Hamilələrin 5 şikayətinə çarə

Hamilələrin 5 şikayətinə çarə
5643 dəfə oxunub
  • A-
  • A
  • A+
Xanımlar hamiləlik zamanı bədəndə yaranan fizioloji, hormonal dəyişikliklər səbəbindən bir sıra problemlər yaşayır.

Axşam.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ürək bulanması, qusma, bel ağrısı, halsızlıq, mədədə yanma və qəbizliyi buna misal çəkmək olar. Bu problemlər bəzi hamilələrdə yüngül seyr edilərkən, bəzilərində ciddi narahatlığa səbəb olur. Lazımı tədbirlər görməklə, bunlardan yaxa qurtarmaq mümkündür.

Doğum mütəxəssisi Belgin Selam, hamiləlikdə ən sıx rast gəlinən 5 şikayətdən söz açaraq, bu problemlərdən xilas olmağın yolunu açıqlayıb. 

1.Ürək bulanması və qusma
 
Ürək bulanması və qusma səhərlər daha tez-tez olmaqla, günün hər saatında baş verə bilər. Adətən ilk hamiləlikdə, gənc qadınlarda və əkiz hamilələrdə daha şiddətli olur. Ürək bulanması, 4 - 8 həftədə başlayır və 14 - 16 həftə arasında azalır. Lakin bəzi hamilələrdə 3-cü aydan sonra başlaya və bəzilərində də bütün hamiləlik müddətində davam edə bilər.

Nə etməlisiniz?

Səhər yataqdan qalxmadan dəmli çay için. Yataqdaykən suxarı yeyin. Səhərlər yataqdan ani şəkildə durmayın. Hamiləliyin erkən dövründə tez-tez görülən yorğunluqda ürək bulanmasını şiddətləndirə bilir. Dincəlməyə çalışın. Mədəni tamamilə boş və ya dolu saxlamaq ürək bulanmasını artıra bilər. Gün ərzində tez-tez və az şəkildə qidalanın. Yemək zamanı az maye qəbul etmək ürək bulanması probleminizin yüngülləşməsinə kömək olacaq. Qatı, quru, yağsız və duzlu qidalara üstünlük verin. Şirniyyat və ya meyvə yeyərkən bulantı olmursa, bunları da qəbul edə bilərsiniz. Xoş olmayan qoxu və yeməklərdən çəkinin.

Xüsusilə, mətbəx qoxularından və ağır ətirlərdən uzaq olun. Bütün tədbirlərə baxmayaraq ürək bulanması keçmirsə, həkiminizə müraciət edin. Dərman müalicəsi və ya bir müddət xəstəxanada yatmağınız məsləhətdir.

2.Kürək və bel ağrısı

Hamiləlikdə hormonların təsirindən oynaqlarda zəifləmə və xüsusən sonrakı hamiləlik həftələrində qarının böyüməsi nəticəsində bel ağrıları olur. Yeriş, əyilmə, ya da yük qaldırma hərəkətləri də yüngül dərəcəli ağrılara səbəb olur. Hamiləliyin orta aylarında kürək və bel ağrısının şiddəti artır. Bəzi qadınlarda hamiləlikdən sonra da daimi şikayətlər davam edir.
 
Nə etməlisiniz?

Hamiləlikdə aşağı doğru hərəkət edərkən, beldən əyilmək əvəzinə, diz oynaqlarınızı istifadə edə bilərsiniz. Oturarkən belinizi söykəyəcək yastıqdan istifadə etməyə çalışın. Hündür dabanlı ayaqqabılar əvəzinə ortopedik, dabanı kiçik olan ayaqqabılara üstünlük verin. Ağır əşyalar qaldırmayın. Uzun müddət ayaq üstə durmayın. Yatağınızı çox yumşaq etməyin. Ağrı zamanı yüngül ağrıkəsici istifadə edə bilrəsiz. Gündəlik 30-40 dəqiqə yürüş, yoqa və üzgüçülük kimi məşğuliyyətlər övladınızın və özünüzün rahatlığı və sağlamlığı üçün əhəmiyyətlidir.

3. Halsızlıq

Hamiləliyin ilk həftələrindən başlayaraq yorğunluq və yuxu ehtiyacı hiss olunur. Belgin Selam bu problemin əsasən hormonlardakı dəyişikliklə əlaqələndirir. Sonrakı həftələrdə yuxu ehtiyacı nisbətən azalır. Hamiləliyin son aylarında yuxu daha da azalır. Ayaqlarda şişlər və ağrılar çoxalır. Qanazlığı problemi varsa, dəmir və B12 vitamini qəbul etməyiniz vacibdir.
 
Nə etməlisiniz?

Hamiləliyin ilk həftələrində artan yuxu ehtiyacını təbii olaraq qəbul etməlisiniz. İrəliləyən həftələrdə gecə yuxusuz qalmısınızsa, gündüz mütləq yatın ki, yuxu ehtiyacınızı ödəyəsiniz.

4. Mədədə yanma

Hamiləlikdə ən sıx görülən şikayətlərdən biri mədədə yanma hallarıdır. Hamilələrin çoxunda bu problemə rast gəlmək mümkündür. Bətnin böyüməsi mədəyə təzyiq edərək, yuxarı doğru itələyir. Progesteron hormonunun təsiri ilə yemək borusunun alt hissəsindəki əzələlərdə zəifləmə müşahidə olunur.

Nə etməlisiniz?

Az miqdarda yeməyə üstünlük verin. Yeməkdən dərhal sonra uzanaraq istirahət etməyin. Çarpayınızın baş tərəfini yüksəldin. Lazım gələrsə yeməklərdən sonra lazımı həblər qəbul edə bilərsiz.

5. Qəbizlik

Qəbizlik də hamiləlikdə sıx görülən problemdir. Hormonların təsiri bağırsaq hərəkətini azaldır. Uşağın bağırsaqlar üzərinə doğru hərəkəti çoxalır. Hamiləlikdə dəmir qəbulu da, bağırsaqların hərəkətliliyinə təsir göstərir.

Nə etməlisiniz?
Maye qəbulu bağırsaq hərəkətlərinin intensivliyinə və qəbizliyin qarşısını almağa kömək edir. Gündə 1-2 litr maye, eyni zamanda süd və ayran kimi içkilərə üstünlük verin. Tərəvəz, salat və meyvələr qəbul edin. Hərəkətdə olmaq qəbizliyi aradan qaldırmağa kömək edir. Lazım gələrsə arada yüngül həblərdən istifadə edin.