"Onları konsert salonlarına buraxmaq lazım deyil" - Aygün Səmədzadə

"Onları konsert salonlarına buraxmaq lazım deyil" -  Aygün Səmədzadə
2363 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az kulis.az-a istinadən bəstəkar Aygün Səmədzadə ilə müsahibəni təqdim edir.
 
- Aygün xanım, bu yaxınlarda Heydər Əliyev Sarayında konsert verəcəksiz. Hazırlıqlar necə gedir?
 
- Hələ ki, yaxşı gedir. Mən musiqiçi kimi baxıram. Musiqi tərəfindən isə hər şey qaydasındadır. Bu konsertdi, canlı ifalar, canlı musiqi olacaq. Ona görə də həmin günümüzə nə yazılıb bir Alllah bilir, qabaqcadan demək olmaz.
 
- Bəs sizin proqnozlarınız necədir?
 
- Bir şeyə inanmasam onu eləmərəm. Düşünürəm ki, maraqla dinlənilən konsert keçməlidir. Ən azından ona görə ki, mahnılarımın fərqli ifası, fərqli səslənməsini eşidəcəklər.
 
- Sevimli işinizlə məşğulsunuz.
 
- Bəli. Bu işin içində olmaq məni qane edir. Heç öz yaradıcılıq gecəm olmasa belə yenə eyni sevinc hisslərini yaşayacaqdım.
 
- Belə çıxır konsertin şou tərəfləri ilə məşğul olmursuz?
 
- Mən heç kəsə yalan vədlər vermirəm. Bu şou deyil. Yəni məni orda musiqidən yayındıran şeylərlə məşğul deyiləm. Bəlkə də nə vaxtsa məhz bu proyekti görüntü baxımından bir qədər təkmilləşdirib şou şəklində də təqdim edəcəyəm. İki saatlıq konsert nəzərdə tutulub. Bu dəfə sırf musiqimi göstərmək üçün konsert verirəm. Hansı istiqamətdə işlədiyimi bir daha nümayiş etdirmək istəyirəm. Əlbəttə ki, mahnılarımın onsuz da istiqaməti akademik yönlüdür.
 
- Ciddi musiqidir.
 
- Təəssüflər olsun ki, nədənsə bizdə mahnıya ciddi musiqi demirlər. İri həcmli əsərlərə ciddi, mahnılara isə yüngül musiqi deyirlər. Amma təkcə mənim yaradıcılığıma yox, ümumiyyətlə bizim klassik mahnı repertuarımıza qeyri-ciddi musiqi demək olmaz. Bəzən böyük simfonik əsəri sona qədər dinləyir və bəstəkarın nə demək istədiyini anlaya bilmirsən. Bəzənsə bir mahnıda belə böyük bir simfoniyada ifadə ediləcək qədər fikir söyləmək mümkündür.
 
- Mahnıda bunu ifadə eləmək mümkündür?
 
- Hər bir əsər insanın müəyyən ovqatına təsir edir. Hər hansı bir əsəri dinləyərkən müəyyən ruh halətində olursan. Və sən o halətini kiçik bir musiqiyə də qulaq assan ifadə edəcəksən, böyük simfoniyaya qulaq assan da. Əgər insan musiqi duyumu və musiqi tərbiyəsinə malikdirsə, ikisinin də təsiri eyni olacaq. Bu konsertdə təkcə mahnılarımı təqdim etməyəcəm, burda instrumental əsərlərim də olacaq. Və bu mənim deyilən ciddi musiqi sahəsində göstərdiyim ilk təqdimatdır.
 
- Deməli hardasa mahnı janrına olan o qeyri-ciddi münasibəti dağıtmaq istəyirsiz?
 
- Əslində mən heç kəsə heç nəyi sübut eləmək fikrində deyiləm.
 
- Konsertin bir mesajı yoxdur?
 
- Xeyr. Ümumiyyətlə nəyisə sübut eləmək kimi bir məcburiyyətim də yoxdur, çünki biz öz işimizi görürük. Dinləyən də öz qənaətinə gələcək.
 
- İlk konsertinizdir?
 
- Xeyr, üçüncü konsertimdir.
 
- O zaman işiniz asan olar.
 
- Asan deyil. Çünki o biri konsertlərimdə mahnıların təqdimatı fərqli idi. Burda isə orkestr olacaq, bunun da məsuliyyəti çoxdur.
 
- Hansı müğənnilərlə işləyəcəksiz, konsertdə kimlər olacaq?
 
- Adlarını demək istəmirəm.
 
- Niyə demək istəmirsiz?
 
