Sentyabrda ana olan Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva həftə sonu bir neçə aylıq fasilədən sonra səhnəyə çıxacaq. Teatrı, işini sevdiyini deyən aktrisanın uzun müddətli analıq məzuniyyətinə çıxmaq fikri yoxdur.
Teatrdan Axşam.az-a bildiriblər ki, aktrisa 40 günlük körpəsini yaxınlarına əmanət edərək oktyabrın 11-də Rus Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Büllur Sarayda” pyesi əsasında hazırlanan tamaşada baş rolu canlandıracaq.
Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə həyata keçirilib.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutub. Tamaşa Azərbaycanın Xalq Yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunub.