İblisin rəssamı, yoxsa təbiətin vurğunu?

İblisin rəssamı, yoxsa təbiətin vurğunu?
1686 dəfə oxunub
  • A-
  • A
  • A+
Dahi ispan rəssamı, yalnız ölümündən sonra ümumdünyəvi şöhrət qazanmış Cüzeppe Arçimbildonun həyat yolu da icad etdiyi janr kimi qeyri-adi metamorfoz idi.

Axşam.az xarici mətbuata istinadən dahi rəssamın həyatından maraqlı faktları təqdim edir:

O, 1527-ci ildə Milanda doğulmuşdu. 7 yaşından atası, kilsə rəssamı Byadjoya kömək edirdi. Onun 20 yaşında ikən müqəddəs Yekaterinanın həyatından çəkdiyi vitraja bütün Milan heyran qalmışdı. Müqəddəs Roma İmperiyasının imperatoru I Ferdinand onu Venaya, öz sarayına dəvət edib, hər cür şərait yaradır. Sadə portretçidən o, baş rəssama və dekoratora kimi ucaldı. Varis II Rudolf onu Praqaya dəvət edir və “ali zədəgan” titulu verir. Praqada onun yaşadığı «Qızılı küçə»nin qaranlıq sakinləri-maqlar, astroloqlar, əlkimyaçılar, baxıcılar, alimlər və bir də onun kimi incəsənət adamları imperator Rudolfun əmri ilə dünyanın müxtəlif yerlərindən toplanmışdı. «Fəlsəfə daşı»nın xəyalı ilə yaşayan II Rudolf mistika aludəçilərindən sirli arzularına çatmaq üçün istifadə edirdi. Savadsız şəhər əhli bu məhəlləyə qorxu ilə «cadugərlər küçəsi» adını vermişdilər. Çünki buradakı əlkimyaçılar mis və donuzu qızıla çevirməliydilər. Hələ ki, əlkimyaçı və maqların fəlsəfə daşı yaratması və donuzu qızıla çevirməsi baş tutmasa da onlar krala ümidlər verməkdə idilər. Cüzeppenin möcüzəvi tablo və portretləri həqiqətən də heyranedici idi. Meyvələrdən, çiçəklərdən və əşyalardan, bir sözlə əlinə düşən hər şeydən portret çəkməyə onu ilk dəfə Ferdinand təhrik etmişdi: “İstəyirəm ki, mənim rəssamım İntibah dövrünün bütün rəssamlarını geridə qoysun”. Arçimbildo fikrə getdi: axı dahiləri necə ötmək, zamanı necə ram etmək olar? Onun yadına Boes, Leonardo da Vinçinin qeyri-adi işləri düşdü.

Heyvanlar, əcaib-qəraib varlıqlar və canlı bitkilərdən yaradılmış tablolar... Metamorfoz-hələ də xam qalmış sahə idi. Həqiqətən də insanlar hərəsi bir heyvana, quşa, bitkiyə, əşyaya bənzəyir.

Məsələn: Gözətçi dovşana, keşiş isə əsl ulağa bənzəyir. Amma bunu daha incə, dərin mənalı elementlərlə çatdırmaq lazımdır. Bəs, əgər insanı güllərdən, tərəvəzdən çəksəm? Elə səhəri gün
Cüzeppe əlinə keçən göy-göyərtidən, meyvə-tərəvəzdən ilk rəsmini çəkdi. Kələmdən baş, qaragilədən göz, armuddan burun, göyərtidən saç, qızılgül ləçəklərindən üz dərisi. Hər şey o qədər təbii və gözəl alındı ki… İmperator Ferdinand heyran qaldı və dərhal rəssam üçün ən iri emalatxana təşkil etdi.

Meyvələrdən arvad

1574-cü ildə, 25 yaşlı Cüzeppe portretini çəkdiyi qıza vurulur. Adi məhkəmə məmurunun qızı Karolina təbiətin şah əsəri idi: yanaqları lalə, dodaqları mixək, gözləri yasəmən, saçları sarı sünbül. Elə ki, portret hazır oldu, Karolina gözləmədiyi reaksiyanı verdi:

- Bu nədir? Doğrudanmı saçlarım ot-ələfdir, sinəmdə də qırmızı kələm var?

