Azərbaycan filmləri beynəlxalq festivalda

Azərbaycan filmləri beynəlxalq festivalda
944 dəfə oxunub
  • A-
  • A
  • A+

Vyanada “LET´S CEE” beynəlxalq film festivalı çərçivəsində Azərbaycan kinosu günü keçirilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, oktyabrın 1-dən 11-dək davam edən film festivalında bu il ölkəmiz iki bədii filmlə təmsil olunur. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” və “Nabat” bədii filmləri “Urania”, “Village Cinema” və “Actor´s Studio” kinoteatrlarında nümayiş etdirilir. Bu festivalda iştirak hər iki bədii ekran əsərinin Avstriyada ilk nümayişidir.

“Axınla aşağı” filminin rejissoru Asif Rüstəmov,

“Nabat” filmində baş rolu canlandıran aktrisa Fatimə Motamed-Arya, “Azərbaycanfilm” kinostudiyasının direktoru, ssenarist və kinoprodüser Müşfiq Hətəmov, kinostudiyanın əməkdaşları da festivalda iştirak edirlər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən hər iki film tamaşaçıların böyük marağına səbəb olub. Psixoloji ailə dramını canlandıran “Axınla aşağı” filmi və Qarabağ müharibəsində sadə azərbaycanlı qadının həyatını, göstərdiyi şücaəti əks etdirən “Nabat” filminin nümayişindən sonra ekran əsərini ərsəyə gətirənlər tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, “Nabat” filmi festivalda “Ən yaxşı bədi film” nominasiyası üzrə keçirilən müsabiqədə mükafata ən iddialı filmlər sırasındadır.

Mərkəzi və Şərqi Avropa ölkələrinin kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu “LET´S CEE” beynəlxalq film festivalı, eyni zamanda, film istehsalçıları, rejissorlar və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün mühüm platformadır.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində ölkəmiz artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur.