"Sadəcə sevmişəm" - fotolar

"Sadəcə sevmişəm" -  fotolar
3454 dəfə oxunub
  • A-
  • A
  • A+
Tarzən Humay Qədimova yenilik hazırlayır.

Axşam.az-a açıqlama verən ifaçı 7 əsas muğamı bir arada təqdim edəcəyini bildirib:

“Çoxdankı arzumdur ki, tarın müşayiəti altında həmin muğamları dəsgah şəklində lentə yazdırım və qızıl fonda təqdim edim. Bunu gələcək nəsilə ərməğan etməyi düşünürəm. Bu layihə ilə bağlı tərəddüdlərim çox oldu. Bir neçə dəfə cəhd elədim, amma düşündüm ki, daha da püxtələşməliyəm. Elə bir ifa olmalıdı ki, sənətkarlarımız dinləyəndə “afərin” deyə bilsinlər. İndi özümü buna hazır görürəm. Ümid edirəm ki, 2016-cı ilin ilk aylarında bu layihəni təqdim edəcəm. Daha bir layihəm də var, o barədə yaxın günlərdə dəqiq məlumat verəcəm”.

H.Qədimova efirlərdə az görünməyinin səbəbini də açıqlayıb:

“Peşəkar sənət nümayiş etdirmək üçün mənim aylarla məşqə ehtiyacım var. Efirlərə şou göstərmək yox, sənət göstərmək üçün çıxmağı istəyirəm. Gün ərzində müəyyən qayğılar var, onların həllinə vaxt ayırıram, tələbələrimlə görüşürəm. Daha çox gecə saatlarında məşq edirəm. Bütün şəhər yatır, amma mənim səhərə qədər məşq etdiyim anlar olub. Əvvəllər milli alətlər, milli musiqi indiki qədər təbliğ olunmurdu. Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam sənəti və muğam ifaçıları  böyük dəstək görməyə başladı. Tarı əlimə götürəndə onun maddi tərəfini qətiyyən düşünmürdüm. Tarı sadəcə sevmişəm. Evdə məni fortepianoya göndərirdilər. Amma müəyyən tərəddüdlərdən sonra  tar sənətinə yiyələnə bildim. Lakin alətə olan məhəbbətim, sevgimdən mən tarın simasında tanındım. Bir gün əlim tarın siminə toxunmasa, məndə əhval-ruhiyyədən əsər-əlamət qalmaz. Mən rahatlığımı sənətimdə tapıram”.