Gəncədə teatr mövsümünün açılışı olub - fotolar

Gəncədə teatr  mövsümünün açılışı olub - fotolar
638 dəfə oxunub
  • A-
  • A
  • A+
Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünun açılışı əsl incəsənət bayramına çevrilib.

Axşam.az-ın məlumatına görə AzərTac xəbər verir ki, açılış mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, tanınmış incəsənət xadimlərinin, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub. Sonra mərasim iştirakçıları şəhərdəki tarixi abidələrə - çökək hamam, Şah Abbas məscidi və Cavad xan türbəsinə baxıblar.

Bayram tədbiri Cavad xanın adını daşıyan küçədə davam etdirilib. Gəncə Dövlət Dram Teatrının aktyorları görkəmli Azərbaycan dramaturqlarının əsərlərindən parçalar nümayiş etdiriblər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxıblar. Məktəblilərin ifasında səslənən şeirlər, mahnılar hərarətlə qarşılanıb.

Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Burada dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırılıb. Xalq Artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar hamıda xoş ovqat yaradıb.

Sonra Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq olub. Nazir Əbülfəs Qarayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də tanınmış teatr və incəsənət xadimləri mərkəzi gəzərək, burada yaradılan şəraitlə tanış olublar, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar. Daha sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə “Göygöl” dövlət mahnı və rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış edib.

Yeni teatr mövsümünün açılışı Gəncə Dövlət Kukla Teatrı kollektivi üçün ikiqat bayrama çevrilib. Sentyabrın 14-də teatr binasının əsaslı təmirdən sonra açılışı olub. Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş ediblər. Tədbir iştirakçıları teatr binasında yaradılan şəraitlə tanış olublar.

Həmin gün axşam Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılış mərasimi keçirilib.

Bu münasibətlə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tanınmış incəsənət xadimlərinin, respublikada fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, gündən-günə inkişaf edən bu qədim şəhərdə görülən işlərdən danışıb. Vurğuladı ki, şəhərdə aparılan yenidənqurma işləri çərçivəsində maddi-mədəni abidələrə ikinci həyat verilməsi, eləcə də yeni mədəniyyət obyektlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Xüsusilə son üç ildə şəhərdə ən müasir mədəniyyət ocaqları istifadəyə verilib ki, bu da mötəbər tədbirlərin keçirilməsinə imkan yaradıb. Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün Gəncədə açılmasını şəhərin mədəni həyatında əlamətdar hadisə adlandıran Elmar Vəliyev bu münasibətlə teatr işçilərini, həmçinin teatrsevərləri təbrik edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müstəqillik illərində mədəniyyətimizin inkişafı sahəsində qazanılan uğurlardan, ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

“Mövcud teatr binalarının təmiri, yenilərinin inşası, teatrların maddi-texniki bazasının gücləndirilməsi onu deməyə əsas verir ki, Azərbaycan teatrının sabahı daha işıqlı olacaq və xalq teatrlardan istədiyini ala biləcək” – deyə nazir vurğulayıb.

Sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası ilə yeni mövsümə start verilib. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluşu əsasında hazırlanmış tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, Ramiz Vəliyev, Faiq Qasımov və başqaları ifa ediblər.