- Məni tanıyanlar bilirlər ki, üçüncü konsertim də olsa heç birində müğənni adını nə afişalarda, nə də anonslarda verməmişəm. Yəni konsertdə filan-filan müğənnilər var, gəlin. Bu fikirdən uzağam. Fikirləşirəm ki, kiminsə adını çəkərəm, birdən gəlməz. Qoy hər şey konsert günü görsənsin. Ümumiyyətlə, özümü heç vaxt hansısa müğənninin adı ilə reklam eləməmişəm, buna ehtiyac duymuram. Amma orda öz canlı ifası ilə konserti gözəlləşdirəcək hər bir musiqiçiyə minnətdarlığımı bildirirəm.
 
- Deyəsən konsertqabağı müsahibələrinizin birində dediniz ki, yalnız canlı ifa edə bilən musiqiçiləri dəvət edəcəksiniz.
 
- Əlbəttə. Çünki başqa cür mümkün deyil. Birincisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çoxdan qəbul olunmuş qərar var; Heydər Əliyev adına Sarayda fonoqram oxumaq qadağandır. Böyük auditoriya qarşısına çıxara biləcəyimiz canlı səsə güvənməliyik. Əslində gülməli də olsa, fonoqram ifa olunarkən mən də rahat oluram. Çünki nə müğənniyə görə təlaş keçirirsən, nə də narahatlıq olur. Amma yenə də düşünürəm ki, tamaşaçı qarşısında yalandan ağız tərpətmək ona hörmətsizlikdir.
 
- Bu mahnılar sizin beyninizin, ürəyinizin məhsuludur. Hər dəfə də yəqin bu mahnıların ürəkdən, canlı-canlı oxunmasını istəyərsiz. Amma müğənni tanıyırsız ki, çox vaxt fonoqram oxuyur. Həmin müğənniyə bəsətələrinizi vermək ürəyinizcə olurmu?
 
- Bizim çox tanınmış, adlı-sanlı müğənnilərimiz var ki, ancaq televiziya və radio üçündürlər. Yəni fonoqram ifa lazım olanda onlar çox gözəl görünürlər. Çox istəyərdim ki, onlar konsert salonlarında gəlib canlı oxuya bilsinlər. Efirləri bəzədikləri kimi konsert salonlarını da ifaları ilə bəzəsəydilər buna ancaq sevinərdim.
 
- Bəzi müğənnilər efir üçündür, bəziləri də konsert üçün.
 
- Əslində təkcə efir yox, radio müğənniləri ayrı, televiziya müğənniləri ayrı, toy müğənniləri ayrı olmalıdır. Bizdə isə hamısı qarışıb.
 
- Radio və televiziya müğənnisi arasında fərq deyəndə yəqin xarici görkəmi nəzərdə tutursuz. Çünki müğənnidirsə səs bütün hallarda olmalıdır.
 
- Bəli.
 
- Və fonoqrama güvənməli deyil.
 
- Əlbəttə. Sizə bir şey deyim, mənim işlədiyim müğənnilərin əksəriyyəti canlı oxuya bilir. Müğənniyə mahnı verəndə fikirləşirəm ki, görəsən sabah bunu hardasa oxuya biləcək? Bir də ki, hər müğənniyə də mahnı vermirəm axı. Birinci və ikinci konsertlərimin lentlərinə sonradan baxmışam, hansı müğənni yaxşı oxumayıbsa onu inciyib-inciməməyindən asılı olmayaraq bu konsertimə dəvət etməmişəm.
 
- Konsertdə iştirak edəcək müğənnilərdən bir-ikisinin adını heç olmasa çəkərdiz, kimlər olacaq?
 
- Mənə hörmət göstərən, xüsusi münasibəti olan müğənnilərlə çalışıram. Onlarla çalışarkən də düşünürəm ki, sabah mənim yaradıcılıq gecəm, hansısa tədbirim olanda bu insanlara güvənə bilərəm, ya yox? Səsinə və sözünə güvəndiyim ifaçılar olacaq.
 
- Gənc şairlərin şeirlərinə müraciət edirsizmi?
 
- Mənim üçün şairin ad-sanının əhəmiyyəti yoxdur.
 
- Hər halda zəif şairin də şeirinə mahnı bəsətələməzsiz.
 
