Azərbaycanlı rejissorun cizgi fimi beynəlxalq festivala vəsiqə qazanıb

Azərbaycanlı rejissorun cizgi fimi beynəlxalq festivala vəsiqə qazanıb
1220 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı rejissor Cavid Əhədovun “Köhnə saat” cizgi filmi MDB, Gürcüstan və Baltikyanı ölkələrin “Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” V Beynəlxalq Kinofestivalının müsabiqə proqramına seçilib.

Axşam.az-ın məlumatına görə, rejissor Azərtac-a bildirib ki, o, Azərbaycanı dekabrın 12-dən 15-dək Bişkek şəhərində “Manas” kinoteatrında keçiriləcək festivalda təmsil edəcək.

Xatırladaq ki, C.Əhədov respublikamızı bu il sentyabrın 20-dən 28-dək keçirilmiş XXII KROK Animasiya Filmləri Festivalında təmsil edib. Həmin festivala təqdim edilən 900-dək filmdən 176-sı, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azanfilm” studiyasında istehsal olunmuş 9 dəqiqəlik “Köhnə saat” filmi seçilib. C.Əhədov bu filmin həm rejissoru, həm də ssenari müəllifidir.

Filmin üzərində Əməkdar İncəsənət Xadimi Firəngiz Qurbanovanın rəhbərliyi ilə kinostudiyanın “Birlik” yaradıcılıq qrupu işləyib. Bu yaradıcılıq birliyinin filmləri Azırbaycanın cizgi filmlərini beynəlxalq kinofestivallarda təmsil edərək mükafat və diplomlara layiq görülüb. KROK 1989-cu ildən Rusiyada və Ukraynada keçirilən, müəllif və sifariş əsasında cizgi filmlərinin qarşılıqlı istehsalına kömək edən beynəlxalq cizgi filmləri festivalıdır. KROK Ukrayna dilində “addım” deməkdir.

1991-ci ildən bu festival MDB ərazisindəki çaylarda teploxod kruizlərində keçirilir. Bu il kruiz Moskva – Dubna – Çerepovets - Qoritsı – Petrozavodsk - Mandroqi – Sankt-Peterburq marşrutu üzrə baş tutub. Festivalın təsisçiləri Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və RF Kinematoqrafçılar İttifaqı, əsas tərəfdaşı Rusiya Animasiya Kino Assosiasiyasıdır. Gənc rejissorun filmi bu il noyabrın 3-də YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilib.

Rejissor Azərbaycanı digər beynəlxalq festivallarda da təmsil edib. Onun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Birlik” kinostudiyasında çəkdiyi “Səmada şəkil” cizgi filmi “Şlingel” qısametrajlı filmlər festivalında nümayiş etdirilib, habelə XXII Beynəlxalq “Qızıl Pəhləvan” kinoforumunun müsabiqə proqramına salınıb. Bu animasiya filmi Xemnitsdə 18-ci beynəlxalq kinofestivalında, İranda və digər ölkələrdə nümayiş olunub.

Rejissor 2013-cü ildə Ştutqartda ssenaristlərin forumunda iştirak edib.