Paskal Konte və “Səyyah kvarteti” Heydər Əliyev Mərkəzində - fotolar

Paskal Konte və “Səyyah kvarteti” Heydər Əliyev Mərkəzində - fotolar
923 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte və “Səyyah kvarteti” möhtəşəm konsert proqramı ilə çıxış edib.

Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Latın inciləri” adlı konsertdə məşhur tanqo musiqiləri tamaşaçılara yeni tərzdə və aranjimanda təqdim olunub. İki saatadək davam edən proqramda Qrasiela Puelo, Tomas Bordalexo, Avqustin Bardi, Karlos Qardel, Vensan Paskye və s. bəstəkarların əsərləri səsləndirilib. Ecazkar tanqo melodiyalarının sədaları altında peşəkar rəqqasların nümayiş etdirdiyi rəqs nömrələri konsertin ahənginə maraqlı ovqat qatıb.

İfalarını tamaşaçılarla ünsiyyət quraraq təqdim edən musiqiçilər konsertin təşkilində göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Qeyd edək ki, indiyədək bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.

Akkordeon ustası Paskal Konte 20 ildən artıqdır ki, Fransada müasir musiqinin yaradılmasında aparıcı rol oynayır. 300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır. Paskal Konte Luçano Berio, Bernard Kavanna, Coşua Faynberq (ABŞ), Jan Franse, Bruno Mantovani və Martin Matalon (Fransa) kimi bəstəkarlarla çalışıb. Paskal Konte, həmçinin teatr üçün musiqilər bəstələyib.

Konsertdə, həmçinin “Səyyah kvarteti”nin üzvləri – An Qravuan , Matild Sterna , David Braçini və Vinsan Paskienin yüksək ovqatlı çıxışları tamaşaçıların rəğbətinə səbəb olub. Skripkaçı An Qravuan Parisin Musiqi Konservatoriyasının əsas mükafatına layiq görülüb. 1986-cı ildə Veronik Fizman ilə birgə skripka və piano üçün “Sans Tambour ni Trompette” adlı sonata bəstələyib.

An Qravuan 25 ildən artıqdır böyük simfonik, eləcə də kiçik kamera orkestrləri ilə birgə konsertlər verir. Violonçel ifaçısı Matild Sterna Paris Milli Konservatoriyasının violonçel və kamera musiqisi üzrə əsas mükafatına layiq görülüb. Səhnədə bir çox tanınmış musiqiçiləri müşayiət edən ifaçı, həmçinin albomların yazılmasında iştirak edir, teatr üçün musiqilər bəstələyir, kvartetlər üçün simli alətlər üzrə aranjimanlar edir. Skripkaçı David Braçini Bastiya, Paris və Lozanna konservatoriyalarında təhsil alıb. 1996-cı ildən 2000-ci ilədək Avropa İttifaqı Kamera Orkestrinin üzvü olub və dünyanın müxtəlif ölkələrində çıxış edib. O, müxtəlif ansamblların tərkibində ifa edir. David Braçini 2008-ci ildən Paris Orkestrinin üzvüdür. Kontrabas ifaçısı Vinsan Paskie də Paris Orkestrinin solistidir, həmçinin bəstəkar kimi fəaliyyət göstərir. Paris Milli Konservatoriyasının əsas mükafatına layiq görülüb. O, Finlandiya, Niderland, Norveç, İspaniya, İtaliya, ABŞ və Fransada solo konsertlər verib və ustad dərsləri keçib.