Xalq artisti sonuncu dəfə səhnəyə çıxacaq - fotolar

Xalq artisti sonuncu dəfə səhnəyə çıxacaq -  fotolar
2231 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, Respublika Prezidentinin fəxri mükafatçısı, “Qızıl dərviş” və “Zirvə” mükafatlarının laureatı Kamilla Hüseynova mayın 11-də sonuncu dəfə səhnəyə çıxacaq.

Axşam.az-ın məlumatına görə, o, N.Rimski-Korsakovun “Şəhrizad” baletinin tamaşasında Zübeydə rolunu canlandıracaq.

1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən Kamilla 20 il ərzində truppanın aparıcı solisti olub. O, repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edib. Azərbaycanlı baletsevərlərlə yanaşı onun çıxışlarını bir sıra xarici ölkələrin teatr səhnələrində - Rusiya Akademik Böyük Teatrı (Moskva), Mariinski adına Opera və Balet Teatrı (Sankt-Peterburq), İstanbul və Ankara, Paris və Strasburq, Belorus Akademik Böyük Opera və Balet Teatrı (Minsk), Pribaltika və çexiyalı tamaşaçılar izləyib.

K.Hüseynova artıq estafeti öz gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da, teatrdan uzaqlaşmayacaq. O hazırda teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır. Bütün fəaliyyəti Azərbaycan milli baletinin yaşaması və inkişafına yönəlibdir.