Cüzeppe qıza o qədər aludə olmuşdu ki, onu hər gün görmək üçün atasına 200 flori verib, öz yanına işə götürür. Kasıb qız ipək paltarları, bol yeməyi və daş-qaşı görüb, özünü ən xoşbəxt qadın hesab edirdi, lakin Cüzeppenin evlənmək təklifinə nədənsə, razılıq vermirdi. Bir gecə ehtirasın əsiri olan rəssam Karolinanın otağına girib, yatağına soxulur. Qız nazlansa da etiraz etmir. İşin qaynar çağında bir anlıq Cüzeppe hiss etdi ki, başı hərlənir, ürəyi bulanır. Ona elə gəldi ki, Karolina bu dəqiqə sökülüb töküləcək.
Onun saçları həqiqətən də quru sünbüldür, gecə köynəyinin altında isə iki baş qırmızı kələmdir. O anladı ki, öz əli ilə yaratdığı çanaq elə öz başında çatlayacaq. Çəkdiyi «bostan gözəli» indi onu ağuşuna alırdı. Deməli, o, təbiətin harmoniyasını, Allahın qanununu pozurmuş? Cüzeppe ardına baxmadan otaqdan başılovlu çıxdı. Həmin gecə və ondan sonrakı gecələr barmağının ucu ilə belə Karolinaya toxunmadı. Sonradan hər şey düzəldi. Cüzeppe Karolinanın portretini çəkməyə tövbə etdi, əvəzində isə sevdiyi qızdan bir oğlu dünyaya gəldi.

İblisin rəssamı…

1586-cı ilin gözəl yay günündə, əlində zənbili arıq, çəlimsiz, üzügülər Cüzeppe bazara gedirdi. Meyvə-tərəvəz, gülsatanlar üçün o,arzulanan alıcı idi. Gülsatan qıza yaxınlaşan Cüzeppe təəccübündən yerində dondu. Qız onu görcək rəfiqəsi ilə aradan çıxdı. Hətta qoca Xanna da səbətinin ağzını bağladı. Cüzeppe göyərtisatana yaxınlaşdı. O da üzünü çevirib, tərəvəzlərin üstünü kətan parça ilə örtdü. Bu vaxt kimsə xırıltılı səslə düz qulağına pıçıldadı: «Çıx get. Sənin rəsmlərin İblisin əməlidir. Çəkdiyin güllər Cəhənnəm gülləri, meyvələr isə Şeytanın yeməyidir».

«Üzünüzü açın, görüm məni mühakimə edən kimdir?»-Cüzeppe plaşı dartışdırdı. Ancan yad adam kütlənin içində yox oldu. Xanna qarının deyəsən, rəssama yazığı gəldi:

«Messir, çıxın gedin. Hamımız qorxu içindəyik. Dünən Maruşka suda batdı. Camaat danışır ki, onun portretini çəkdiyinizə görə belə olub».

Arçimbildo dəhşətə gəldi: «Axı portretin nə günahı? Hamı bilirdi ki, atası onu güclə ərə vermək istəyirdi. Bədbəxt qız da özünə qəsd edib. Amma bunu insanlara sübut etmək mənasızdır. Düzdür, bu il hakim Çariye də portretini çəkdirəndən sonra öldü. O, da öz günahının qurbanı oldu. Frau Genaqis isə ürək xəstəsi idi, yazıq ömrünün son günlərində portretini çəkdirdi».

Cüzeppe fikirli-fikirli bazardan çıxdı. Bu vaxt imperatorun 2 gözətçisi yaxınlaşıb dedi: «Messir,
əlahəzrət Rudolf sizi təjili görmək istəyir. Bizimlə gedək».

