Azərbaycanlı müğənnini döyüb atasını öldürən şəxs şikayət etdi

Azərbaycanlı müğənnini döyüb atasını öldürən şəxs şikayət etdi
3249 dəfə oxunub
  • A-
  • A
  • A+
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Şamil Abdulla oğlu Əhmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

Axşam.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2013-cü il iyun ayının 18-də Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada baş verib. Bir müddət əvvəl həyat yoldaşı Təranə Hüseynovadan ayrılan Əhmədov Şamil Abdulla oğlu onunla barışmaq üçün yaşadığı ünvana gəlib. Ş.Əhmədov keçmiş həyat yoldaşını zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb. O, keçmiş həyat yoldaşını azyaşlı qızlarının gözü önündə döyüb. Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Ş.Əhmədov Rusiya Federasiyasına qaçıb. O, bir müddət sonra Sumqayıt şəhər hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Rusiyada tutulan Ş.Əhmədov Azərbaycana təhvil verilib.

Ş.Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən ittiham olunub.

Bu il mart ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Ş.Əhmədov bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, T.Hüseynova müğənnidir.