"Mütaliəli aparıcılarımız çox deyil" - Dilarə Səlimova

"Mütaliəli aparıcılarımız çox deyil" - Dilarə Səlimova
3096 dəfə oxunub
  • A-
  • A
  • A+
Kulis.Az-ın kitabla bağlı suallarını telejurnalist Dilarə Səlim cavablandırıb.

Axşam.az həmin müsahibəni təqdim edir.
 
- Uşaqlıqdan və indi oxuduğunuz kitablar hansılardır? Nələr qalıb yadınızda?
 
- Mən rus bölməsində oxuduğum üçün demək olar ki, bütün rus və bir çox dünya klassiklərini  məktəbdə oxumuşam.
 
- Heç kitab oğurladınızmı?
 
- Məktəb kitabxanasından Pasternakın “Doktor Jivaqo”sunu alıb geri qaytarmamışam.
 
- Şəxsi kitabxananız var?
 
- Böyük kitabxanam var. Atamdan qalan və sonra da özüm aldığım kitablardır. “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından olan kitablara abunə yazılmışam. 150 kitabdan ibarətdir.
 
- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?
 
- Var. Marsel Prustun “İtirilmiş zamanın axtarışında”. Hələ də bitirməmişəm.
 
- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?
 
- Təəssüflər olsun ki, dərs kitablarım qalmayıb. Lakin universitetdə yazdığım mühazirələr hələ də durur.
 
- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?
 
- Yazı yazmağı.
 
- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?
 
- Kağızdan və ya dəridən olan kitab arası (zakladka) qoyuram.
 
- Şeir əzbərləyirsiniz?
 
- Məktəb vaxtından əzbərlədiyim şeirlərin çoxu yadımdadır.
 
- İlk oxuduğunuz kitab yadınızdadır?
 
- Puşkin “Qızıl xoruz haqqında nağıl”. İlk roman M.Rid “Başsız atlı”
 
- Kitab bağışlamısınız?
 
- Çox.
 
- Sizcə, aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?
 
- Savadlı, bilikli və məlumatlı olmalıdır.
 
- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?
 
- Hal-hazırda Yasunari Kavabatanın “Qarlı diyar”ını oxuyuram.
 
- Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz?
 
- Vaxtını səmərəli və faydalı istifadə edən adam olduğunu düşünürəm.
 
- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?
 
- Zənnimcə, var, lakin çox deyillər.
 
- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...
 
- Bir vaxtlar hekayə və şeir yazmışam.
 
- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?
 
- Afaq Məsud, Aqşin Yenisey, Seymur Baycan, Səlim Babullaoğlu, Çingiz Abdullayev.
 
- Svetlana Aleksiyeviçi tanıyırsız?
 
- Belarus yazıçısı və Nobel mükafatçısı olduğunu bilirəm. Amma təəssüflər olsun ki, heç bir əsərini oxumamışam.

- Səmavi kitablardan hansıları oxumusunuz?
 
- İncili və Quranı. Amma hələ də oxumuş və ələlxüsus da dərk etmiş sayılmıram.
 
- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.
 
- Çox mütaliə edin, amma hər şeyi oxumayın. “Oxuyan insan - düşünən insandır” deyirlər. Hər zaman düşünməyi arzulayıram!