"Deyirlər, onu tanımırsız, alçağın biridir" - Mikayıl

"Deyirlər, onu tanımırsız, alçağın biridir" - Mikayıl
16746 dəfə oxunub
  • A-
  • A
  • A+
Teleaparıcı Mikayıl Güləddinoğlu müsahibə verib.

Axşam.az "qafqazinfo"ya istinadən həmin müsahibəni ixtisarla təqdim edir:

- Cəbhə bölgələrində gərginlik zamanı sizin “Sevimli mahnı”da qol qaldırıb rəqs etməniz barədə xəbərlər yazıldı…

- Mən heç bir sosial şəbəkədə yoxam. 8-9 ay bundan əvvəl “Sevimli şou” rəqs edən fotomu indi paylaşıblar. Şəklin arxasında “Sevimli şou” yazılıb. Hamı feysbukda paylaşır ki, Mikayıl şəhid verdiyimiz gün efirdə oynayıb. Köhnə kadırları yenidən gündəmə gətirirlər. Verilişdə heç rəqs etməmişəm. Yutubdan baxa bilərlər, mən həmin günlərdə elə şeylər etməmişəm. Verilişdə Tacir Şahmaroğlu “Bayatı şiraz” oxuyub, Manaf Ağayev “Gəl ay vətən” mahnısını ifa edib. Verilişi “Qarabağ şikəstəsi” ilə bitirmişəm. Mən “Qarabağ şikəstəsi”ndə oynamışam? Düzgün deyil, vaxtında oynamışam, o şəkli də yenidən paylaşırlar. Şərhlərdə də nələr yazırlar… Ən azı şəklə baxmaq lazımdır ki, Mikayıl həmin verilişdə sarı pencək geyinmişdi? Bir araşdırın da…Mənə elə gəlir ki, nə vaxtsa, dinc olacam. Məndən dinc adam yoxdur…

- İnsanlar arasında qıcıq yaradan bir aparıcı olduğunuzu deyirlər. Bunun səbəbi nədir?
 
- Bircə, sosial şəbəkələrdə mənfi rəy yazırlar. Onlar xüsusi insanlardır. Məni tanımırlar, amma insanlar arasında rəy yaradırlar, şayiə yayırlar. Oxuyanlar da deyir ki, bu ən pis adamlardan biri imiş. İnsanların beynində rəy forlamaşdırırlar. Yazmağa nə var ki? Tənqid edən adam sözünü yazar, telefon nömrəsini qeyd edib bildirər ki, qardaş, səndən zəhləm gedir. Mən də zəng vurub deyərəm ki, sənə qurban olaram, məndən niyə zəhlən gedir? 3 il bundan əvvəl bir nəfər mənim ünvanıma sərt fikirlər yazmışdı, şəxsiyyətimə toxunmuşdu. Mən həmin insanı hüquq-mühafizə orqanları vasitəsiylə tapdım, feysbukda araşdırdım. Gördüm ki, həmin şəxsin ətrafı Sumqayıtda yaşayır. Düz evinə getdim, amma həmin şəxs evdə yox idi, dövlət qulluğundaydı. Atasının yanında ona zəng vurdum, dedim ki, məni tanıyısan? Mənə niyə elə söz yazmısan? Atası da, özü də üzr istədi. Yazmağa nə var ki? Üzümə baxa-baxa mənlə kişiyana söhbət elə. Rəy yazan xanımlarla işim yoxdur, Allah canlarını sağ eləsin. Amma kişilər mənə çatmır, siz niyə yazırsız? Gəlin, üzümə deyin də. Əgər kimliyin varsa… Haqqımda haqsız yazılanlar məni əsəbiləşdirir. Çox görmüşəm ki, mənim haqqımda yazıblar. Deyirlər ki, siz onu tanımırsız, alçağın biridir. Mən kimə nə etmişəm? Biri də yazmışdı ki, onu tanıyıram, anası rəhmətə gedib, ona görə efirdən “Ana” şeirini səsləndirir. Anam sağ-salamatdı e… Belə şeylərə əsəbiləşirəm. Bilməyənlərin əllərinə fakt verirlər.

