Teatr səhnəsində “Ağ ölüm"

Teatr səhnəsində “Ağ ölüm"
534 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Texniki Humanitar Liseyin birgə layihəsi çərçivəsində tədbir keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildiriblər ki, tədbirdə çıxış edən Əməkdar Artist Ötkəm İskəndərov insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan narkotik vasitələr haqqında danışıb. Texniki Humanitar Liseyinin ingilis dili müəllimi Axirə Salmanova bu gün dünyanı narahat edən, cinayətkarlığın artmasına səbəb olan narkotik maddələr və onların gətirdiyi bəlalardan bəhs edərək tədbir iştirakçılarını bu xəstəlikdən uzaq durmağa çağırıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq, Gənc Tamaşaçılar Teatrında V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşası nümayiş etdirilib.

Teatr-məktəb əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihənin əsas məqsədi məktəblilərin bu istiqamətdə maarifləndirilməsidir.

Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa ediblər.