"ATV Qalereya" adlı sərgi salonu açıldı - fotolar

"ATV Qalereya" adlı sərgi salonu açıldı - fotolar
2303 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azad Azərbaycan" şirkətinin inzibati binasında “ATV Qalereya” adlı sərgi salonu fəaliyyətə başlayıb və qalereyada ilk sərgi açılıb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə oktyabrın 12-də tədbir keçirilib. ATV-nin Bədii Şurasının sədri Etibar Babayev açılış mərasimində çıxış edərək şirkətin yeni, o cümlədən efirdən kənar geniş layihələr həyata keçirdiyini söyləyib.

Bildirib ki, ATV yeni mövsümdə imza atdığı yeniliklərdən biri də “ATV Qalereya” adlı sərgi salonunun fəaliyyətə başlamasıdır. Qalereyada açılan ilk sərgi barədə məlumat verən E.Babayev qeyd edib ki, bu gün burada Azərbaycan Rəssamlar İttifaqının üzvləri Mətanət və Etibar Aslanovların əsərlərindən ibarət sərgi nümayiş olunacaq.

Fırça ustalarının rəsm əsərləri qrafika janrındadır. “Azad Azərbaycan” şirkətinin prezidenti, Əməkdar Jurnalist Vüqar Qaradağlı qalereyanın açılmasında təşəbbüs göstərənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, məqsədimiz Azərbaycan təsviri sənət ustalarının yaradıcılığı ilə tamaşaçıları yaxından tanış etmək, rəsm sənətinin geniş təbliği sayəsində bədii-estetik zövqün inkişafına təkan vermək, xalqı maarifləndirmək, gənc istedadların üzə çıxmasına vasitəçi olmaqdır. Şirkətin prezidenti vurğulayıb ki, “ATV Qalereya”nı digər sərgi salonlarından fərqləndirən ən başlıca cəhət odur ki, biz sənətsevərləri hansısa ünvana dəvət etməyəcəyik, sərgini hər kəsin evində ailəsində fərdi qaydada nümayiş etdirəcəyik. Vüqar Qaradağlı qalereyanın açılışı münasibətilə rəssamları və tamaşaçıları təbrik edərək bu təşəbbüsün milli mədəniyyətimizin daha geniş təbliğinə, gələcək inkişafına, mənəviyyatımızın zənginləşməsinə xidmət göstərəcəyinə ümidvar olduğunu söyləyib.

Xalq rəssamları Arif Hüseynov və Səlhab Məmmədov, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə çıxış edərək qalereyanın fəaliyyətə başlamasının Azərbaycan incəsənətini təbliğ edən insanlar üçün gözəl təşəbbüs olduğunu bildiriblər. TV-nin geniş auditoriyaya sahib olduğu vurğulanaraq qeyd edilib ki, qalereyanın ekspozisiyası kanalın yayım əhatəsinə daxil olan hər yerdə, hər məkanda arzu edənlərin üzünə açıq olacaq. Diqqətə çatdırılıb ki, Mətanət və Etibar Aslanovlar yerli və xarici sərgilərdə ölkəmiz layiqincə təmsil ediblər.
 
İlk sərginin müəlliflərindən olan Etibar Aslanov sərginin təşkilinə görə ailələri adından təşkilatçılara minnətdarlığını bildirib. Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Bir ay davam edəcək sərgidə Mətanət və Etibar Aslanovların qrafika üslubunda əsərləri nümayiş olunur.