İlham Əliyevin izlədiyi veriliş bağlandı

İlham Əliyevin izlədiyi veriliş bağlandı
18679 dəfə oxunub
  • A-
  • A
  • A+

2013-cü ildən Azərbaycan Dövlət Televiziya kanalının efirində yayımlanan “Parlaq Zəka” verilişinin çəkilişləri və yayımı dayandırılıb.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, fevralın 9-da verilişin rəsmi “Facebook” səhifəsində aşağıda qeyd olunan mətn yerləşdirilib.

Mətndən göründüyü kimi, hal-hazırda verilişin oyunları yayımlansa da, verilişin çəkiliş mövsümü başa çatmadan dayandırılma səbəbi əsaslı şəkildə göstərilməyib.

“Hörmətli tamaşaçılar, “Parlaq Zəka” verilişinin çəkilişləri və efirdə yayımlanması təxirə salınır.

2013-cü ildən “Parlaq Zəka” intellektual verilişi efirdə yayımlanmaqdadır. Bu müddət ərzində müxtəlif ali təhsil müəssisələrindən 6 tələbə qalib olmuş, 2 tələbə xaricə təhsil almağa göndərilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulan çəkiliş və efirdə yayımlanma təxirə salınır. Növbəti çəkiliş ilə bağlı əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.

Maraqlı məqam odur ki, yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bəyəndiyi, dəstəklədiyi və şəxsən izlədiyi televiziya verilişləri arasında “Parlaq Zəka”nı da vurğulamışdı.

“İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var”, - deyə İlham Əliyev qeyd etmişdi.

Bundan əlavə, 2009-cu ildə akademik Ramiz Mehdiyevin efir problemlərinə həsr olunmuş məqaləsində adı əks olunmuşdu.

Layihənin pərəstişkarları da baş verənlərə münasibət bildiriblər. Sosial şəbəkələrdə #YaşaParlaqZəka haştaqı altında gənclər verilişə dəstək sözlərini yazırlar.

Verilişin çəkilişinin maliyyə problemləri ilə əlaqədar dayandırıldığı iddia olunur.