- Şeirin zəif, ya güclü olması şairin ad-sanından asılı deyil. Elə tanınmış şair olar şeirini oxuyub görərsən ki, boş misralardır. Səmimiyyətimə inanın, mən ancaq şeirə baxıram, onu yazan şairə baxmıram. Mənimlə çalışan insanlardan misal gətirim. Tutalım Sevinc Çılğın mənim yanıma gələndə 17-18 yaşı vardı. Mənə zəng edib dedi ki, sizinlə görüşmək istəyirəm. Dedim şeirini oxu hələ, görüm səninlə görüşməyə dəyər? Çünki o qədər boş vaxtım olmur, bəyənməyəndə də deyirəm bəyənmədim. Sevinc bir şerin oxudu. Soruşdum ki, neçə yaşınız var? Çünki inanmadım ki, yeniyetmə bir qız belə şeir yazar. Ondan sonra görüşdük və bizim iş birliyimiz uzun illər davam edir. Heç peşman deyiləm. Mənim “Gecikmiş etiraf”, “Tənha royal” və bir çox gözəl mahnılarımın sözlərini o yazıb. Yaxud “Məktəb illəri”, “Yağış”, “Bu dünyanı nağıl bilək” mahnılarımın sözlərini yazmış Kəmalə Abdıyeva. Çox gözəl şeirləri var, çox gözəl şairdir və çox da gözəl insandır. Mən müraciət elədim. İndi sizə deyim ki, bir çox bəstəkar Kəmalə xanıma müraciət edib deyir ki, Aygün Səmədzadəyə yaxşı şeirlər verirsiz, mənə bax o şeirlərdən verin.
 
Hətta mənə dəfələrlə irad tutublar ki, bir az tanınmış şairlərlə işlə. Mən yenə də bunu eləyəcəm. Əlbəttə, mən də istərdim Ramiz Rövşənin şeirlərinə silsilə mahnılar yazım. Bəxtiyar Vahabzadənin sözlərinə yalnız “Gecələr” adlı bir mahnı yazmışam. Məmməd Arazın “Xatirələr“inə musiqi bəstələmişəm. İstərdim çox yazam, amma elə şairlər var ki, onların şeirləri musiqi olmadan da mahnı qədər qüvvətlidir.
 
- Gənc şairlərdən kimləri oxuyursuz? Bu dəfə ad çəkək, lütfən, şair də müğənni deyil ki.
 
- Səlim Babullaoğlu, Şəhriyar del Gerani, Cəlil Cavanşir, Elnaz Eyvazlı…  Çoxunu oxumuşam. Amma deyim ki, son vaxtlar əsasən klassik ədəbiyyatla maraqlanıram. Yunus Əmrəni, Pir Sultan Abdalı oxuyuram. Təkcə ona görə yox ki, bu şairlərin şeirlərinə mahnı yazım, nəsə hazırda onlara daxili ehtiyac hiss edirəm.
 
- Bəs nəsr əsərlərindən nə oxuyursuz?
 
- Axır vaxtlar əsasən sənədli ədəbiyyat oxuyuram. Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı“ kitabını oxudum. Bir də görürsən ciddi roman oxuyuram, bir də görürsən, detektiv, bulvar ədəbiyyatı. Ovqata baxır. İnsanı mütaliəsiz düşünmürəm. Mənə elə gəlir ki, mütaliəsiz insanla heç nə danışmaq olmaz.
 
- Amma son oxuduğunuz əsərin adını çəkmədiniz.
 
- Corc Oruelin “Heyvanıstan” əsərini oxumuşam.
 
- Xoşunuza gəlib?
 
- Bəli, mənim bu mövzu ilə bağlı fikirlərimi tam əks etdirir.
 
- “Heyvanıstan”ı oxuyanda nə hiss elədiz?
 
- Həmişə mənim şüarımdır: İnsan, yaxud heyvan olmasından asılı olmayaraq dünyada bütün canlıların yaşamaq haqqı var. Həmişə də düşünürəm ki, biz yaşadığımız yerə “Bura bizimdir” deməməliyik. Bizdən qabaq da burda olan olub. Tutalım biz gəlmişik buralarda ev tikib yaşayırıq. Amma bizdən qabaq bəlkə də buralarda ilan sürüləri, nə bilim, at ilxıları yaşayıb. Biz onların yerlərini zəbt eləmişik, indi də onları öldürürük, qırırıq. Yəni Allah bu dünyanı təkcə insanlar üçün yaratmayıb. Mənim çıxartdığım nəticə belədir.
 
- Aygün xanım, filmlər, tamaşalar üçün musiqi bəsətələmisiz.
 
- Milli Dram Teatrı üçün Mehriban Ələkbərzadə ilə Elçinin “Qatil” və H.Cavidin “Əmir Teymur”, Bəhram Osmanovla S.Sveyqin “Yad qadının məktubu” tamaşalarında işləmişəm. İstanbul Bələdiyyə Tiyatroları üçün Elçinin “Şekspir“ əsərində Məlahət Abbasova ilə çalışmışam. Həmçinin “Əlavə təsir“ (rejissor Elxan Cəfərov), və “Axırıncı dayanacaq“ (rejissor Fikrət Əliyev) filmlərinin musiqini yazmışam.
 
- “Mahmud və Məryəm” filmində də işləmisiz.
 
