağların arasında əmələ gətirdiyi bu hovuza girmək heç də asan deyil. Hovuzun hər tərəfi hündür qaya daşları ilə əhatə olunub. Amma buranın şəfalı suyunda çimmək çəkəcəyin əziyyətə dəyər.



Gəzinti zamanı turistləri məşhur «Kəpənəklər ferması»na da aparırlar. Burada fərqli rəngdə və nəhəng kəpənəkləri görə bilərsən.



Gəzintinin ən yaddaqalan hissələrindən biri də Vilqelmina parkını gəzmək olacaq. Tropik bitkilərlə və nəhəng kərtənkələlərlə dolu olan bu parkda həmişə festivallar keçirilir. 

Gecə həyatı

Adada Las-Veqasdan geri qalmayan gecə həyatı çox əyləncəlidir. Kimi barda, kazinoda əylənir, kimisə kabaredə sakit və romantik bir şam yeməyi yeyir.



Əgər fərqli əyləncə axtarırsansa onda, dəniz qırağında tonqal qalayıb, gitara çalıb-oxuyan dəstələrə qoşula bilərsən.



Fərqli mətbəx:

Aruba əhalisi əsasən, dəniz məhsullarına üstünlük verirlər. Yeməklərin çoxunu isə duru yağda bişirirlər. Ən məşhur yemək göyərtili krevetkalardır. Yolun Arubaya düşsə, ətli peraşkinin dadına mütləq bax. Noxudlu sup bütün yeməklərdən əvvəl süfrəyə gətirilir. Fərqli ədviyyatlarla hazırlanan «Kala» oladisinin dadını uzun müddət yadından çıxara bilməyəcəksən.



Quzuqapan quşunun ətindən qoyulan turşu - «Stoba»nın dadına bax. Bu zəhərli quş ətindən olan turşunun dadı damağında qalacaq.



Düyü ilə süfrəyə verilən «ayakas»ı ət ruletini hər adam yeyə bilmir. Dadı çox da yaxşı olmayan bu rulet ən bahalı yeməklər sırasındadır. Restoranlarda ancaq Arubaya məxsus olan yeməklərə rast gələcəksən. Amma narahat olmağa dəyməz, bunlar arasında hamının ağız dadına uyğun olanını tapmaq mümkündür. Ən məşhur desertləri karamelli «kesio» və kakoslu pudinq «pudin-di-kok»dur.



Arubada yalnız əla növ içkilər olur. Onların hamısı laboratoriyada yoxlandıqdan sonra satışa buraxılır.
 
Alış-veriş:

Ticarət mərkəzlərində dünyanın ən tanınmış brendləri satılır. Keyfiyyətinə isə söz ola bilməz. O ki, qaldı qiymətlərə... Burada ən bahalı brendin məhsulu belə dünyanın heç bir yerində olmadığı qədər ucuz satılır. Bütün mağazalar saat 8.30-dan 16.00-a kimi işləyir. Dünyanın ən gözəl gümüşlərindən olan aksesuarları məhz bu adada satılır. Zümrüd, kəhrəba, brilyant və başqa bahalı daş-qaşlarla olan zinət əşyalarını isə təsəvvür etməyəcəyin qədər ucuz qiymətə ala bilərsən.



Bunları mütləq bil:
· Hava limanında yaşı 15-dən aşağı olanlara siqaret keçirtmək icazə verilmir.
· Dəridən düzəldilən əşyaların çıxarılması qadağandır.
· Küçədə cibgirlərdən özünü qoru. Özünlə çoxlu pul və sənədlər gəzdirmək məsləhət görülmür.
· Şəhərdə sənə mütləq Hepatit A-ya qarşı peyvənd edəcəklər. 
· Özünü ilanlardan və zəhərli hörümçəklərdən qorumağa çalış.