"O olmasaydı, indi o biri dünyada idim" - Fatimə

"O olmasaydı, indi o biri dünyada idim" -  Fatimə
3092 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bizi qınayanlara demək istəyirəm ki, o sözləri özümə götürmədim. Mən ürəyimdən gələn işi gördüm. Sabahısı təklif gəlsə, yenə bayrağı götürüb əsgərlərin yanına qaçacam”.

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. O, cəbhə bölgəsinə getməsini reklamla əlaqələndirənlərə sərt cavab verib:

“Mən qadınam, gedib pulemyotu götürüb döyüşə bilmərəm, çünki bacarmıram. Həkimlikdən başım çıxır, kiminsə yarasın sarıyar, iynəsin vurar, yemək bişirər, qabları yuya bilərəm. Bir də rəqs edərəm. Buna görə də nazirliyin təşkil etdiyi konsertdə mənə də təklif gəldi və sevə-sevə qəbul etdim. Gedib orada oynayıb, əsgərlərin ürəyini açmağın nəyi pisdir? Hər kəsin öz fikri var. Bacarırlarsa, gedib özləri də etsin. Bizi şəkil üçün qınadılar. Nə edək, biz sənətçilər şəkil xəstəsiyik də... Özümüzü bununla reklam etmək fikrimiz yoxdur. Biz elə bir ərazidə idik ki, telefonu belə qoymurdular açıq saxlayaq. Deyirdilər, düşmənlər siqnalla yerimizi tapa bilərdilər”.

F.Fətəliyeva həmkarlarını bir olmağa səsləyib:

“Biz bir olmalıyıq, bir-birimizi tənqid etməməliyik. İndi başlayıb hamı bir-birini qınasın? Mənim ilham pərim rəqslərimdir. O olmasaydı, indi o biri dünyada idim. Mənim bu gün olan həyat problemlərimlə yaşamaq olmaz. Oynayaraq, müalicə alıram”.