«Bəlkə, imperator şəhərdəki söz-söhbəti eşidib?». Cüzeppe imperatorun məsləhətçisi və müəllimi idi. Bu baxımdan heç bir cəzadan söhbət gedə bilməzdi. Gözətçi onu saray hücrələrinin birinin qapısı ağzında dayandırdı. Ağır qapı açıldı, Cüzeppe ayağını içəri qoyan kimi də bağlandı. Dərhal qaranlıq çökdü. «Deməli, mən əsirəm. Axmağam da, necə də inandım. Görəsən, kim imperatorun sevimli rəssamını öldürməyə risk edər?». O, qaranlıqda sızılan işıq gördü. Ehtiyatla üzüaşağı gedib, zirzəmi kimi yerdə dayandı. Burada divara məşəl taxılmışdı. Cüzeppenin ağlına dəhşətli fikir gəldi: sarayda söz-söhbət gəzirdi ki, Köhnə Qradın altında alim Beçalelin süni yolla yaratdığı dəhşətli adam-Qolem yaşayır. Alim burada ağlasığmaz eksperimentlər aparırdı. Əcaib insanın yaşaması üçün hər gün ona qan və iç-ciyər gətirilir, müxtəlif insanlardan alınmış əzalar bitişdirilirdi. Beçalil son olaraq süni adama ağılın lazım olduğunu demişdi. Yoxsa, bunun üçün bədbəxt Cüzeppenin dahi beyni nəzərdə tutulub? Cüzeppenin bədəninə soyuq tər gəldi: deməli, mənim ömrüm bura qədərmiş. Qarşısına çıxan daş pilləkənlər onu bağlı qapı ağzına gətirib çıxartdı. Qapını açan kimi qarşısında molbert, fırça və rənglər olan işıqlı otaq dururdu. Rəflərdə isə gül-çiçək, meyvə-tərəvəz düzülmüşdü. Deməli, kimsə onu qaçırdıb ki, şəkil çəkdirsin. Kətanın kənarına yazılmışdı: «Gözəl Yoşkanı çəkməyənə qədər burdan çıxmayacaqsan?».

Yoşka bağbanın qızı idi, saraydakı güllərə qulluq edirdi. Elə də gözəl deyildi. Bu dəli aşiq kimdir axı?

Cüzeppe ömürlük burada qalacağından qorxub, tələsik işə başladı. O, qızı nimfa obrazında çəkdi. Yorulub yuxuya gedən rəssam gözünü açanda otaqda çörək və su gördü. Deməli, kimsə onu güdürmüş. Yalnız su içən rəssam nəhayət ki, portretin altında imzasını qoyub, özünü qaranlığa atdı. Bir də gözünü açanda isə özünü evdə, arvadının dizi üstündə gördü. «Həyəcanlanma. 2 gündür ki, yatmısan. Səni bura gözətçilər gətirdi, bazarda huşunu itirmisən». «Deməli, mən yuxu görürdüm?». Birdən oğlu Benedetto atasının qucağına atıldı: «Ata, nə yaxşı gəldin. 2 gün idi harda idin?». «Bəs deyirdin, yatmışam»-deyə təəccüblə arvadına çevrildi. Karolina tutuldu: «Səni gətirənlər dedilər ki, olanları unutsun. Elə hesab etsin ki, yatıb. Bu, əlahəzrətin göstərişidir». Rəssam yorğun başını balışa sıxdı. «Necə də ağılsızam. Bir dəfə bağdakı hovuzun arxasından utandığından yanaqları qızarmış Yoşka hövlnak çıxıb qaçdığını görmüşdü. Elə bu vaxt parkın alaqaranlığından qəhqəhə səsləri eşidildi. Bu, Rudolfun gülüşü idi. Bəs, eşq macəralarını gizlətməyən Rudolf niyə Yoşkanın portretini gizlin çəkdirdi? Yəqin Rudolf gənc arvadı Mariya de Staradadan qorxurdu. Bəlkə Yoşka hamilədir, Rudolf ondan olan uşağını vəliəhd elan edəcək?»

Bu sirri bilmək ölümə fərman imzalatmağa bərabərdir. Əgər sarayda sabah hər şey dəyişsə, Rudolfun qanındakı vəhşilik və ağılsızlıq baş qaldırsa, Mariya da qisas alsa… Bir dəqiqənin içində zirzəmiyə salınan rəssamı sabah izsiz-tozsuz zindanda çürümək gözləyirdi. Cüzeppe dünənki səhvi bir daha təkrarlamaq istəmirdi. O, arvadını xəbərdar etdi: «Karolina, yığış, Milana gedirik. Hamıya de ki, yaxın qohumumuz xəstədir, sonra qayıdacağıq. Amma bil ki, bir də heç vaxt Praqanı görməyəjəyik». İmperator rəssamın icazə xahişini yubadırdı. O, Cüzeppenin ağzından söz almaq istəsə də o, daş kimi lal idi. Cüzeppe yalvarırdı:

Tezliklə qayıdaram. Həm də orada boş durmayacam. Ancaq sizin işləri görəcəyəm. Milad ərəfəsinə sizin «İlahi təbiət» portretinizi göndərəcəm».