- Yox. “Mahmud və Məryəm”də əvvəl mən işləyəcəkdim. Sonradan imtina elədim.
 
- Musiqi tənqidçisiniz. Gəlin müasir Azərbaycan musiqisini bir neçə cümlə ilə tənqid edək.
 
- Mənim dediklərimi yazacaqsızsa, danışım.
 
- Yazacam.
 
- Birincisi müasir Azərbaycan musiqisini tənqid eləmək üçün peşəkar tənqidçilər lazımdır. Və Azərbaycan musiqisinə tənqidi münasibət bildirmək üçün jurnalistlərin də xüsusi hazırlığı olmalıdır. Yəni ədəbiyyatı, təsviri incəsənəti və sairəni gözəl bilmək olar, amma musiqiçidən, bəstəkar və ya hansısa bir musiqişünasdan müsahibə alarkən nə sual verdiyini bilməlidir. Tutalım ki, Üzeyir Hacıbəyov, Fikrət Əmirovun, Qara Qarayevin yaradıcılığını bilmədən, Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi yolu bilmədən hansısa müasir bəstəkar haqqında nə söyləmək olar? Mənim özümə də deyirlər ki, siz gözəl yazırsız. Nə bilirlər ki, mən gözəl yazıram, hardan bilirlər?
 
- Siz indi Azərbaycan musiqisini yox, jurnalistikasını tənqid elədiniz. Mənsə istəyirəm siz Azərbaycan çağdaş musiqisini tənqid edəsiniz.
 
- Əvvəla bunu deyək ki, Azərbaycan musiqisi tək mahnıdan ibarət deyil. Azərbaycan musiqisində simfoniya da, kvartet də, kamera instrumental musiqisi də yaranır, festivallar keçirilir. Bunlar çox gözəldir. Amma bütün bunları efirlərdə işıqlandıran verilişlər, onları əks etdirən yazılar azdır. Yaxşı tərəf çox az işıqlandırılır. Amma o pis tərəf, mənim professional musiqiçi kimi bəyənmədiyim müəyyən ifaçılar, hansı ki, onları konsert salonlarının qapısından belə buraxmaq lazım deyil, onlar bu gün gündəmdədirlər. Onlar bu gün müasir Azərbaycan efir musiqisini təmsil edirlər. Tamaşaçı da bunları görür; hər gün eyni mahnılar, hər gün eyni ifalar... Hamıda da təəssürat yaranır ki, Azərbaycan musiqisi bərbad gündədir.
 
- Notu bilməyib mahnı bəstələyən bəstəkarlar var. Bu tendensiyalar keyfiyyətə dəlalət edir?
 
- Məsələ burasındadır ki, not bilən və ya bilməyən bəstəkar bütün bunları səhnənin arxasında saxlayır. O mahnıları normal vəziyyətə salan aranjemançılar var. Not bilməyi bir kənara qoyaq, çünki qarşımızdakı dinləyici də yüksək savada malik deyil.
 
- Azərbaycan tamaşaçısının zövqü necədir?
 
- Çox pis. Azərbaycan tamaşaçısının böyük bir qisminin zövqü çox pisdir. Musiqiyə münasibət elə ədəbiyyata münasibət kimidir. İnsanın formalaşdığı mühitdən çox şey asılıdır. İnformasiyasız adamın dinlədiyi musiqi başqa, savadlı adamın dinlədiyi musiqi tamam başqadır. Musiqi bazarında dinlənilən musiqi başqadır və bir də sözün əsl mənasında bazarda dinlənilən musiqi başqadır. Çox təəssüf ki, küçədəki bazar efirə diktə edir. Bazarda populyarlaşan insanlar çox az müddətdə efirə yol açırlar. Efir də bunu qəbul edir, bəh-bəhlə tamaşaçıya yedirtməyə çalışır. Çünki efirə də həmin bazarın səviyyəsində olan aparıcılar yol açıb. Aparıcı hansısa aşağı səviyyəli müğənnini bir dəfə, iki dəfə, üç dəfə təqdim edir, tamaşaçı da onun dediyi sözə inanır. Özünə hörmət edən ifaçılar gərək hər verilişə çıxmasınlar. Baxsınlar ki, o verilişdə filan-filan müğənnilər var, “Mən onlarla çıxmayacam” desinlər. Şəxsi anbisiyalar baxımından yox, sırf musiqiyə münasibət baxımından belə etməlidirlər. Mən düşünmürəm ki, bizim çox gözəl sənətçilərimizi hansısa “talkuçka” müğənnisi ilə bir səhnəyə çıxartmaq olar. Halbuki efirlərdə dava-şava ilə görünənlər, hansısa mahnıyabənzər ifalar oxuyanlar daha yüksəkdədirlər. Şəxsən mən o cür verilişlərə çıxmıram.