Məşhur orkestr Üzeyir Hacıbəylinin əsərini ifa etdi

Məşhur orkestr Üzeyir Hacıbəylinin əsərini ifa etdi
216 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edib.

Mərkəzin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunub.

Konsertdə virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edib.

Bir saatdan artıq davam edən proqramda tamaşaçılar məşhur orkestrin ifasında dünya klassik musiqisinin incilərini dinləyib, zövqlü anlar yaşayıblar.

Ferens List Kamera Orkestrinin azərbaycanlı pərəstişkarları üçün sürprizi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini ifa etməsi olub. Musiqi kollektivi Azərbaycan klassikasını tamaşaçılara özünəməxsus üslubda təqdim edib. Klassik musiqi gecəsində orkestrin hər bir ifası tamaşaçı alqışı ilə qarşılanıb. Solist, skripkaçı Yojef Lendvay qeyd edib ki, orkestrin bir ənənəsi var: hər hansı bir səfərdə konsert proqramı ilə çıxış edəndə orkestr çalışır ki, həmin ölkənin məşhur bir əsərini ifa etsin. "Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini ifa etmək bizim üçün böyük şərəfdir. Mən bizim orkestrin ifasında həmin əsəri eşidəndə, sizin musiqi irsinizin, qədim xalqınızın və mədəniyyətinizin möhtəşəmliyini hiss etdim." Xatırladaq ki, Ferens List Kamera Orkestri 2011-ci ildə Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Kollektiv Azərbaycan musiqisi, o cümlədən dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə məhz həmin səfər zamanı yaxından tanış olub.

Qeyd edək ki, Ferens List Kamera Orkestrini 1963-cü ildə görkəmli bəstəkar və pianoçunun adını daşıyan Budapeşt Musiqi Akademiyasının məzunları yaradıb. Musiqi kollektivinin belə adlandırılması təsadüfi deyil, çünki Ferens List adı hər kəsdə Macarıstan və onun musiqi ənənələrinə bağlılıq assosiasiyası yaradır. Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestri öz vətənində çoxsaylı mükafatlara, həmçinin Parisdə "Grand Prix du Disque" mükafatına layiq görülüb, indiyədək 200-dən çox disk yazdırıb. Kollektiv 50-dən çox ölkədə çıxış edib.

Yojef Lendvay isə müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə Budapeştdə anadan olub, Ferens List adına Budapeşt Musiqi Akademiyasında təhsil alıb. O, bir çox mükafat və təqaüdlərlə, o cümlədən Macarıstanın "Qızıl Xaç" medalı ilə təltif olunub.