"ASAN xidmət"in səlahiyyətləri artırıldı - 1 günə arayış veriləcək

"ASAN xidmət"in səlahiyyətləri artırıldı - 1 günə arayış veriləcək
2692 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərman verib.

Axşam.az-ın "apa"ya istinadən məlumatına görə, fərmana əsasən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi üçün arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması və arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi təmin edilməlidir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaradılmasını təmin etməlidir.

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi təmin edilməlidir.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi səyyar xidmətdən daxil olan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsini müəyyən etmək, mərkəzlərdə xüsusi notariusların fəaliyyətinin təşkili ilə bağlı müqavilələr bağlamaq və xüsusi notariuslar tərəfindən tutulan haqların Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyən etmək səlahiyyətləri də verilib.

Dövlət Agentliyinin dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq da əlavə edilib. Daxili İşlər Nazirliyi bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etməli, bununla bağlı xidmətin “ASAN xidmət” mərkəzlərində və Nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etməlidir. Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etməlidir.

Nəqliyyat Nazirliyi isə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etməli, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını və məlumatların şəxsin fərdi identifikasiya nömrəsi əsasında mübadiləsini həyata keçirən müvafiq infrastrukturun yaradılması ilə bağlı tədbirlər görməli, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları, elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədi ilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.