"Gülər Həsənlini polis idarəsinə gətirə bilmirdilər"

"Gülər Həsənlini polis idarəsinə gətirə bilmirdilər"
3347 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyevin şikayəti əsasında aparıcı Kamran Həsənliyə qarşı başladılan cinayət işinin istintaqı Nərimanov rayon prokurorluğundan alınıb.

Bu haqda Axşam.az-a ifaçının vəkili Ceyhun Yusifov xəbər verib. O, istintaqın bundan sonra DİN-nin Bakı şəhər baş polis idarəsinin ağır cinayətlər üzrə istintaq idarəsində aparılacağını bildirib:

“Kamran Həsənli barədə başlanılmış cinayət işinin xüsusiyyətlərini nəzərə alaraq, yaradılmış maneələrə əsasən, cinayət işi Nərimanov rayonu istintaq idarəsindən alınaraq, baxılması üçün DİN-nin Bakı şəhər baş polis idarəsinin ağır cinayətlər üzrə istintaq idarəsinə təhvil verilib. Artıq bu işlə bağlı heç bir təsirlər və maneələr yaradıla bilməyəcək. Çünki bu idarədən cinayət işi xitama getmir. Bundan əvvəlki istintaq o qədər zəif aparılırdı ki, işin əsas icraçılarından biri Gülər Həsənlini belə polis idarəsinə gətirə bilmirdilər. Hüquq Kamran Həsənli qarşısında sanki aciz qalmışdı. Artıq növbəti həftədən cinayət işinin araşdırılması DİN-nin Bakı Baş Polis İdarəsinin ağır cinayətlərə dair istintaq şöbəsində aparılacaq”.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.