Aida Mahmudova “Qırılma” sərgisində - fotolar

Aida Mahmudova “Qırılma” sərgisində - fotolar
2032 dəfə oxunub
  • A-
  • A
  • A+

YAY Qalereyası Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Hüseyn Haqverdinin “Qırılma” adlı fərdi sərgisini təqdim edib.

Mərasimdə YARAT Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova, görkəmli ictimai xadimlər, mədəniyyət və incəsənət, yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.

YARAT-dan Axşam.az-a verilən məlumata görə, Hüseyn Haqverdinin əsərləri zəncirvarı reaksiya kimi suallar doğurur. Həmin suallar alışdığımız “üslub” anlayışının tərk etdiyi bu günün postmodernist dövrünə həyəcan qatan düşüncələr oyadır. Rəssamın yaradıcılığına aid edildikdə isə, bunu dialoq sisteminin qurulması kimi müəyyən etmək olar. Bu modeli sənətkar ilk dəfə “Daş” adlı layihəsində təklif etmişdi.

Layihənin məğzini Abşeron daşından hazırlanmış heykəllər deyil, dialoq prinsipinin özü təşkil edir. Dialoq əsnasında burada bir-birini hissiyyat baxımından tamamlayan, bir-biri ilə söhbətləşən, qarşılıqlı cazibə qüvvəsinə malik olan daşlardan ibarət balaca qalaktika ab-havası yaradılıb.

Hüseyn Haqverdinin “Hüdudları aşaraq” adlı növbəti layihəsi Venesiya Biennalesində təqdim olunaraq, dialoq sistemini inkişaf etdirib yeni bir müstəviyə çıxarmışdı. Dialoq burada zaman körpüsü konseptini təşkil edərək, bizim dövrü 1960-cı illərin Azərbaycan rəssamlarının andeqraund cərəyanı ilə birləşdirdi. Rəssam qaraya boyadığı ağac instalyasiyalarından ibarət labirint ekspozisiyası yaratmışdı; qara xaos – atasının da məxsus olduğu bir nəslin keçdiyi yolu, yaşadığı həyatı ifadə edən metaforadır.

Növbəti pillə – “Qırılma” sərgisi – başqa bir palitra, başqa bir hekayə olsa da, əvvəlki kimi dialoq sistemidir, əvvəlki kimi fiziki gerçəklikdən kənara çıxan yaradıcılığın təzahürüdür. “Qırılma” layihəsini isə bəlkə də, “rəngin təbiətini hədəfə alan tədqiqat” adlandırmaq olardı, ancaq Haqverdinin əsərlərinin xarakteri buna heç də tam əsas vermir.

Sənətkar intuisiya ilə, kor-koranə hərəkət edir, materialın fakturası, görünüşü ilə dialoqa girir, cizgiləri və rəng laylarının uyuşmasını danışdırır, özünü rənglərin yeni “sədaları” dalğasına “kökləyir”.

Sərgidə sənətkarın yaradıcı dəsti-xəttinə xas olan işlər – qarışıq texnikada hazırlanmış qrafika, rəngkarlıq, daşdan və ağacdan hazırlanmış heykəltəraşlıq əsərləri təqdim olunur.

Sərgi noyabrın 10-a kimi davam etdiriləcək.