Retro Maşın Klubundan reportaj

Retro Maşın Klubundan reportaj
3899 dəfə oxunub
  • A-
  • A
  • A+
“Pobeda-mobeda bilmirəm,
Moskviçə minmirəm,
ZİM qapıya gəlməsə,
Bəy evinə get-mi-rəm...”.


Axşam.az musavat.com-a istinadən Bakıdakı Retro Maşın Klubundan reportajı təqdim edir:

Elə bilirsiz, iki ayağını bir başmağa dirəyib, dədəsi evindən hansı maşınla çıxacağını seçən nişanlı qızlar 60-cı illərdə, elə bu misraların yarandığı vaxtda qalıb? Nə olsun ki, 21-ci əsrdəyik, az qala uçan maşın da ixtira olunub. Artıq “Galenvagen”lə, "JEEP"-lə, üstüaçıq maşınla gəlin getmək sıradan, boz olay sayılır. İnsan təbiəti nostaljiyə meylliliyi ilə məşhurdu.

Lüks, prestij, zamanla ayaqlaşma... bir yerə qədər. Retro həvəskarları üçün dünyada minlərlə klublar var. Retro mahnı həvəskarları, retro film fanatları, geyimlər, aksesuarlar...

ALEN DELONUN SÜRDÜYÜ MAŞIN BİLƏCƏRİDƏ?
 
Və əsas məsələlərdən biri retro maşınlar. 60-70-ci illərin filmlərində forsu yerə-göyə sığmayan aktyorların idarə etdiyi iri, gözoxşayan maşınlar kimin yadından çıxıb? Merlin Monrolar, Alen Delonlar... hansı birini sadalayım? O filmlərlə böyüyən nəsil yaxşı bilir - hər kəsin röyasına girib o dördayaqlı möcüzə. Hələ anamın məni dünyaya gətirdiyi günün təsvir hekayəsindəki retro maşın:

“Atan bir gün əvvəl qıpqırmızı bir Moskviç almışdı. Səni xəstəxanadan onunla çıxardıq. Bütün həkimlər pəncərədən baxırdı...”.

Dedim axı, 60-70-lərin qürur hekayəsinin baş qəhrəmanıdır retro arabalar. Hər ailədə 3 maşının olmadığı, 5 ailədən birinə dördayaqlı möcüzənin pay düşdüyü zamandan danışırıq, unutmayın. İndi arada-bərədə, yolda “Pobeda” markalı gəlin maşınlarını görəndə dodağımıza qonan gülüş də bu üzdəndir.

Bu günə qədər bilmirdim, yeni öyrəndim – sən demə Bakıda Retro Maşın Klubu var. Retro maşın sahibkarları bura üzv olublar, burda retro maşınlar satılır, kirayəyə verilir. Üstəgəl, içəridə retro əşyaların nümayiş olunduğu muzey də var. Özü isə şəhərin Biləcəri qəsəbəsində yerləşir. Qəsəbə camaatının “o tay” adlandırdığı, “Ağ Saray” restoranından bir qədər aralıda. İçəri girən kimi özünü ağ-qara filmlərdən birinin qəhrəmanı kimi hiss edirsən. Hər tərəfdə retro maşınlar, retro aksesuarların sərgiləndiyi guşə, restoran...

RETRO MAŞINI DA VERİRLƏR, ÜSTÜNDƏ SÜRÜCÜNÜ DƏ – 300 MANATA...

2002-ci ildə retro-maşın həvəskarları tərəfindən təsis olunan klubun hazırda 80-ə yaxın üzvü var. Burada Rusiya ilə yanaşı, Almaniya, İtaliya, İngiltərə və Fransa istehsalı olan maşınlar var. Klub üzvlərinin hamısı sırf retro-maşın sahibi deyillər. Belə avtomobillərə aid şəkilləri, modelləri, ədəbiyyatı toplayanlar da buranın üzvləridir. Klub bir neçə il öncədən rəsmi muzey statusu daşıyır. Klubun rəhbərliyi gələcəkdə üzvlərinin sayının artırmas üçün buranın açıq olduğunu deyir. Retro maşını olan istənilən şəxs kluba müraciət edib oranın üzvü ola bilər.

