Nazpəri idman zalında belə məşq edir - fotolar

Nazpəri idman zalında belə məşq edir - fotolar
7921 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva lent.az saytının "Ulduzların idman saatı" layihəsində qonaq olub.

Axşam.az müğənni ilə müsahibəni və idman zalında çəkilmiş fotoları təqdim edir:

- İdmanı çox sevirəm, bütün xanımlara da məsləhətim budur ki, idmanla məşğul olsunlar. Bəzi evdar xanımlar düşünür ki, efirə çıxmırıq, idman nəyimizə lazımdır ki? Amma yanlış fikirdir. İdman sağlamlıq üçün lazımdır.

- Neçə vaxtdır məşq edirsiniz?

- Artıq 5 ildir.

- İdmana başlayandan nədən imtina etmisiniz?

- Deməzdim ki, pəhrizdəyəm. Ana olandan sonra kökəlməyə başlamışdım. Amma gördüm ki, ac qalmaqla çox arıqlamaq olmur. İdmana başlayandan sonra isə arıqladım. Hazırda əzələlərim işləyir, ürəyim nə istəyir yeyirəm. Yəni pəhriz saxlamıram. Amma pəhriz saxlamasam da, yediklərimə diqqət edirəm. Getdiyim toylarda yemək yemirəm. Evdən termosda çay gətizdirirəm, içirəm.

- Sevmədiyiniz yemək varmı?

- Ailədən belə tərbiyə almışam ki, duz çörək də yeyə bilərəm, kabab da, plov da. Bütün yeməkləri yeyirəm, amma qədərində. Bu qabiliyyət, tərbiyə bizə atamızdan qalıb. Hər zaman deyərdi ki, kim olursansa ol, kasıb adamın toyunu qoyub, imkanlı adamın toyunu oxumayın. Duz çörək yeməyi də bacarın.

- Ən çox hansı idman növünə maraq göstərirsiniz?

- İdmanı növlərə bölməyi sevmirəm. Ayrı-ayrılıqda qiymətləndirmək istəməzdim, idmanı ümumi sevmək lazımdır. Əgər trenajorla məşğul olursansa, mütləqdir ki, müəllimlə məşq edəsən. Amma yüngül atletika və aerobikanı xanımlara məsləhət görərdim.

- Neçə saat məşq edirsiz?

- Əksər hallarda 2 saat. Amma bəzən 2 saatdan da çox olur.

- Şou-biznesdə bir çoxları idmanla yox, əməliyyatla arıqlamağı üstün tuturlar.

- Sənət adamı üçün gözəl görünmək, formada olmaq vacibdir. Əvvəllər əməliyyatdan sonra etiraf etmirdilər, amma indi deyirlər. Çünki hər şey göz qabağındadır. Məsələn, bu gün köksən, sabah arıqlayırsansa, xalqı necə aldada bilərsən? Əgər yalan danışırsa, özünü xalqın gözündən sala bilərsən. Əməliyyat pis deyil, etdirmirsənsə, bunu etiraf etmək lazımdır. Sənətdə olan bəzi qızlar dodaqlarını şişirdirlər, ürəyim ağrıyır. Hətta bir neçəsinə də yaxınlaşıb deyirəm ki, sən ən gözəl çağlarını, gəncliyini yaşayırsan, nəyə lazımdır ki, özünü xoşagəlməz vəziyyətə salırsan? Amma bu tənqidi fikrimi bəziləri qəbul edir, bəziləri yox. Tənqidimi qəbul etməyənlər də var. Deyirlər ki, biz anadangəlmə beləyik. Amma anlaya bilmirlər ki, vücudlarında dəyişiklik olan zaman nəinki xanımlar, hətta bəylər də anlayır. Tamaşaçını aldatmaq olmaz.

- Həftədə neçə dəfə bu zala gəlirsiniz?

- Elə həftə olur ki, 3 dəfə, bəzən də 2.

- Dəvət aldığınız toya görə idmandan imtina etdiyiniz günlər olub?

- Yox. Elə olub ki, idmana görə toydan imtina etmişəm. Mənim üçün ilk növbədə sağlamlıqdır. Həm də çalışıram işlərimi elə qurum ki, toyla idman üst-üstə düşməsin. Həm də mən elə də çox toya getmirəm.

- İdmandan sonra nə yeyirsiz?

- Yüngül yeməklər yeyirəm. Yəni elə də yağlı yox.

- Hazırda neçə kilosunuz?

- Formamı saxlayan insanam. Ən kök vaxtım 1992-ci ildə olub. Həmin vaxt 100 kilo olmuşam. Daha sonra arıqladım. Artıq 10 ildir ki, 70 kiloyam. Stabil çəkimi qoruyub, saxlayıram. Boyum isə 170-dir. Düşünürəm ki, çəkimə görə də boyum normaldır.