Ayşən Ocaqverdiyeva: "Mən onsuz da qalibəm" - fotosessiya

Ayşən Ocaqverdiyeva: "Mən onsuz da qalibəm" - fotosessiya
17334 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin "İşte benim stilim" dəb yarışmasının azərbaycanlı iştirakçısı Ayşən Ocaqverdiyeva Bakıya gəlib.

Səfər zamanı Axşam.az əməkdaşları ilə görüşən model fotolar çəkdirib, müsahibə verib. Ayşən Ocaqverdiyevanın müsahibəsini təqdim edirik:

- 1991 - ci ildə dünyaya gəlmişəm. 2 yaşım olanda ailəmlə birlikdə Rusiyaya köçmüşük. 9 yaşımda yenidən Bakıya qayıtmışıq və 6 il burada qalmışıq. Daha sonra Ankaraya getdik. Universitetə qəbul olandan sonra İstanbula köçdük və hazırda orada yaşayıram.

- "İşte benim stilim"ə qatılmaq istəyi necə yarandı?

- Yarışmaya qatılmazdan əvvəl bir çox layihələrdən dəvətlər alırdım. Təhsilim əsas olduğu üçün qəbul etmirdim. Universiteti bitirdikdən sonra boşluq yarandı. Bu arada dəvət gəldi və razılaşdım. Ailəm də mənə bu işdə dəstək oldu.

- Yarışmaya qatılan gündən münsiflərin sevimlisi oldunuz... Digər iştirakçılardan qısqanclıq hiss edirdiniz?

- İlk başlarda qısqanıldığımı hiss edirdim. Sonradan sadə biri olduğumu görüb məni sevdilər. İlk görüşdə insanlarda özündənrazı təəssüratı yaradıram.

- Sosial şəbəkədə türkcə danışmağınız çox tənqid olunur...

- Bu tənqidlərlə çox rastlaşmışam. Buna cavabım həmişə o olub ki, gedin tarixi araşdırın. Biz iki ayrı dövlət olsaq da, bir millətik.

-  Yarışmada sizə ən çox Hakan Akkaya heyran olduğunu deyirdi...

- Hakan Akkaya məni çox alqışlayırdı. Çünki mən çox vaxt sakit dayanırdım. Lazım gələndə isə fərqli və sakit şəkildə sözümü deyirdim. Bu da qarşımdakı yarışmaçını əsəbiləşdirirdi. Hakan Akkaya da bu xasiyyətimi bəyənirdi. Həyatda özümə görə prinsiplərim var. Nə yaxşı ki, onların çərçivəsindən çıxmamışam. Biz azərbaycanlı xanımlar çantamızda güzgü gəzdirməyi xoşlayırıq. Oradakı Bahar adlı iştirakçının dodaq boyası həmişə çoxunu narahat edirdi. Mən də ilk gələndə ona güzgü gətirdim. Bunu da pis başa düşdülər. Sonra getdim bütün iştirakçılara güzgü aldım. Baharın Azərbaycandakı fanatları çox idi, şəkil istəyirdilər. Mən də çəkdirib göndərirdim. Bu da yarışmaçıları təəccübləndirirdi. Deyirdilər, görəcəksən, səni pis hala qoyacaq. Bahar uşaqdır, nə varsa dilindədir. Münsiflər dostluq etməyimizi xoşlamırdı, onda bir-birimizə irad deyə bilmirdik.

- Yarışmadan sonra təkliflər aldınız?

- Proqram gedən ərəfədə Fransadan kataloqa çəkilmək təklifi aldım. Eyni zamanda türk rejissorlarının Azərbaycanda çəkmək istədikləri filmdən dəvət gəldi. Amma mən fikrimi öz işimə yönəltmək istəyirəm, ona görə də təkliflərlə razılaşmıram.

- İştirakçılarla münasibət indi nə yerdədir? Səhv etmirəmsə, Bərrak Dəniz ilə aranız yox idi… Meralla rəfiqə olmağınız da tənqid olunurdu.

- Berrak Deniz mənim "İşte benim stilim"də bərabər şəkildə yarışmağımızı unudurdu və iştirakçıları sözləri ilə əzməyə çalışırdı. Hər zaman bu cür insanlara qarşı olmuşam. Meral ilə rəfiqəliyimiz isə eyni yazıçını bəyənməyimizdən yarandı. Həm də Meralın anası azərbaycanlıdır. Bu səbəbdən də ona qanım qaynadı.

- Ən böyük istəyinizin mağaza açmaq olduğunu deyirdiniz. Bu sahədə hər hansı bir addım atmısınız?

- Bu sahədə addımımı ailə üzvlərimdən biri ilə atmışam. Sürpriz qalsın. Yaxın günlərdə xəbərini eşidəcəksiniz. Hansı ölkədə oluramsa olum, mənim tək istəyim Azərbaycan adını ucaltmaqdır. Mağazanı təkcə Türkiyədə yox, Bakıda da açacağam.

- Qalib olmadığınız üçün heç kədərləndiniz? Yeşimin birinci olmağı bəs necə, sizcə, sonluq ədalətli oldumu?

- Mən onsuz da qalibəm. Azərbaycanımın, vətənimin sevimlisi oldum. Nur Yerlitaş, Öykü Serter, İvana Sert, Hakan Akkaya, Uğurkan Erez kimi insanların sevimlisinə çevrildim. Bundan böyük qələbə ola bilərmi? Yeşim Aydın isə birinciliyə layiq idi. Onu səmimi qəlbdən təbrik edirəm.

- Deyilənə görə son mövsüm reytinq qurbanı oldu...

- Düzdür, veriliş artıq əvvəlki vaxtlardakı kimi çox izlənmirdi.

- Sizdən əvvəl bu yarışmaya qatılan Sima Şərafətdinova sizin ora getməyinizi lazımsız hesab edirdi... Bir də Sima deyirdi ki, verilişdə hər şey planlı şəkildədir...

- Bizim müqaviləmiz var. Çox şeyi açıq danışa bilmərik. Bunlar mənə mənfi təsir edər. İvana Sərti soyuq qadın bilirdim, amma deyilmiş. Yarışmadan sonra da məni İnstaqramda izləyir.

- "Bu tərz mənim" yarışmasının Azərbaycan versiyasında da çox qalmaqal oldu...

- İzləyirdim, heç bir bölümün qaçırmırdım. Münsif arasında sevdiyim modelimiz Günay Musayeva yer alırdı. Xanımlarımız geyimlərinə diqqət edirdilər, çünki söz deyilməsindən çəkinirdilər. Nəsə deyiləndə də qalmaqala səbəb olurdu.

- Şəxsi həyatdan danışaq... Planda ailə qurmaq var?

- İndi insanlar boşanmaq üçün evlənir. Onun adi hal kimi qəbul etməsi qəribədir. Namizədim var idi, 4 il görüşdüm. Azərbaycanlı idi, Türkiyədə yaşayırdı. Mənim üçün münasibətdə hörmət, sevgi və inam olmalıdır.

Foto: Bəhruz ƏLİZADƏ (055 430 83 11)