- Son zamanlar şou əhli cəbhədə baş verən gərginliyi şoulaşdırmağa başlayıblar… Kimisi konsert verir, kimisi isə sosial şəbəkələrdə həmin ərazilərdən çəkilən fotolarını paylaşırlar…
 
-Sosial şəbəkələr mənə çatmır. Ola bilsin ki, mən geri qalmışam. Bunlar mənə gülünc gəlir. Gedib nə etmisizsə, bunun mənə nə dəxli var? “Yemək yeyərkən”, “onlar xizək sürərkən…” şərhi ilə fotolar paylaşırlar. Nə olsun? Bizə bu lazımdı? Sənin dünən yemək yeməyindən mənə nə? Mən hərbi xidmətdə Füzulidə olmuşam. Düzdür, xidmət zamanı cəbhədə sakitlik idi. Ermənilərlə aramızda heç 1 km məsafə yox idi. İndi bunu əlimdə bayraq edim? Başqa bir misal çəkim. Özüm Sibel Can, Mahsun Kırmızıgül, Beyazit Öztürk, Murad Bozla bir arada çox olmuşam. Mən 3 ay əvvəl Kanal D-də Beyazitin yanında olanda özümü reklam etməli idim? Məndə “Mikayıl Sibel Canla”, “Mikayıl Mahsunla…” şərhi ilə fotolar paylaşım? Sənə nə? Bu mənim öz işimdir. Mənə medal verəcəklər? Belə şey olar? Bəlkə də, keçmişin adamıyam, ona görə belədir. Mənim yaşıdlarım telefonlardan yapışır. Məndə isə belə deyil.

-Bir müddət əvvəl müsahibənizdə oxuduğunuz kitabların adlarını açıqlamışdız. Demişdiz ki, efirdə kitablardan danışsam mən ac qalaram. Publika Tellini efirdə görmək istəyir… Sizə yüksək qonorar verilsə, qiraət və yaxud şeir sənəti ilə bağlı veriliş aparardız?
 
- Mən özümü şouda görə bilirəm, daxili aləmimdə şou var. Sakit dayana bilmirəm. Ancaq tək olanda sakit qala bilirəm. Publika içinə çıxanda hər şey dəyişir, içimdən şou göstərmək gəlir. O kitabları özüm üçün oxumuşam. Öz işindən ləzzət ala-ala pul qazanmırsansa, get özünə başqa iş tap. Bəli, mən bu işdə özümü göstərə bilirəm.



- Son zamanlar efirə çıxan yeni aparıcılar tamaşaçılar tərəfindən qəbul edilmir…

- Onlar da, guya, müasirlik gedir… Necə varsansa, elə olun da… Bərbərxanaya getmişəm. Həmkarlarımdan biri də orada idi. Ad çəkmək istəmirəm. Bərbəri boğaza yığdı, onu nəyi var incidirdi. Əlini uzadıb iki dəqiqədən bir telefonlarını dəyişdirir, prodüserini çağırırdı. Kimsən e sən? Səninlə bərbəri ayıran bir şey var. Allah sənə elə şans yaradıb ki, efirə çıxmısan, ulduz olmusan. Buynuzun var? Deyir ki, mənim maskam bu cürdür. Nə maska? Gəlib bir nəfər desin ki, Mikayıl üzünə qrim vurub. Düzdü, zaman gələndə vuraram. Cavan oğlansan, nə oyun çıxarırsan? Daha sonra söyləyir ki, mənim mürəbbəmi gətir. Ora bankada mürəbbə gətirib. Aparıcının prodüseri olar? Düzdü, yanımda Elvin adlı oğlan var. Rayonlara onunla gedirəm. Yolda təkər partlayar, başqa hadisə baş verərsə, mənə həyan olsun.