İsanın lənəti…

Doğma şəhər rəssamı soyuq qarşıladı. O, dərindən nəfəs alıb, azadlığının şərəfinə yeni silsilədən «İlin fəsillərini» yaratdı. Söz verdiyi şedevr portreti - «Vertumna»nı Rudolfa göndərdi. İmperator onu qraf Palatin titulu və 1000 florinlə mükafatlandırdı. Artıq yoxsulluqdan qorxusu yox idi. Ancaq dayanmaq olmazdı, o işləməliydi və daha yaxşı əsərlərini yaratmalıydı. Təəssüf ki, Milanda onun janrına tələbat yox idi. Abbat İqnasiy Arçimbildonun «Virtumna» əsərinə baxıb dedi: «İmperator azad fikirlidir. O, nə istəsə çəkdirə bilər. Amma biz bunu qəbul edə bilmərik. Məsələn, mən sənin yanına Adəm-Həvva freskasının sifarişi üçün gəlmişəm. Sən bu işi necə təsəvvür edirsən?». «Biz hamımız onlardan yaranmışıq. Ona görə də onların bədənini saysız-hesabsız körpə rüşeymlərindən çəkmək maraqlı olar. Bu, yaradılışın fəlsəfi izahıdır». «Bu, cəfəngiyyatdır. İnsanları meyvəyə, gülə çevirməyiniz bəs deyil, hələ bir Adəmə də əl atırsız?». «Sizi qınamıram. Zaman gələcək, əsl sənətsevərlər dəyərimi verəcək».
Həmin ərəfədə kilsənin və abbatın acığına Cüzeppe illərlə beynində gəzdirdiyi portreti yaratmağa qərar verdi. O, İsa Məsihin metamorfoz şəklini çəkməyə hazırlaşırdı. «Əgər Yer üzü, insanlar və kainat onun nəzarətindədirsə, yaratdığı hər şey onun portretində olmalıdır: canlı heyvandan tutmuş evlərə, ağaclara kimi, eybəcərdən tutmuş bədheybətə kimi. Günəş, Ay, planetlər, dənizlər, dağlar-bu şəkildə hər şey olmalıydı». Lakin Milanda ona bu ağlasığmaz ideyanı reallaşdırmağa icazə vermirlər. Həmin ərəfədə rəssamı dəhşətli ağrılar sarır. Həkimlər böyrəklərində daş olduğunu deyirlər. Rəssam həmin an öz xəstəliyini çəkmək fikrinə düşür: görəsən, böyrəkdəki daş necə görünür? İndi mən özümü daşlaşmış təsəvvür edirəm. Bir ay sonra Cüzeppe yaddaşını itirir, huşsuz vəziyyətə düşür. Son nəfəsində o, öz xələfləri Leonardo, Rafael və Bottiçellinin ruhları ilə danışaraq sayıqlayır: «Mən insanı hissələrə bölmək istəmirdim. Mən yaradılışa xələl gətirmək istəmirdim. Mən sadəcə, incəsənətdə yeni yol axtarırdım».

1593-cü ilin 11 iyulunda Cüzeppe Arçimbildo dünyasını dəyişdi. Sonradan oğlu ehtiyac üzündən atasının son əsərlərini satışa çaxarsa da, ona o vaxt üçün çox gülməli məbləğ-21 florin ödəyirlər. İndi, 4 əsr sonra isə Arçimbildonun əsərləri milyon dollarla hərraca çıxarılır. Salvador Dali isə onu öz müəllimi və ilham mənbəyi adlandıraraq demişdi:

Arçimbildo özü də bilmədən yeni və orijinal bir canrın-sürealizmin əsasını qoydu. Ondan sonra heç kim onun çəkdiyi kimi çəkə bilmədi, biz sadəcə, onun cığırına düşməyi bacardıq. «İlin fəsilləri» seriyasına başladı. «Yay», «Payız», «Yaz» portretləri təzə-tər gül-çiçək və meyvə-tərəvəzdən çəkilib. «Su» portreti dəniz heyvanları və nemətlərindən yaradıldı: balıqlar, osminoqlar, mirvari və mərcan. Biblioqraf dostunun şəklini kitablardan, ikiüzlü vəkilin şəklini isə qızardılmış toyuq və balıqdan çəkmişdi.