Həftə sonu olduğunu nəzərə alıb, kluba bir baş çəkmək istədik. Jurnalist kimi yox, sadə vətəndaş kimi. Retro maşın həvəskarı olaraq maraqlandıq ki, görəsən bu məkanda həvəskarlara nələr təqdim olunur. Fotolardan da görürsüz, o qədər də iri məkan sayılmaz. Biz olduğumuz zaman içəridə 5 maşın var idi. Onları icarəyə verirdilər.
 
“Moskviç”, “Zaporojest”, BMV... 3-4 saatlıq kirayəsi 300 manatdır. Maşınların bəzilər Moskvadan gətirilib, bəziləri Astanadan. Maşınları əsasən toy, klip çəkilişi üçün icarəyə verirlər. Üstəlik, üstündə sürücüsü ilə. Çünki mexanika, üstəlik Sovet dövrünün maşınını Bakı tıxacında heç də hamı məharətlə idarə edə bilməz. Ona görə də sürücü səliqəli şəkildə geyinir, toy, çəkiliş, nişan kimi tədbirlərdə arzuedənləri mənzil başına aparıb gətirir.

Klubda olanda maraqlanırıq. Məlum olur ki, müasir gəlinlər daha çox Buick modelli maşınlara üstünlük verir. Maşinlara nəzarət edən işçi bunun səbəbini belə izah edir:

“Təsəvvür edin, bu maşında gəlin gedir və bütün yoldakı maşınlar dayanıb onlara baxır. Axı qızlar diqqət mərkəzində olmağı sevir. Bundan böyük diqqət mərkəzi? (gülür) Üstəlik, qızlar nostalji filmlərə meylli olurlar. O filmlərdə də bu maşınlar göz oxşayır”.
 
KLUBUN ƏN CAVANI - 1965-Cİ İLİN “ZAZ”I...

Amma klubun öz maşınları var. Klubun ən “cavan” avtomobili 1965-ci ilin “Zaz”ı, ən yaşlısı isə 1937-ci ilin "BMW"-sidir. Retro kateqoriyasına aid olan avtomobillər təxminən 1974-1975-ci ilə qədər olan avtomobillərdir. Klubda 1935-ci ilin də maşını var.

Ən qədim avtomobil 1937-ci il istehsalı olan "BMW" 328 kabriolet modelidir və qiyməti təxminən 55 000 manatdır. Tünd qırmızı rəngli bu model həqiqətən də nostalji hisslər doğurur. Kluba ilk gətirilən avtomobil isə 1969-cu il istehsalı olan QAZ 21-dir. İndiki qiyməti 14 000 manatdır. Əllinci illərin istehsalı olan Zaporojeç 965 isə klubda yenidən bərpa olunub və saz vəziyyətə salınıb. Klubda bir yox, bir neçə Zaporojeç var.

İkinci ən qədim avtomobil 1938-ci ildə Almaniyada istehsal olunan "Buick" modelidir. Qara rəngli "Buick" zamanında alman məmurlarının sürdüyü avtomobillərin sırasında yer alıb. Üstəgəl, klub rəsmi muzey statusu alandan sonra.

RETRO MAŞINLAR YÜRÜŞƏ ÇIXANDA…

Mətbuatdan da izlədiyimiz kimi, retro maşınların zaman-zaman yürüşləri olur. Daha çox 9 may, 28 may, eləcə də Heydər Əliyevin doğum günü ilə bağlı yürüşə çıxırlar, Amma yürüşlər Nəqliyyat Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçirilir. Çünki kortejdə hər hansı problem yaranmamasının qarşısını məhz polis müşayiəti alır.

Klub rəhbərliyi isə zaman-zaman rayonlarda qarşısına çıxan köhnə avtomobil yiyələri ilə danışır, onları klub üzvlüyünə dəvət edir.