- Rayon toylarına tez-tez gedirsiz… Toylara baha getdiyinizi söyləyirlər…

- Toylara aparıcı kimi gedirəm, şeirlər deyirəm. Mənə elə gəlir ki, bu işi bacarıram. Baxın, əgər məni bəyənməsələr, ikinci dəfə toylarına dəvət etməzlər. Mən özümü efirdə reklam etmirəm ki? Məni toyda görüb bəyənirlər, toydan toy tutmaq məsəlini bura aid etmək olar. Qaldı ki, toya baha getməyim düzgün söhbət deyil. İndiyənə kimi qiymət söhbəti eləməmişəm. Bərəkətə and olsun ki, kim nə verirsə, onunla qane oluram. Azından az, çoxundan çox. Vay o gündən ki, səni istəməsinlər. Onda sən batarsan… Deyirlər ki, 5 min manata toya gedirəm. Camaat 5 min manatı qazanmaq üçün 5 il işləyir. Sən nədən danışırsan? 100-200 manat versə belə şükür etməlisən. Mənə maksimum 1000 manat veriləndə özümü itirirəm, adam düşünür ki, sənə yaxşı hörmət ediblər. O gün bir müğənniyə zəng vurmuşam. Ay Allah, adam dəhşətə gəlir. Mənə deyir ki, bütov toya 15 min manata gələrəm. 15 min manat eee… 15 minə gedən müğənnilər var, öz çəkilərini qoruyub saxlayıblar, halalıdır. Ə, sən hansı gününə bu qədər pul istəyirsən? Biri də deyir ki, özümə qiymət qoyuram- 50 min manat… Ayə, sənin gör 5 manat qiymətin var? Yoxdu axı… İndi mən toya 3 min manata getdiyimi deyim. İnanın ki, o zaman camaatın gözündə düşürsən. O gün musiqiçilərdən biri mənə irad bildirdi ki, sən Hacıqabulun filan kəndində də olmusan. Necə risk elədiyimi soruşurlar. Mən də dedim ki, niyə? Oradakılar başqa vətəndaşdı? Deyirlər ki, o ərazilər dava yaradan yerlərdi. Deməli, sən qorxursan, ünsiyyət yarada bilmirsən… İçki aləmidi, o qədər yaxınlaşan olub ki… O gün bir nəfər toyun axırına kimi məni qaralamışdı. Axıra qədər ona can dedim. Yaşlı anası mənə yaxınlaşıb dedi ki, Allah sənə necə səbir verib? Bu iş sənindirsə, belə şeyləri udmalısan. Özünə götürmüsənsə, get başqa sənət seç, bu işi davam eləmə… O ərazidə indoneziyalılar yaşayır? Hamısı azərbaycanlılardır.



- 4 ildir ki, Space TV – nin əməkdaşısız. Başqa kanallardan sizə əməkdaşlıq bağlı hər hansı bir təklif gəlib?
 
- Belə bir şey olub. “Sevimli şou” bağlananda bir kanal mənə iş təklifi etdi. Bunu yüksək dəyərləndirdim, minnətdarlığımı bildirdim. “Space” mənə doğmadır, bura adət etmişəm. Rəhbərlikdən müsbət münasibət görmüşəm, can deyib, can eşidirəm. Mən harda olsam, özümü dolandırmaq üçün hər şey edəcəm. Bəlkə, sabah səsim tutuldu? Mən bəzi adamlar kimi, burnumu kəsdirsəm, qaşımı aldırsam, botoks vurdursam bədbəxt olacam. Səsim tutulsa, səhəri gedib daş daşıya bilməyəcəm. Ağzı qara fəhlələr məni qəbul etməyəcək. Atam da fəhlə olub. Silikonlu insan görəcəklər… İnsan özü kimi olmalıdır.