“Azdrama”nın aktyorları prezidentə şikayət etdi

“Azdrama”nın aktyorları prezidentə şikayət etdi
1766 dəfə oxunub
  • A-
  • A
  • A+
“Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz”

Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru prezident İlham Əliyeva müraciət ünvanlayıb. Axşam.az xəbər verir ki, teatrdan Lent.az-a verilən məlumata görə, müraciət müəllifləri Akademik Milli Dram Teatrında yaranan vəziyyətlə əlaqədar ölkə başçısından kömək istəyiblər:

“Sizin etimadınızı doğrultmaq üçün var-gücüylə çalışan kollektivimizin bütün problemləri 2010 - cu ildən, Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun direktor təyin olunmasından sonra yaranıb. Onun kollektivlə ilk görüşü yaradıcı heyəti aşağılamaqla və bu vaxta qədər görülən işlərin heç nəyə yaramadığını, səviyyəsiz və mənasız işlər olduğunu söyləməklə başlayıb.

Yeni təyin olunmuş direktorun kollektivimizin ünvanına söylədiyi bu haqsız fikirlərinə və aşağılayıcı münasibətinə baxmayaraq, biz işlərimizə davam etdik. Günlər, aylar, illər keçdikcə biz Böyük Sənət Ocağının necə çökməsini, kollektivin necə ümidsizliyə qapılmasını görsək də, dözür, susur və nəhayət bu dağıdıcı prosesə bir son veriləcəyini gözlədik. Amma yaxşılığa doğru heç nə dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə davam etdi və etməkdədir”.

Müraciətdə qeyd edilib ki, daim zəngin repertuarı, uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə fəxr edilən, respublikamızda fəaliyyət göstərən digər teatrlara örnək olan, heç vaxt tamaşaçı problemi olmayan, bütün göstəricilər üzrə öndə olan, hətta bəzi tamaşalarına bilet tapılmayan teatr indi problemlər burulğanındadır:

“Demək olar ki, bütün uğur qazanan, tamaşaçı gətirən tamaşalar repertuardan çıxarıldı, Akademik Teatrın aktyor heyətinin tamaşalarda iştirakı minimuma endirildi, teatrın bütün rejissorları işdən çıxarıldı, kənardan dəvət olunan aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın bütün repertuarını zəbt etdilər. Nəticədə, tamaşaçı sayı, maliyyə göstəriciləri, uğurlu tamaşaları ilə fəxr edən Akademik Milli Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet satışı minimumun altına düşdü, teatr özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu. "Parçala, hökm sür" siyasətini ustalıqla həyata keçirən İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə qoydu. Zərərli daxili konfliktlər yarandı. Dünənki dostlar bir-birinin düşməninə çevrildi. Yaradıcılığa sərf olunacaq vaxt və enerji mənasız, daxili sözlü savaşlardan əsl fiziki güc tələb edən savaşlara keçdi.

Beləliklə, Azərbaycan Xalqının 143 illik tarixi olan sənət ocağı — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, bir nəfərin hikkəsi və iradəsi ilə bütün mənalarda dağıdılır və məhv edilir.

Dövlətin səlahiyyətli orqanları tərəfindən hər hansı bir vəzifəyə təyin edilmiş şəxs rəhbəri olduğu kollektivə dəyər verməli, hörmət etməlidir. Tam məsuliyyətlə deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək bir-birinə düşmən edib və daha böyük fəsadların baş verməməsi naminə bu prosesin dayandırılması lazımdır. Biz inanırıq və əminik ki, bu prosesi Siz, cənab Prezident, yalnız Siz dayandıra bilərsiniz.

Hörmətli cənab Prezident, biz aşağıda imza edənlər, Sizdən çox xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz. Siz kollektivimizin ən çətin zamanlarında, həmişə bizə dayaq olmusunuz, bütün problemlərimizi həll etmisiniz, əminik ki, həmişə olduğu kimi, bu dəfə də bizə dayaq olacaqsınız.

143 illik tarixi olan Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz”.