Daşkənddə Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib

Daşkənddə Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib
439 dəfə oxunub
  • A-
  • A
  • A+
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi Mahir Hacıyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, şair iki çağırış Milli Məclisin deputatı olub, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. Onun Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr etdiyi poemaları sevə-sevə oxunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət dastanı” poeması şairin yaradıcılığında xüsusi yer tutur.

Səfirliyin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb, onun zəmanəmizin böyük şairi olduğunu deyib. O, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqubun aşıq sənətinin inkişafındakı müstəsna xidmətləri haqqında da məlumat verib. Qeyd edib ki, onu bir vətənpərvər şair kimi bütün Azərbaycan sevirdi. Anadan olduğu Borçalıda, Türkiyədə, İranda, digər türkdilli ölkələrdə kifayət qədər pərəstişkarı vardı.

Soydaşlarımızdan Zakir Budayev, Qəsəm Səfixanov və başqaları çıxış edərək Zəlimxan Yaqubun nadir qələm sahibi olduğunu bildirib, onun haqqında xatirələrini danışıblar.