Fransanın “O səs”ini fəth edən Araz kimdir? - fotolar+video

Fransanın “O səs”ini fəth edən Araz kimdir? - fotolar+video
5530 dəfə oxunub
  • A-
  • A
  • A+
Buro 24/7 Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousundakı çıxışı ilə münsiflər heyətinin rəğbətini qazanan gənc azərbaycanlı Araz Hümbətli ilə bağlı maraqlı faktlar toplayıb.
 
Axşam.az həmin faktları təqdim edir:

25 yaşlı Araz Hümbətli Bakıda yaşayıb, həyatının ən böyük sevgisi - həyat yoldaşı Piera ilə də məhz burada tanış olub. Piera Fransanın Azərbaycandakı səfirliyində işləyərkən Bakıda konsert təşkil edib. Onlar təsadüfən görüşüblər və Araz bu sevgini "ilk baxışdan məhəbbət" adlandırır. Məhz Piera onun muzası və böyük dəstəkçisidir.

2014-cü ildə isə cütlük Fransanın cənubunda yerləşən Tuluza şəhərinə köçüb. Hələ uşaq yaşlarından blyuz janrını xoşlayıb, bununla belə, bir musiqiçi kimi fəaliyyətində daim Azərbaycanın milli musiqisinə yer verib. Atasının sayəsində Araz 2-3 yaşından etibarən Üzeyir Hacıbəyovun musiqilərini, Rəşid Behbudovun mahnılarını dinləyib. Arazı ruhlandıran - Azərbaycan muğamı və Pakistan sufi musiqisidir.

O, vokalla yanaşı, tarda, kamançada, saksafonda, barabanda, fortepianoda, gitarada ifa etməyi bacarır, Bee Gees və Led Zeppelin kimi qrupların mahnılarını dinləyir, ilk konsertini isə Fransa küçələrindən birində verib.

2013-cü ildə musiqi tarixi haqqında "Mənim Şizofreniya" adlı kitab yazıb, 2014-cü ildə isə Kamille Chaumereuilin "Biz ayı salamlayırıq" filmi üçün musiqi bəstələyib. Elə həmin il Tuluzada blyuz-rok qrupu ilə çalışıb. 2015-ci ildə isə Lionda eksperimental musiqi qrupunu təsis edib. Qrup musiqinin hüdudsuz imkanlarını araşdırır, vokal texnikasını dünya musiqi alətləri ilə birləşdirir.

"The Preachers" adlanan qrupun üzvləri ilə Araz küçə musiqisi ifa etdiyi zaman tanış olub. Qrupun adı tərcümədə "Rahiblər" deməkdir. Musiqiçinin sözlərinə görə, Fransada onun musiqisi böyük maraqla qarşılanır. Arazın "Nedo" adlanan şəxsi musiqi studiyası da var.

Elə həmin il ArazÔzarA ləqəbi ilə "Sevgi həbi sayəsində dəhşət" adlı ilk albomunu yazdırıb. Onun sözlərinə görə, iki Araz var: ArazOzarA - eksperimentləri xoşlayan insan və "The Preachers" qrupu ilə birgə blyuz, rok-nroll ifa edən sadə Araz.
 
"Zara" sözü həm Araz sözünün tərsidir, həm də musiqiçini onun həyat yoldaşı Piera ilə tanış edən xanımın adıdır. O hərfi isə sonsuzluğu ifadə edir. Bu günlərdə Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunun növbəti buraxılışlarından birində səhnəyə çıxan Araz ecazkar ifası ilə münsiflər heyətini özünə tərəf döndərə bilib.

Səhnəyə Azərbaycanın milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın "Wicked" kompozisiyasını ifa edib.